Polis İdarəsindən şok etiraf: “Müstəntiqi tapa bilmirik”

 

80

Qaradağ rayonu, Qızıldaş qəsəbəsində dekabrın 20-də baş verən kütləvi davada Oktay və Taleh Əsgərov qardaşlarına hücum edərək onları döyən şəxslər hələ saxlanmayıb.

Xatırladaq ki, Oktaya hücum edən 10-a yaxın şəxs daha sonra onun qardaşı Taleh Əsgərova da xəsarət yetirib, ikincinin çalışdığı mağazanı da dağıdıblar. Nəticədə Taleh bıçaq xəsarəti, Oktay isə kəllə-beyin travması ilə Musa Nağıyev adına Xəstəxanaya yerləşdirilib.

Lakin hadisədən 4 gün keçməsinə baxmayaraq, iki qardaşa xəsarət yetirən şəxslərlə bağlı heç bir tədbir görülməyib.

Qaradağ rayon Polis İdarəsindən “AzNews”-a bildirilib ki, işə 38-ci polis bölməsində baxılır. Lakin adıçəkilən polis şöbəsində kütləvi davaya səbəb olan şəxslərin saxlanması və ya istintaqa cəlb edilməsi barədə sual cavablandırılmayıb. Polis şöbəsindən AzNews.az-a bildirilib ki, bu sualı cavablandırmaq üçün səlahiyyətli şəxslər bölmədə yox, iş başındadır: “Ona görə də hər hansı məlumat ver bilmirik”.

İşi aparan Qaradağ rayon Polis İdarəsinin müstəntiqi Şövqi Əsgərovla əlaqə yaratmaq cəhdi də 2 gün ərzində baş tutmayıb. Polis İdarəsinin növbətçi hissəsindən də AzNews.az-a müstəntiqlə əlaqə yarada bilmədikləri vurğulanıb:

“Şövqi Əsgərovu heç biz də tapa bilmirik. Bizdə olan məlumata görə bu gün şəhər prokurorluğuna gedib. Orada isə telefondan istifadəyə icazə verilmir”.