Prezident Ilham Əliyevin Türkiyəyə rəsmi səfəri- YENİLƏNİB

01

 

Prezident İlham ƏliyevTürkiyə Respublikasına rəsmi səfərə yola düşmüşdür.

Dövlətimizin başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola saldılar.

 

******

07

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasına rəsmi səfərə gəlmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Türkiyə Respublikasına rəsmi səfərə gəlmişdir.
Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı Ankaranın “Esenboğa” hava limanında Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı qardaş ölkənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya gül dəstəsi təqdim edildi.

 

*****

 

55

İlham Əliyev Anıtqəbiri ziyarət etmişdir

 

Prezident İlham Əliyev Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəyə – Anıtqəbirə gəlmişdir.

Dövlət başçısı böyük Atatürkün məzarını ehtiramla ziyarət etdi.

Prezident İlham Əliyev Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoydu.

Türk dünyasının böyük oğlunun əziz xatirəsi yad edildi.

Sonra xatirə şəkilləri çəkdirildi.

Dövlət başçısı Xatirə kitabına ürək sözlərini yazdı.

 

 

*****

54

 

Azərbaycan, Türkiyə prezidentlərinin və xanımlarının birgə görüşü olmuşdur

 

Rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın, Türkiyə Respublikasının Prezidenti Abdullah Gül və xanımı Hayrünnisə Gülün birgə görüşü olmuşdur.

 

******

 

 

45

Çankaya köşkündə Azərbaycan və Türkiyə prezidentlərinin təltif edilməsi mərasimi olmuşdur

 

Çankaya köşkündə Azərbaycan və Türkiyə prezidentlərinin təltif edilməsi mərasimi olmuşdur.

Tədbirdə əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirildi.

Sonra Prezident İlham Əliyevin “Dövlət nişanı” ilə təltif olunmasına dair Türkiyə Nazirlər Kabinetinin qərarı və Prezident Abdullah Gülün “Heydər Əliyev” ordeni ilə təltif edilməsi barədə Azərbaycan Prezidentinin Sərəncamı oxundu.

Türkiyə Prezidenti “Dövlət nişanı”nı Prezident İlham Əliyevə təqdim etdi.

Azərbaycan Prezidenti “Heydər Əliyev” ordenini Türkiyə Prezidentinə təqdim etdi.

Türkiyə Prezidenti Abdulah Gül və Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış etdilər.

Sonda prezidentlər İlham Əliyev və Abdullah Gül, xanımları Mehriban Əliyeva və Hayrünnisə Gül xatirə şəkli çəkdirdilər.

Türkiyə Respublikasının ən ali mükafatı olan “Dövlət nişanı” 1988-ci ildə təsis edilmişdir. Türkiyə Prezidenti tərəfindən təqdim edilən “Dövlət nişanı” dövlət başçısının tövsiyəsi əsasında Nazirlər Kabinetinin qərarı ilə verilir. Bu mükafata xarici ölkələrin dövlət başçıları ölkələr arasında dostluq əlaqələrinin inkişafı və xalqların bir-biri ilə daha da yaxınlaşmasındakı xidmətlərinə görə layiq görülürlər.

****

85

İlham Əliyev və Prezident Abdullah Gül mətbuata bəyanatlarla çıxış etmişlər

 

Dövlət başçılarının görüşündən sonra Türkiyə Respublikasının Prezidenti Abdullah Gül və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata bəyanatlarla çıxış etmişlər.

Prezident Abdullah Gülün bəyanatı

-Cənab Prezident, dəyərli dostum.

Hörmətli nazirlər.

Dəyərli mətbuat nümayəndələri.

Bildiyiniz kimi, Azərbaycanda oktyabrın 9-da keçirilən seçkilərdə dəyərli qardaşım, cənab İlham Əliyev üçüncü dəfə Prezident seçilmişdir. Bu münasibətlə onu bir daha təbrik edirəm və fəaliyyətində uğurlar arzulayıram.

Cənab Prezident, dəyərli dostum İlham Əliyev ötən seçkilərdən sonra olduğu kimi, yenə də ilk səfərini Türkiyəyə etmişdir.

Buna görə əziz qardaşıma dərindən təşəkkür edirəm.

Bilirsiniz ki, mən də 2007-ci ildə Türkiyə Prezidenti seçilərkən ilk səfərimi Azərbaycana etmişdim. Türkiyə ilə Azərbaycan arasındakı dostluq, qardaşlıq münasibətləri yüksək səviyyədədir. Son dövrlərdəki əlaqələrimizin nə qədər yaxın olduğunu göstərmək üçün bunu deyə bilərəm ki, ötən altı il ərzində iki ölkə arasında yeddinci dəfə prezident səfərləri həyata keçirilir. Bu səfər zamanı Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğanın həmsədrliyi ilə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının üçüncü iclası keçiriləcəkdir.

Bu gün cənab Prezident İlham Əliyev ilə həm təkbətək, həm də geniş tərkibdə görüşlər keçirdik. Bu görüşlərdə şübhəsiz ki, ikitərəfli münasibətlərimizlə bərabər, regional məsələləri də nəzərdən keçirdik. İkitərəfli münasibətlərimizlə bağlı çox mühüm, böyük iqtisadi layihələri, qaz, enerji, nəqliyyat, – bütün bunları əlbəttə ki, nəzərdən keçirdik. Eyni zamanda, regional məsələləri, Azərbaycanın milli məsələsini və bizim də milli məsələmiz olan Azərbaycanın ərazi bütövlüyü və işğal altındakı torpaqlarının azad edilməsi məsələlərini – bütün bunları müzakirə etdik. Bu məsələ də şübhəsiz ki, Türkiyə olaraq ən önəm verdiyimiz məsələlərdən biridir. İnanıram ki, gec-tez bir gün bu problem öz həllini tapacaqdır. Bütün bunların diplomatik yolla həllinə də şübhəsiz ki, çox önəm veririk. Bu məsələyə dair fikirlərimizi də hörmətli nazirlərin iştirakı ilə bölüşdük.

Türkiyənin Azərbaycana qoyduğu sərmayələr, Azərbaycanın Türkiyəyə yatırdığı investisiyalar – bütün bu məsələlər də həmişə mühüm əhəmiyyət kəsb edir. Bu əlaqələrimizin güclənməsi və inkişafını sonadək dəstəkləyəcəyik. Yenə qardaşlığımızın bir göstəricisi olaraq bu gün sizlərin də şahidliyinizlə qarşılıqlı olaraq ordenləri təltifetmə mərasimi oldu.

Mən cənab Prezident İlham Əliyevə Türkiyənin ən yüksək ordeni olan “Dövlət nişanı”nı təqdim etdim. Cənab Prezident isə Azərbaycanın qurucusu Heydər Əliyevin adını daşıyan “Heydər Əliyev” ordenini mənə təqdim etdi. Bütün bunlar iki ölkə arasındakı əlaqələrin daha da möhkəmləndirilməsinin şübhəsiz ki, ən yaxşı nümunələrindən biri oldu. Bu gün birlikdə Türkiyə Aerokosmik Sənayesi ilə tanışlıq olacaqdır. Axşam da şübhəsiz ki, hamılıqla bir yerdə olacağıq.

Mən bir daha dəyərli qardaşımı həm təbrik edirəm, həm də Türkiyəyə – öz doğma vətəninizə “Xoş gəlmisiniz!” deyirəm.

Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı

-Sağ olun, əziz qardaşım.

Hörmətli Prezident Abdullah Gül.

Hörmətli xanımlar və cənablar.

İlk növbədə, əziz qardaşım, mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm. Qardaş Türkiyədə olmağımdan çox məmnunam.

Türkiyədə gedən inkişafı görərkən biz də çox sevinirik. Türkiyə son illər ərzində böyük və uğurlu yol keçmişdir. Sizin rəhbərliyinizlə ölkəniz dünya miqyasında böyük güc mərkəzinə çevrilmişdir. Türkiyə nəinki bölgə məsələləri ilə, dünyada gedən proseslərlə bağlı öz prinsipial mövqeyini göstərir və Türkiyənin yanaşmasından, mövqeyindən çox şey asılıdır. Bu, bizi sevindirir, ruhlandırır. Türkiyə nə qədər güclü olsa, Azərbaycan da bir o qədər güclü olacaqdır.

Bu gün mənim həyatımda çox əlamətdar hadisə baş vermişdir. Mən qardaş ölkənin ən ali mükafatı olan “Dövlət nişanı” ilə təltif olundum. Mən bu təltifi görülən işlərə qiymət kimi dəyərləndirirəm. Mən çalışmışam və bundan sonra da çalışacağam ki, Türkiyə-Azərbaycan əlaqələri daim inkişaf etsin. Biz əziz qardaşım Prezident Abdullah Gül ilə son illər ərzində bu birliyi möhkəmləndirmək üçün çox işlər görə bilmişik. Bu gün bizim əlaqələrimiz müttəfiqlik səviyyəsindədir. Hesab edirəm ki, Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən sıx bağlı olan ölkələrdir. Bizdə olan qarşılıqlı anlaşma, bir-birinə olan dəstək çox nadir xarakter daşıyır.

Əlbəttə, bu gün biz ikitərəfli əlaqələrin müxtəlif aspektlərini müzakirə etdik. İlk növbədə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi apardıq. Mən bir daha Türkiyə dövlətinə ədalətli mövqeyinə görə minnətdarlığımı bildirdim. Türkiyə bu məsələdə daim bizim yanımızdadır, ədalətin, haqqın yanındadır. Çünki Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış torpaqları uzun illərdir ki, Ermənistan tərəfindən işğal edilib. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının dörd qətnaməsi vardır ki, onlar Ermənistan tərəfindən icra edilmir və beynəlxalq hüquq normaları kobudcasına pozulur. Məsələnin həlli ilə bağlı Azərbaycan öz səylərini davam etdirir. Ancaq əfsuslar olsun, Ermənistanın mövqeyi imkan vermir ki, bu məsələ öz həllini tapsın və Azərbaycanın ərazi bütövlüyü bərpa edilsin. Biz bu işğaldan əziyyət çəkirik. Uzun illərdir ki, bir milyondan artıq Azərbaycan vətəndaşı öz doğma torpağında qaçqın, köçkün vəziyyətində yaşayır. Bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır və bu ədalətsizliklə barışmaq mümkün deyildir. Ümid edirəm ki, gələcək aylarda, illərdə bu məsələ ilə bağlı daha da ciddi addımlar atılacaq və Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcəkdir. Bir daha demək istəyirəm ki, bunu tarixi ədalət, beynəlxalq hüquq diktə edir. Əlbəttə ki, Türkiyənin dəstəyi bizim gücümüzü daha da artırır və bu dəstəyə görə minnətdarıq.

Biz bu gün, eyni zamanda, bizi birləşdirən və artıq regional çərçivələrdən çıxmış, qlobal müstəviyə daxil olan layihələri – Bakı-Tbilisi-Ceyhan, Bakı–Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars layihələrini müzakirə etdik. Onların hər biri böyük bir hadisədir, böyük uğur gətirən layihələrdir. Ancaq Türkiyə və Azərbaycan birliyi, dostluğu sayəsində biz bu layihələrin reallaşmasına nail ola bilmişik. Bu gün biz daha da irəliyə baxırıq. Bu gün qarşılıqlı sərmayə qoyuluşu məsələləri uğurla öz həllini tapır və Azərbaycanın xaricdəki ən böyük sərmayələri təbii ki, Türkiyəyə yatırılan sərmayələrdir. Bu proses artıq davam edir və növbəti beş il ərzində Türkiyə iqtisadiyyatına 15-17 milyard dollar həcmində Azərbaycan sərmayəsi qoyulacaqdır. Eyni zamanda, biz Türkiyə şirkətlərinin də Azərbaycana qoyduqları sərmayəni alqışlayırıq və iş adamları arasındakı əlaqələri dəstəkləyirik. Bu gün, eyni zamanda, həmişə olduğu kimi, dostluq, qardaşlıq şəraitində digər sahələrdə əməkdaşlıqla bağlı məsələlər müzakirə edildi. Əziz qardaşımın qeyd etdiyi kimi, prezident seçkilərindən sonra ilk səfərimi Türkiyəyə etmişəm. Bu, təbiidir. Bu, artıq bir ənənədir. Əminəm ki, bu ənənə gələcəkdə də yaşayacaqdır. Bizim gücümüz birliyimizdədir, bizim birliyimiz tarix üzərində qurulubdur. Bu gün iki müstəqil dövlət – Türkiyə və Azərbaycan bir-birini daim dəstəkləyir, bir-birinin gücünü artırır. Əminəm ki, gələcəkdə bizim işbirliyimiz, əməkdaşlığımız yüksələn xətlə inkişaf edəcəkdir.

Bir daha əziz qardaşım, göstərdiyiniz qonaqpərvərliyə görə Sizə minnətdarlığımı bildirirəm. Sağ olun.

 

****

7

İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək ilə görüşmüşdür

 

Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək ilə görüşmüşdür.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında mövcud dostluq və qardaşlıq münasibətləri, bu əlaqələrin perspektivləri barədə fikir mübadiləsi aparıldı. İki ölkə arasındakı münasibətlərin çox güclü təməlinin olduğu qeyd edildi, əlaqələrimizin ortaq tarixə və mədəniyyətə əsaslandığı vurğulandı.

Söhbət zamanı parlamentlərarası əlaqələrin inkişafına çox böyük diqqət yetirildi. Türkiyə Böyük Millət Məclisinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləməsinin, iki ölkənin parlamentlərinin bundan sonra da səmərəli əməkdaşlığının böyük əhəmiyyəti olduğu qeyd edildi. Həmçinin qardaş ölkələrimizin hər zaman bir-birinin yanında olacağı xüsusi vurğulandı.

*****

 

8

İlham Əliyevin və Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun görüşü olmuşdur

 

Prezident İlham Əliyev Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşmüşdür.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında digər sahələr kimi, siyasi sahədə də əlaqələrin yüksək səviyyədə olduğu qeyd edildi, beynəlxalq təşkilatlar çərçivəsində birgə əməkdaşlığın önəmi vurğulandı. Ölkələrimiz arasındakı əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu

 

****

9

 

İlham Əliyevin şərəfinə rəsmi nahar verilmişdir

 

Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün və xanımı Hayrünnisə Gülün adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilmişdir.

 

*****

01

 

İlham Əliyev Ankaradakı Heydər Əliyev Parkı ilə tanış olmuşdur

 

Türkiyə Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Ankarada yenidən qurulan Heydər Əliyev parkı ilə tanış olmuşdur.

Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin parkda ucaldılan abidəsi önünə gül dəstəsi qoyaraq xatirəsini yad etdi.
Azərbaycan dövlətinin başçısı parkla tanış oldu.

Türkiyənin müxtəlif şəhərlərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan onlarla küçə, park, meydan, təhsil müəssisəsi vardır. Ulu Öndərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlərdən biri də Türkiyə paytaxtında yaradılan bu parkdır. Hələ 2004-cü ildə salınmış parkda bir müddət əvvəl əsaslı yenidənqurma işləri aparılmışdır. Nəticədə, bu park Türkiyə paytaxtının ən gözəl istirahət mərkəzlərindən birinə çevrilmişdir.

Heydər Əliyev Parkının konsepsiyası bir növ dahi şəxsiyyətin mənalı ömür yolu və zəngin siyasi fəaliyyəti, eyni zamanda, bu fəaliyyətin ən böyük əsəri olan müstəqil Azərbaycanın bugünkü surətli inkişafı və ölkəmizin qardaş Türkiyə ilə münasibətlərinin yüksək səviyyəsini əks etdirir.

Azərbaycan Prezidentinə məlumat verildi ki, parkın giriş meydanının ümumi sahəsi 19,23 kvadratmetrdir və bu rəqəm Ulu Öndərin anadan olduğu 1923-cü ilin rəmzidir. Buradakı şəlalə yaşam rəmzi kimi düşünülmüşdür.

Park 8 hektar sahəni əhatə edir. Bu istirahət məkanındakı şərait – mərasim meydanı, idman meydançası, uşaq əyləncə sahəsi bütün yaş qrupundan olan şəhər sakinlərinin öz zövqünə uyğun istirahət etmələri üçün imkanlar yaradır. Təbiətin qorunması, ətraf mühitə qayğı Heydər Əliyevin xüsusi önəm verdiyi sahələrdən olmuşdur. Ulu Öndərin adını daşıyan parkda bu işə xüsusi diqqət yetirilmişdir. Belə ki, burada ilk dəfə olaraq xüsusi texnologiyadan istifadə edilərək, “ağıllı drenaj sistemi” adlanan yeni sistem tətbiq edilmişdir.

Azərbaycan Prezidentinin diqqətinə çatdırıldı ki, parkda aparılan işlərdə Ankaranın iqlim şəraiti də nəzərə alınmış və yenidənqurma işlərində ən yüksək keyfiyyətə malik materiallardan istifadə olunmuşdur. Bütövlükdə incə zövqlə görülən işlər nəticəsində ulu öndər Heydər Əliyevin adını daşıyan parkda ankaralıların və şəhərin qonaqlarının mənalı istirahəti üçün hər cür şərait yaradılmışdır. Parkın girişində ağ mərmərdə əks edilən “Heydər Əliyev Parkı” sözləri axşam saatlarında Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır.

 

*******

02

Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının üçüncü iclası keçirilmişdir

 

Ankarada Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının üçüncü iclası keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan iclasda iştirak etmişlər.

İclasda Azərbaycan ilə Türkiyə arasında əməkdaşlığın bütün sahələrdə – siyasi, iqtisadi, enerji və digər sahələrdə dinamik inkişaf etdiyi bildirildi. İkitərəfli layihələrin uğurla həyata keçirilməsinin əhəmiyyəti qeyd olundu.

Ölkələrimizin birgə reallaşdırdığı layihələrin icrası ilə bağlı fikir mübadiləsinin aparıldığı iclasda Azərbaycan və Türkiyənin müvafiq nazirlikləri arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulandı.

*****

 

03

İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın mətbuat konfransı olmuşdur

 

Hökumətlərarası sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın mətbuat konfransı olmuşdur.

Əvvəlcə Baş nazir Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyev mətbuata bəyanatlarla çıxış etdilər.


Baş nazir Rəcəb Tayyib Ərdoğanın  bəyanatı

-Hörmətli Prezident, əziz qardaşım İlham Əliyev.

Hörmətli nazirlər.

Dəyərli mətbuat nümayəndələri.

Dəyərli iştirakçılar, xanımlar və cənablar.

Sizlərə “bir millət, iki dövlət” idealının nümayəndələri olan iki ölkə – Türkiyə-Azərbaycan xalqlarının hazırda təmsilçiləri olaraq bu gün keçirdiyimiz Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasından sonra yeddi müqavilə və protokolla nəticələndirdiyimiz görüşlərin əhəmiyyətini qeyd edir və sizləri salamlayıram.

Bildiyiniz kimi, cənab İlham Əliyev 2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə prezidentlik vəzifəsinə böyük səs çoxluğu ilə üçüncü dəfə seçilmişdir. Bu münasibətlə qardaşım cənab İlham Əliyevi hamınızın qarşısında bir daha ürəkdən təbrik edirəm və Azərbaycanın gələcəyi naminə bu seçkilərin xeyirlərə nəsib olmasını, uğurlarla dolu olmasını diləyirəm.

Məmnunedici fakt olaraq Azərbaycandakı prezident seçkilərini Türkiyədən 35 parlament üzvünün izlədiyini xatırlatmağın faydası olduğunu düşünürəm. Türkiyə və Azərbaycan olaraq Qafqazda sülhün, sabitlik və rifahın təmin olunması baxımından çox ciddi səylər göstərir. Bu gün həm ikitərəfli, həm də nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşlərdə bütün bu məsələləri nəzərdən keçirmək imkanı əldə etdik.

Həm hərbi, həm siyasi, həm iqtisadi, həm ticarət, həm də mədəniyyət sahələrində gələcəyə yönəlmiş hansı işləri görəcəyik, bu günə qədər hansı işlər gördük – bunların hamısını müzakirə etdik. Hazırda iki ölkə arasında ticarətin həcmi 4,2 milyard dollara çatmışdır. Gələcəkdə bunu 15 milyard dollara çatdırmaq üçün işlərimizi sürətləndirməyi davam edəcəyik. Xüsusilə, qeyd etmək istəyirəm ki, dünən həm Prezident Abdullah Gül, həm qardaşımız Prezident İlham Əliyev mühüm strateji obyektlərimizə baxış keçirərkən bu sahədə də hansı işləri görə biləcəyimizlə bağlı yenə də fikir mübadiləsi apardılar.

Əlbəttə ki, ölkələrimiz arasında strateji əhəmiyyətə malik olan enerji sahəsində addımlar atırıq və atacağıq. Bunlardan biri bilirsiniz ki, hazırda müzakirə edilən TANAP layihəsidir. Bu tarixi layihəni ilin sonuna qədər başa çatdıraraq inşallah 2014-cü ilin əvvəlində təməlini qoyaraq bu istiqamətdə işləri başlayacağıq. Təbii ki, TANAP-dan başqa hazırda bir çox işlər görülür. Məlumdur ki, Bakı-Tbilisi-Ceyhan layihəsi daha əvvəl açılışını etdiyimiz bir layihə idi. Bu, Azərbaycan neftinin Ceyhan limanından dünya bazarlarına daşınması layihəsi idi. Bu layihəyə uğurla başlandı və hazırda uğurlu bir şəkildə davam edir.

Digər mühüm addım bildiyiniz kimi, “Şahdəniz” layihəsidir ki, bu layihə də eyni şəkildə davam edir. Daha bir addım Bakı-Tbilisi-Qars dəmir yolu layihəsidir ki, bu layihə də sürətli şəkildə davam edir. Bu layihədə də işlər sona yaxınlaşmadadır. Onun da açılışını etməklə sanki dəmir yolu şəbəkəsi ilə ölkələrimizi hörəcəyik. “Marmaray” layihəsi ilə bunlar birləşəcəkdir. “Marmaray” layihəsi ilə birləşdikdən sonra da Bakı-Tbilisi-Qars dəmir yolu xəttini əhatə edəcək şəkildə Pekindən Londona qədər dəmir yolu şəbəkəsi olacaqdır. Eyni zamanda, İğdırdan Naxçıvana təbii qaz kəmərinin çəkilməsi ilə əlaqədar görəcəyimiz işlərlə bağlı müzakirələr aparıldı. Hətta İğdır ilə Naxçıvan arasında dəmir yolu şəbəkəsinin yaradılması ilə bağlı məsələ də müzakirə edildi. Bununla əlaqədar işlər, inşallah, başlayır. Bu addımları da qəti şəkildə atırıq.

Təbii ki, Dağlıq Qarabağ münaqişəsi hazırda Azərbaycanın hansı səviyyədə problemidirsə, bizim də o səviyyədə problemimizdir. Bu, bizim üçün Qafqazda sülhün, qardaşlığın, təhlükəsizliyin təmin olunması baxımından çox önəm verdiyimiz bir məsələdir, xarici siyasətimizdə əsas məqsədlərdən biridir. Bu məsələni diqqətdən kənarda saxlamaq mümkün deyildir. Bunun tezliklə, sülh və dialoq yolu ilə həll edilməsi üçün Azərbaycana şəksiz dəstəyimiz davam edir. Təbii ki, burada ATƏT-in Minsk qrupunun üzərinə çox böyük məsuliyyət düşür. Yəni, ABŞ, Rusiya, Fransa bu işi daha dərindən, ciddi şəkildə, davamlı surətdə diqqətdə saxlamalıdırlar. Türkiyə olaraq biz nələr edə biləcəyimizi müzakirə etdik. Davamlı sülhün necə təmin olunacağı məsələlərini aramızda dəyərləndirdik.

Əziz dostlar, bu gün məmnuniyyətlə qeyd etməliyəm ki, Azərbaycan ilə siyasi əlaqələrimiz mükəmməl və problemsiz şəkildə davam edir. Cənab İlham Əliyevlə görüşümüzdə ticarət əlaqələrimizlə yanaşı, siyasət və mədəniyyət sahələrində münasibətlərimizin genişləndirilməsinin əhəmiyyətini xüsusilə vurğuladıq. Avrasiyanın gələcəyi üçün böyük əhəmiyyət kəsb edən enerji layihələrindən danışdıq. Azərbaycanın təbii qazının veriləcəyi Balkanlarda, xüsusilə də bölgədəki ölkələrdə birgə hansı işləri görə biləcəyimizi nəzərdən keçirdik.

Türkiyə və Azərbaycan olaraq Trans-Anadolu və “Cənub” dəhlizi layihələrinin həyata keçirilməsi məsələsində ciddi mövqe nümayiş etdirməklə fikirlərimizi bildirdik. Təbii ki, strateji əməkdaşlığımızın mühüm layihələrindən biri olan bu məsələnin diqqətdə saxlanılması barədə fikirlərimizi bölüşdük.

“Marmaray” layihəsi ilə birgə Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsi Qərbi Avropadan çıxan bir qatarın birbaşa Xəzər sahillərinə, oradan isə Aktau və Türkmənbaşı limanlarından Pekinə çatmasını da mümkün edəcəkdir. Bu da təbii ki, mühüm bir addımdır.

Bugünkü görüşlərimizdə, həmçinin Naxçıvanla bağlı məsələni də müzakirə etdik. Bu məsələ bizim üçün çox mühüm əhəmiyyət kəsb edir. Arzu edirəm ki, Dağlıq Qarabağ münaqişəsi tezliklə sülh yolu ilə həll olunsun. Azərbaycanın işğal altındakı bölgələri azad ediləndən sonra Naxçıvanın nəqliyyat problemi aradan qalxacaqdır. Xüsusən də dəmir yolu xəttinin çəkilməsi həm Naxçıvanın nəqliyyat probleminin həllinə, həm də bölgədə sülhə çox ciddi töhfələr verəcəkdir.

Bugünkü toplantımızda xüsusilə qardaşım Prezident İlham Əliyevə bir daha minnətdarlıq edirəm. Azərbaycanda fəaliyyət göstərən iş adamlarımızdan indiyə qədər alınan vergi rüsumları 1270 dollar idi. Bu məsələni qarşı tərəfə çatdıranda müzakirədə çox fərqli bir təkliflə çıxış edib “bunu 50 dollara endirək” dedilər. Beləliklə, bunu 50 dollara qədər endirdik. Bir az sonra da bu saziş ayrıca imzalanacaqdır.

Xüsusilə, bu səmimiyyətə, görülən işlərə görə bir daha minnətdarlığımı bildirirəm. Bu səfərin hər iki ölkə üçün xeyirli olmasını diləyirəm.

Daha əvvəllər də müzakirə etdiyimiz viza məsələsinə gəldikdə, bu məsələsini xüsusilə iqtisadiyyat nazirlərimiz nəzarətdə saxlayacaqlar. Viza alınmasının həm elm adamları, həm tələbələr, həm də iş adamları üçün çətinlik yaratmaması məsələsinin iqtisadiyyat nazirlərimiz tərəfindən dəyərləndirilməsini müzakirə etdik. Planlı olaraq bu istiqamətdə ilk addımları daha çox iş adamlarımıza görə atacağıq.

Çox təşəkkür edirəm. Sözü Azərbaycan Prezidenti İlham Əliyevə verirəm.
Prezident İlham Əliyevin bəyanatı

-Sağ olun əziz qardaşım, hörmətli cənab Baş nazir.

Hörmətli xanımlar və cənablar.

Hörmətli mətbuat nümayəndələri.

İlk növbədə, əziz qardaşım, mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm. Qardaş Türkiyədə yenidən olmağımdan çox məmnunam. Prezident seçkiləri ilə bağlı təbrikinizə görə də minnətdaram. Təbii ki, prezident seçkilərindən sonra ənənəvi olaraq ilk rəsmi səfərim Türkiyəyə edilən səfərdir. Bu, bir ənənədir. Bu ənənəni biz yaratdıq. Əminəm ki, bizdən sonra gələnlər də bu ənənəyə sadiq qalacaqlar. Bu, belə də olmalıdır. Çünki Türkiyə və Azərbaycan dünya çapında bir-birinə ən yaxın olan ölkələrdir. Bəlkə də dünyada ikinci belə ölkələr tapmaq çətindir ki, bir-birinə bu qədər bağlı olsun, bir-birinə bu qədər dəstək versin. Bu dəstək bizi gücləndirir.

Türkiyənin uğurlu inkişafı bizim inkişafımızdır, Türkiyənin gücü bizim gücümüzdür. Bu gün mən əziz qardaşım Baş naziri son illər ərzində onun liderliyi ilə Türkiyədə əldə edilmiş bütün uğurlar münasibətilə ürəkdən təbrik etdim. Bunlar tarixi uğurlardır, böyük uğurlardır.

Son 10 il ərzində Türkiyə böyük və şərəfli yol keçmişdir, ağır iqtisadi vəziyyətdən şərəflə çıxa bilmişdir. Bu gün dünya çapında Türkiyə güclü dövlətlər sırasındadır, “Böyük iyirmiliyin” üzvüdür. Dünyada gedən proseslərə Türkiyənin təsir imkanları getdikcə artır, gələcəkdə daha da artacaqdır. Türkiyənin razılığı olmadan bölgəmizdə heç bir təşəbbüs həyata keçirilə bilməz. Bu, bizi sevindirir, bizi gücləndirir. Biz də öz növbəmizdə çalışırıq ki, Türkiyə-Azərbaycan əlaqələri bundan sonra da yalnız yüksələn xətlə inkişaf etsin.

Strateji Əməkdaşlıq Şurasının bugünkü toplantısı da bu birliyin təzahürüdür. Cənab Baş nazirin dediyi kimi, toplantı əsnasında iki mühüm məsələ bir an içərisində öz həllini tapmışdır. Bu, onu göstərir ki, bizim bir-birimizə olan hörmət, məhəbbət, bağlılıq o qədərdir ki, istənilən məsələ asanlıqla öz həllini tapa bilər. Biz çalışırıq və çalışmalıyıq ki, həm dövlətlərarası əlaqələr, iş adamları arasındakı əlaqələr, mədəni əlaqələr inkişaf etsin və eyni zamanda, insanlar arasında olan bağlılıq daha da sıx olsun.

Tale elə buyurdu ki, yetmiş il ərzində biz bir-birimizdən ayrı düşmüşdük. Ancaq xalqlarımızın qəlbində olan sevgini o ayrılıq söndürə bilməmişdir. Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra dərhal Türkiyə ilə əlaqələr qurdu. Türkiyə müstəqilliyimizi tanıyan ilk ölkə olmuşdur və o gündən bu günə qədər biz daim Türkiyənin dəstəyini hiss edirik. Bu, bizə əlavə güc verir. Xüsusilə bizim üçün ən vacib olan məsələdə – Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsində biz daim Türkiyəyə arxalanırıq, güvənirik. Əminik ki, Türkiyə daim bu məsələdə bizim yanımızda olacaqdır. Bildiyiniz kimi, uzun illərdir ki, torpaqlarımız işğal altındadır, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra edilmir və ədalətsizlik davam edir.

Bu gün bəzi hallarda Təhlükəsizlik Şurasının fəaliyyətsizliyi haqqında söhbət aparılır, yəni, qərar qəbul etməməkdə suçlandırılır. Amma bizim məsələmizlə bağlı qərar qəbul edilmişdir. Sadəcə olaraq, bu qərarın icrası üçün mexanizmlər yoxdur. Biz ümid edirik ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Bunu etmək üçün biz daha da güclü olmalıyıq. Biz bu məsələlər üzərində çalışırıq.

Türkiyə-Azərbaycan əlaqələri bizim gücümüzü daha da artırır. Dünən Türkiyənin hərbi sənayesinin inkişafı ilə bağlı göstərilən təqdimat məni çox təsirləndirdi. Bu gün Türkiyə bu sahədə də dünyada söz sahibidir. Türkiyədə istehsal olunan hərbi texnika ən yüksək dünya səviyyəsindədir. Bizi birləşdirən ortaq tarix, mədəniyyət münasibətlərimizin möhkəm təməlidir. Biz bu təməl üzərində gözəl bina tikirik və əziz qardaşımın qeyd etdiyi kimi, bu binanın içində transmilli böyük layihələr vardır.

Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşası ilə biz sadəcə olaraq Azərbaycan neftini Türkiyəyə çatdırmaqla öz işimizi məhdudlaşdırmadıq. Bu, bir dəhlizin açılması idi ki, bu dəhliz vasitəsilə indi böyük layihələr icra edilir. “Marmaray” layihəsinin icra edilməsi münasibətilə, əziz qardaşım, Sizi bir daha təbrik edirəm. Bu, Sizin tarixi xidmətinizdir. Türkiyə xalqı qarşısında gördüyünüz işlər arasında bu, daim tarixdə qalacaqdır. Siz bu layihənin həyata keçirilməsi ilə qitələri, xalqları birləşdirdiniz və Türkiyənin uzunmüddətli çıxarlarını təmin etdiniz. Əlbəttə, Bakı-Tbilisi-Qars dəmir yolu da bu böyük layihənin tərkib hissəsidir.

Gələcəkdə bizi böyük işlər gözləyir. Biz bu işlərə hazırıq. TANAP layihəsinin həyata keçirilməsi Avropanın enerji xəritəsini tamamilə yenidən quracaqdır. Bu xəritədə Türkiyə və Azərbaycanın rolu xüsusi yer tutacaqdır. Çünki TANAP layihəsi dünya miqyasında enerji layihələri arasında ən böyük layihələrdən biridir və bunu biz edəcəyik. Bu məsuliyyəti, bu siyasi yükü, maliyyə yükünü Türkiyə və Azərbaycan öz üzərinə götürmüşdür. Biz burada da birgə səylərlə liderlik nümayiş etdirdik. Bizim liderliyimizin sayəsində bir çox ölkələr fayda götürəcəklər. Çünki bugünkü dünyada enerji siyasətini xarici siyasətdən ayırmaq mümkün deyildir. Biz bütün işləri birgə qururuq, birgə müzakirə edirik. Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının mahiyyəti və üstünlüyü ondan ibarətdir ki, bu toplantılar əsnasında bir çox məsələlər öz həllini tapır. Necə ki, bu gün və ondan əvvəlki dəfələr və gələn dəfə Bakıda keçiriləcək toplantıda əminəm ki, biz yeni qərarların verilməsinə nail olacağıq.

Eyni zamanda, qarşılıqlı sərmayə qoyuluşu ilə bağlı bir-iki kəlmə söz demək istərdim. Bu, çox gözəl bir göstəricidir.

Azərbaycanın xaricə qoyulan və qoyulacaq ən böyük sərmayələri Türkiyəyə qoyulacaq sərmayələrdir. Türkiyədən Azərbaycana qoyulan sərmayələr bizim iqtisadi inkişafımızı sürətləndirir. Bu sərmayələr qarşılıqlı etimad, inam, dostluq, qardaşlıq üzərində qoyulan sərmayələrdir. Mən deyəndə ki, bizim münasibətlərimizin təməlində qardaşlıq dayanır, bax, həyata keçirilən layihələr bunu təsdiqləyir. Qardaşlıq, dostluq əbədidir, əbədi olacaqdır. XXI əsr türk dünyasının əsri olacaqdır. Türkiyə və Azərbaycan bu istiqamətdə liderlik rolunu öz üzərinə götürüb və əminəm ki, biz birgə səylərlə gələcəkdə də böyük uğurlara imza atacağıq.

Bir daha əziz qardaşım, qonaqpərvərliyə, məhəbbətə görə Sizə minnətdaram. Qardaş Türkiyə xalqına bundan sonra da rifah, tərəqqi, xoşbəxtlik arzulayıram.

X X X

Baş nazir Rəcəb Tayyib ƏRDOĞAN: Mən də çox təşəkkür edirəm. Mətbuata gözəl açıqlamalarınıza görə sağ olun, var olun.
İndi isə mətbuat nümayəndələri sual verə bilərlər. Əvvəlcə Azərbaycandan gəlmiş mətbuat nümayəndələri buyursun.

Ətayə ABBASOVA (Lider televiziyası): Sualım Türkiyənin Baş naziri cənab Rəcəb Tayyib Ərdoğanadır. Hörmətli Baş nazir, soruşmaq istəyirəm ki, yüksək səviyyəli Türkiyə-Azərbaycan münasibətləri regional əməkdaşlığa necə təsir edir? Bu barədə sizin fikriləriniz bizim üçün maraqlıdır. Sağ olun.

Rəcəb Tayyib ƏRDOĞAN: Bəli, mən də çox təşəkkür edirəm. Bir az öncə qeyd etdim ki, Azərbaycan ilə Türkiyə arasında həm siyasi, həm hərbi, həm mədəniyyət, həm ticarət sahələrində inkişaf sürətlə davam edir. Hazırda ticarət dövriyyəsinin həcmi 4,2 milyard dollardır. Əlbəttə ki, bu daha da artmaqda davam edəcəkdir. İndiki hədəfimiz bunu 15 milyard dollara çatdırmaqdır. Yəni, 2020-ci ildə Türkiyə-Azərbaycan ticarət dövriyyəsinin həcmini 15 milyard dollara çatdıracağıq.

Bir qədər əvvəl dedim. Balkan ölkələrində təbii qaz ilə əlaqədar birgə bir çox sərmayələr yatırmaq imkanımız vardır. Bunların planlaşdırılmasını həyata keçirəcəyik. Burada başda xarici işlər nazirlərimiz olmaqla bu məsələ ilə bağlı məşğul olacaq digər nazirlərimiz də bu gün birlikdə çox mühüm işlər gördülər. Öz sahələrində nələri etmək mümkündürsə, bu barədə danışıqlar apardılar. Müdafiə sənayesi məsələsində birgə önəmli addımlar ata bilərik. Təhsildə, mədəniyyətdə bu cür addımları birlikdə atacağıq. Yəni, bir millət olmağın məsuliyyəti nədirsə, bu öhdəliklə siyasi sahədə də, xarici siyasətdə də qərarlarımızı birlikdə verə bildiyimizi ortaya qoyuruq və qoyacağıq.

Aysun TURAN (Xəbərtürk televiziyası): Sualım hörmətli Prezident İlham Əliyevədir. Hər görüşdə “bir millət, iki dövlət” kəlamı xüsusilə vurğulanır. Vizalar məsələsində hələ də bir addım atılmamışdır. Hörmətli Baş nazir Rəcəb Tayyib Ərdoğan bu məsələyə toxundu. Amma vizaların önündəki maneə nədir? Sizcə, şərtlər hələ də uyğunlaşmadımı?

Prezident İlham ƏLİYEV: Vizalarla bağlı əziz qardaşım cənab Baş nazir açıqlama verdi. Hesab edirəm ki, bu açıqlamadan sonra əlavə suala ehtiyac olmamalı idi. Ancaq, eyni zamanda, əgər bu sual olmasaydı mən təəccüb edərdim ki, əcəba bu gün bu sual nə üçün verilmədi?!

Deyə bilərəm, artıq biz qərara gəldik ki, ilk mərhələdə İqtisadiyyat Nazirliyindən veriləcək siyahı əsasında Türkiyə vətəndaşlarının Azərbaycana vizasız gediş-gəlişi təmin ediləcəkdir. Bildiyiniz kimi, hər bir ölkənin vizalarla bağlı öz siyasəti vardır, o cümlədən Azərbaycanın. Ancaq istisna hal kimi elm adamları, idmançılar, iş adamları, tanınmış insanlar, Azərbaycan ilə sıx bağlı olan insanlar üçün tamamilə vizasız rejim tətbiq ediləcəkdir. Yaxın zamanlarda bu məsələ öz həllini tapacaqdır. Əminəm ki, ondan sonra daha bu suallara ehtiyac qalmayacaqdır.

*****

04

Azərbaycan Prezidenti və Türkiyənin Baş naziri birgə nahar etmişlər

 

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Ədalət və İnkişaf Partiyasının qərargahında birgə nahar etmişlər.

Nahardan sonra Prezident İlham Əliyev, Baş nazir Rəcəb Tayyib Ərdoğan və xanımları binada yaradılmış şəraitlə tanış oldular, yuxarı mərtəbədən şəhərin mənzərəsini seyr etdilər.

 

*****

 

İlham Əliyevin Türkiyə Respublikasına rəsmi səfəri başa çatmışdır

 

Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına rəsmi səfəri başa çatmışdır.

Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı Ankaranın “Esenboğa” hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlətimizin başçısını Türkiyənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola saldılar.

X X X

Həmin gün axşam Prezident İlham Əliyev Bakıya qayıtdı.

Dövlətimizin başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri

Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.