Piyadalar üçün yeni yeraltı keçid

Kecid

Bu günlərdə Fətəli Xan Xoyski küçəsində yeraltı piyada keçidin tikintisinə start verilib. Keçidin uzunluğu 120, eni 6, hündürlüyü isə 3 metrdir.

Hazırda sözügedən prospektdə ərazi hasarlanıb, qazıntı işləri gedir. Yaxın vaxtlarda betonlama və kommunikasiya xətlərinin köçürülməsi işlərinə başlanılacaq. Keçiddə hər tərəfdə biri olmaqla 2 eskalator quraşdırılacaq. Gün ərzində piyadaların hərəkətini izləyən kameralar da yerləşdiriləcək. Eyni zamanda, fiziki baxımından qüsuru olan insanların gediş-gəlişini asanlaşdırmaq üçün liftin quraşdırılması da nəzərdə tutulur.

“Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin sözlərinə görə, biz bir keçid tikməmişdən əvvəl monitorinqlər aparırıq: “Daha sonra həmin monitorinqlərin nəticəsinə əsasən tikinti işlərinə başlayırıq. Məhz maşınların hərəkətində çətinlik yaranmaması üçün yolda işlər növbəli şəkildə aparılır. Keçid bu ilin sonuna qədər hazır olacaq”.

Xatırladaq ki, Bakıda bu günə qədər 60-dan çox piyada keçidi tikilib istifadəyə verilib.