Jalə Əliyeva seçicilərin problemlərini həll etdi

Millət vəkili, Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva 15 aprel tarixində Zərdab rayonu Heydər Əliyev Mərkəzində növbəti vətəndaş qəbulunu keçirib. Millət vəkili qəbula gələn vətəndaşları fərdi və kollektiv şəkildə dinləyərək, onları narahat edən problemləri qeydiyyata götürüb. Qəbula yazılan 45 nəfər tərəfindın səsləndirilən əsas məsələlər sırasında məşğulluq, sosial şəratin yaxşılaşdırılması, əlillik dərəcəsinin təyini, tibbi ehtiyacların təmin edilməsi, təhsil haqqının ödənişi ilə bağlı olub. Qəbulda eyni zamanda yol infrastrukturunun yaxşılaşdırılması, su probleminin həlli ilə bağlı məsələlər də qaldırılıb. Qaldırılan məsələlərin bir qismi hər zaman olduğu kimi, millət vəkili Jalə Əliyeva tərəfindən qəbul sırasında əlaqədar təşkilatlarla telefon vasitəsilə əlaqə saxlanılaraq həll edilib. Digər bir qisim məsələlərin həllinə köməklik göstərmələri üçün millət vəkili tərəfindən mərkəzi icra orqanlarına yazılı və şifahi müraciət ediləcəyi bildirilib. Qəbulda iştirak edən bir qisim vətəndaş isə, daha əvvəlki müraciətlərinin müsbət həllini tapdığı üçün təşəkkür etməyə, sevinclərini bölüşməyə gəliblər. Jalə Əliyeva, onlara, qədirbilənlikləri üçün minnətdarlığını bildirib. Qəbul, hər zamanki kimi, səmimi, xoş, anlayışlı bir ortamda keçib. Millət vəkili dörd saatdan artıq davam edən qəbulda hər kəsi diqqətlə, səbrlə dinləyib, problemlərinin həllinə yardımçı olmağa çalışıb. Qəbulda rayon icra hakimiyyətinin və əlaqədar qurumların səlahiyyətli nümayəndələri iştirak ediblər.