Prezident İlham Əliyevin düşünülmüş siyasəti öz müsbət nəticələrini verməkdədir

 

“Sülhməramlıların gedişi Bakı ilə Moskva arasında normal münasibətlərin göstəricisidir” – Deputat münasibət bildirib

 

 

 

“Rusiya sülhməramlıları Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarıldı. Bu barədə qərarı Azərbaycan və Rusiya rəhbərləri birgə qərar verdilər. Bu, onu göstərir ki, nəyi, necə və nə vaxt etmək lazım olduğunu dövlət başçımız bilir. Məhz Prezident İlham Əliyevin düşünülmüş siyasəti öz müsbət nəticələrini verməkdədir. Əslində, 2020-ci il 44 günlük Vətən müharibəsi, 2023-cü ilin sentyabrında uğurla reallaşdırılan anti-terror əməliyyatı düşünülmüş və vahid planın tərkib hissəsi və uğurlu nəticəsidir”.

Bu sözləri açıqlamasında millət vəkili Könül Nurullayev deyib.

Onun sözlərinə görə, sülhməramlı missiya Azərbaycan ərazisinə yerləşərkən rəsmi şəkildə bəyan olunmuşdu ki, bu, müvəqqətidir və 2025-ci ildə missiyanın mandatının uzadılıb-uzadılmaması məsələsinə yenidən baxılacaqdı: “Belə ki, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyannaməyə əsasən, Rusiya sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət növbəti 5 ilə uzadılır.

 

Amma Azərbaycan regionda elə reallıq yaratdı ki, bu gün missiyanın vaxtından əvvəl ölkəmizi tərk etməsinə şahidlik edirik. Eyni zamanda missiyanın fəaliyyəti dövründə separatçılar onlardan təhlükəsizlik çətiri kimi istifadə edə biləcəklərini düşünürdülər. Doğrudur, bu müddət əzində sülhməramlıların bəzi davranışları rəsmi Bakını qane etmirdi və narazı qaldığımız məqamlar da var idi. Amma tədricən Azərbaycan öz məsələsini özü həll edərək, separatizmin kökünü birdəfəlik kəsdi və bununla da artıq kənar vasitəçi missiyalara ehtiyac qalmadı”.