Pərvin Kərimzadə: Konstitusiyanın hər bir müddəası xalqa xidmət edir

Konstitusiyamız ölkəmizdə vətəndaş həmrəyliyini təmin edən, milli birliyimizi yaradan, həmçinin bütün sonrakı dövrlər üçün inkişafımızı şərtləndirən ali hüquqi qüvvəyə malik əsas sənəddir.

XALQ.AZ xəbər verir ki, bunu Gəncə Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru, Milli Məclisin deputatı Pərvin Kərimzadə 12 noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü ilə bağlı Universitetinin professor-müəllim və tələbə heyətinin iştirakı ilə keçirilən yığıncaqda bildirib.

Azərbaycanın ali hüquqi qüvvəyə malik əsas sənədi və tarixi qələbələrimizin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikasının Konstitusiyasının qəbulu üçün yaranmış şəraitdən, bu sənədin qəbulunda ümummilli lider Heydər Əliyevin gərgin əməyindən, həmçinin noyabrın 12-nin Azərbaycan Respublikasının Konstitusiya Günü kimi qeyd olunmasının əhəmiyyətindən danışan millət vəkili qeyd edib ki, Azərbaycan Konstitusiyası müasir dünya konstitusiyaları içərisində quruluşca ən mükəmməli, məzmunca ən demokratiki olmaqla Heydər Əliyev ideyalarının təntənəsi, Azərbaycan dövlətçiliyinin əbədilik göstəricisidir.

Bu gün gündən-günə inkişaf edən hüquqi, dünyəvi, demokratik və unitar  bir dövlətin müstəqil ölkənin vətandaşı olduğumuz üçün fəxr edirik. Əldə olunan möhtəşəm uğurlar ulu öndər Heydər Əliyevin müəllifliyi ilə demokratik prinsiplər və dərin milli zəmin üzərində hazırlanaraq referendum yolu ilə qəbul edilən müstəqil Azərbaycan  Respublikasının ilk Milli Konstitusiyanın nəticəsidir. Çünki, Azərbaycan Respublikasının ən yüksək hüquqi qüvvəyə malik olan Ana Qanununda dövlətçiliyin möhkəmləndirilməsi və sivil cəmiyyətin formalaşması xalqın niyyəti kimi bəyan edib. Hüquqi dövlətimizin ali Qanunu- Konstitusiyamızın hər bir müddəası bu niyyətlərin reallaşdırılmasına xidmət edir- deyə millət vəkili qeyd edib.

12 Noyabr Konstitusiya Günü Azərbaycan xalqı üçün çox dəyərli olduğunu vurğulayan Pərvin Kərimzadə  bildirib ki, xalq 1995-ci il 12 noyabr tarixində  Konstitusiya layihəsinə səs verməklə,  bütövlükdə bu günkü demokratik, hüquqi, güclü Azərbaycan dövlətinə səs verib və əmin olub ki, müstəqil ölkəmiz daha möhtəşəm qələbələrə nail olacaq, daim yüksəlişə doğru addımlayacaq.

 

 

Orxan