Partiyanın kölgəsində gizlənirlər

2

 

“Ümumiyyətlə dünyada seçki sistemləri çoxdur. Buna misal olaraq proporsional, mojaritar, qarışıq seçki sistemlərini və s. göstərə bilərik”. Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov müxalifətin proporsional seçki sisteminin bərpasını istəməsinə münasibət bildirərkən deyib.

YAP İdarə Heyətinin üzvünün sözlərinə görə, proporsional seçki sisteminin özündə bir neçə forma mövcuddur: “Burada kim özünə layiqli namizədi seçibsə, siyahıda onun adını tapıb və öz səsini verir. Sonradan isə həmin siyahı səslərin verildiyi saya, hesaba görə sıralanır. Təbii ki, Azərbaycan da vaxtilə bu sitemin müxtəlif formalarından istifadə edib. Ölkəmizdə 1995-ci ildə Konstitusiya qəbul olunanda 125 deputatın 25-nin proporsional seçki sistemi əsasında, 100 nəfərin isə mojaritar qaydada seçilməsinə qərar verilmişdi”.

YAP rəsmisi sonradan mojaritar seçki sisteminin daha məqsədəuyğun olduğunu məhz bu seçki sisteminin reallaşdırıldığını xatırladıb: “Sonradan isə təcrübə göstərdi ki, mojaritar qaydada birbaşa təmsilçiliyə üstünlük vermək daha məqsədəuyğundur. Çünki bu, proporsional olduğu halda ümumi seçicilərlə bağlı rəy və təkliflərdir. Mojaritar olduğu halda isə konkret dairələrdən hansı dairədən ki, seçiciləri narahat edən rəylər və təkliflər olur. Dünyanın bir çox ölkələrində ABŞ-da, Kanadada, Yaponiyada və s. mojaritar sistem fəaliyyət göstərir. Məhz buna görə də mojaritar sistem seçki təcrübəsində özünü doğruldub”.

Siyavuş Novruzov müxalifətin proporsional seçki sisteminin bərpası istiqamətindəki səylərinə də aydınlıq gətirib: “Bəs gəlin görək, müxalifət proporsional seçki sisteminin bərpasını nəyə görə gündəmə gətirib? Sadəcə olaraq müxalifət “liderləri” mojaritar qaydada irəli sürülən namizədlərlə mübarizə apara bilmir. Çünki onlar daha çox seçici ilə işləyirlər və təbliğat-təşviqatlarını düzgün təşkil edirlər. Məhz bu baxımdan müxalifətçilər mojaritar seçki sistemi vasitəsilə neçə illərdir ki, seçilə bilmirlər. Yəni orada konkret olaraq fərdlər arasında mübarizə gedir. Ümumiyyətlə, müxalifət fərdlərarası mübarizəni partiyalararası mübarizəyə keçirmək fikrindədilər”.

“Bu şəxslər çalışırlar ki, partiyanın kölgəsində gizlənib onun hesabına Milli Məclisə keçirilən seçkilərdə qalib gəlsinlər”-deyə qeyd edən YAP İcra katibinin müavini son olaraq onu da bildirib ki, onların belə addımnları nəticəsiz qalır: “Təbii ki, partiyanın köməyi və dəstəyi var. Məsələn, bizdə partiya qaydasında namizədin irəli sürülməsi, ona imzanın toplanması, təbliğat-təşviqatın aparılması, partiya tərəfindən maliyyə məsələlərinə köməklik və s. bunların hər biri qanunvercilikdə, Seçki Məcəlləsində nəzərdə tutulub. Onlar sadəcə olaraq partiya pərdəsi altında gizlənib fərdi qaydada bilavasitə öz alternativlərindən deyil, manipulyasiya cəhdləri ilə mübarizə aparmaq istəyirlər. Başqa hallarda isə partiyalar üçün bütün şərait yaradılıb”.