“Pandemiya dövründə ilk növbədə insanların sağlamlığı əsas götürüldü”

“Təxminən 10 minə yaxın iş adamının faizlərinin dayandırılması koronavirus pandemiyasının zərərlərini yumuşaltmağa istiqamətlənmiş tədbirlərdən biridir”.

XALQ.AZ xəbər verir ki, bu sözlər açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin üzvü deputat Cavid Osmanov Mərkəzi Bankın 2020-ci ilin bir mart tarixinə keyfiyyəti qənaətbəxş olan və dövlət fondlarının vəsaitləri hesabına verilmiş biznes kreditlərn restrukturizasiyası imkanlarını nəzərdə tutan qərarını şərh edərkən deyib.

Millət vəkili vurğulayıb ki, Mərkəzi Bankın müvafiq qərarları ilə yanaşı bəzi tövsiyyələri də olmuşdur:

“Bütün bunlar həm sahibkarlara, həm də eyni zamanda digər vətəndaşlara aiddir və qərarlar bank kreditləri ilə bağlı olan digər məsələləri də özündə ehtiva edir. Koronavirus pandemiyası ilə mübarizə dövründə Azərbaycan dövləti ardıcıl olaraq bir çox tədbirlər həyata keçirdi. Bunun nəticəsi olaraq ölkəmizdə dünya ölkələri ilə müqayisədə koronavirus pandemiyası dövründə ilk növbədə insanların sağlamlığı əsas götürüldü və eyni zamanda bununla bərabər ölkə Prezidenti tərəfindən Azərbaycanın iqtisadiyyatının dayanıqlı və davamlı şəkildə müəyyənləşdirilməsi üçün bir çox tədbirlər görüldü. Bu istiqamətdə İşçi Qrupları da yaradıldı. Bu İşçi Qruplarından biri də Mərkəzi Bankın sədrinin rəhbərliyi ilə yaradılmışdır”.

Cavid Osmanov əlavə edib ki, Mərkəzi Bank tərəfindən verilən tövsiyyələr və qərarlar həm müəyyən mənada sahibkarların koronavirus pandemiyası ilə mübarizə dövründə dayanıqlı qalması məqsədi daşıyırdı:

“Təxminən 10 minə yaxın iş adamının faizlərinin dayandırılması, eyni zamanda əhalinin bank faizlərinin, burada biz daha böyük rəqəmlərdən danışa bilərik, bir müddətlik saxlanılması və bununla bağlı heç bir cərimələrin tətbiq edilməməsi koronavirus pandemiyasının zərərlərini yumuşaltmağa istiqamətlənmiş tədbirlərdir. Bunların hamısı iqtisadi sahələrə aid edilən məsələlərdir və eyni zamanda vətəndaşlarımızın, sahibkarların sosial təminatının yaxşılaşdırılması məqsədi daşıyır, bu da pandemiyaya qarşı aparılan tədbirlərin növbəti mərhələsidir”.

Deputat qeyd edib ki, artıq 2 gündür ki, yerli banklara müəyyən tövsiyyələr olunub, bu həm sadə vətəndaşların koronavirus pandemiyası ilə mübarizə dövründə sosial təminatlarının yaxşılaşdırılmasa yönəlib ki, hazırda əhalinin müəyyən bir qismi karantin rejiminin tətbiqi ilə bağlı çalışmır, eyni zamanda sahibkarlığın post-pandemiya dövründə də dayanıqlı olması məqsədinə istiqamətlənib.