Pensiyaçı direktor

14

 

Bütün əhalini susuz qoyan Kürdəmir Suvarma Sistemləri İdarəsinin rəisi 500 min manat cərimə olunacaq

Kürdəmir Suvarma Sistemləri İdarəsinin rəisi 500 min manat cərimələnə bilər. Buna səbəb idarə rəisi Talıb müəllimin bir sıra korrupsiya əməllərində adının hallanmasıdır.

İddia edilir ki, hələ bir müddət əvvəl Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbəri ƏhməD Əhmədzadə ilə Talıb müəllim arasında «kiçik» bir anlaşma olub. Həmin «kiçik» anlaşma isə ondan ibarətdir ki, Talıb müəllimin 68 yaşı olmasına baxmayaraq, Kürdəmir SSİ-nin rəhbəri postunda qalmaq üçün 80 min manat pul ödədiyi deyilir.

Həmin məlumatlarda vurğulanır ki, Kürdəmir SSİ faktiki olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hədəfinə düşüb. Bunun səbəbi kanalların təmizləmə işlərinin aparıldığı, lakin təmizləmə işlərinin aparılmasına dair qanunvericiliyə uyğun qaydada tələb olunan layihə sənədlərinin və dövlət ekoloji ekspertiza rəyinin olmamasıdır. Eyni zamanda, kanalların təmizlənməsi zamanı bir çox müxtəlif cinsli və diametrli ağac və kolların çıxarılaraq, məhv edilməsidir.

Bildirək ki, eyni qaydaları pozduğuna görə, ötən il Saatlı rayon Suvarma Sistemləri İdarəsi də cərimə edilmişdi. Həmin vaxt idarənin rəisi Tahir Rzayev qanunvericiliyə uyğun olaraq inzibati qaydada 582 min manat məbləğində cərimə olunmuşdu.

Məlumatda o da deyilir ki, rayonun müxtəlif kəndlərində əhali suvarma suyuna həsrətdir. Səbəbi isə dövlət büdcəsindən bu sahəyə ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməməsi, müəyyən məqamlarda yeyintiyə yol verilməsidir. Amma bütün bunlara rəğmən, Talıb müəllimlə bağlı heç bir tədbir görülməyib.

Kənd sakinləri bildirirlər ki, dəfələrlə məsələ qaldırsalar da, bir nəticə olmayıb. Üstəlik, susuzluq üzündən torpaqlarını belə doğru-düzgün becərə bilmirlər.

Bundan başqa, o da qeyd olunur ki, Kürdəmir Suvarma Sistemləri İdarəsində bir başqa qanunsuzluqlar da mövcuddur. O da idarədə adı olub, özü olmayanlarla bağlıdır. Adətən «canlı ölülər» kimi qeyd olunan bu prosesin tək xeyri idarə rəisinindir. Çünki o, işdə adı olub, özü olmayanların maaşlarını özünə götürərək, qazanc əldə edir. Elə Talıb müəllim də bu cür edərək, adı olub, özü olmayan işçilərin əmək haqqı kartlarını özündə saxlayır.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.