“Prezident lazım olan bütün addımları atır”

“Bildiyiniz kimi, aprelin 14-də Azərbaycan Respublikasının Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirə keçirilib. Koronovirus pandemiyası ilə mübarizə çərçivəsində görülən işləri xüsusi vurğulayan dövlət başçısı bildirdi ki, Azərbaycan dövləti koronavirus pandemiyasına qarşı çox ciddi, təsirli və davamlı tədbirlər həyata keçirir. Cənab Prezident qeyd etdi ki, Azərbaycan koronavirus pandemiyasından ən az itki verən ölkələrdəndir. Azərbaycanın bu mübarizə çərçivəsində atdığı addımlar dünyanın inkişaf etmiş ölkələrində təkrarlanır, həmin ölkələr Azərbaycanın təcrübəsindən istifadə edirlər. Prezident İlham Əliyevin həyata keçirdiyi işlər dünyanın bir sıra nüfuzlu media orqanlarında geniş işıqlandırılır. Bu addımlar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də yüksək qiymətləndirilib. Azərbaycan xalqı da atılan addımlardan razıdır, bu özünü Prezidentə ünvanlanan minnətdarlıq məktublarında da göstərir. Ölkədə koronavirus pandemiyasına görə yaranan çətin vəziyyətdən öz məqsədləri üçün istifadə etməyə çalışan “5-ci kolon” da var. Bu, Əli Kərimlinin rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyasının da təmsil olunduğu Milli Şuranın üzvləridir”.

XALQ.AZ xəbər verir ki, bmnunu açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov deyib.

C.Osmanov qeyd edib ki, Milli Şuranın ətrafındakı ünsürlər Azərbaycana düşmən kəsiliblər: “Onlar Azərbaycanı sevməyən, xüsusilə də ermənipərəst qüvvələrdən dəstək alırlar. Əli Kərimli, Cəmil Həsənli, Sevinc Osmanqızı, Orduxan Teymurxan və başqaları Azərbaycan xalqına qarşı düşmənçilik mövqeyi sərgiləyirlər. Bu insanlar xalqa, dövlətə, müstəqilliyə qənim kəsilmiş insanlardır. Anti-milli ünsürlər çalışırlar ki, Azərbaycanın müstəqilliyini, dövlətini təhlükə altına atsınlar. Həmin şəxslərin fəaliyyəti yalnız təhqir və böhtandan ibarətdir. Bir daha qeyd edirəm ki, bu işləri onlara sifariş edənlər ölkəmizi sevməyən, ermənipərəst qüvvələrdir. Bunlar, hətta koronavirusdan da təhlükəlidirlər. Ermənilərin siyasətini tətbiq etməklə fəaliyyətlərini davam etdirirlər. Xatırlayırsınızsa, 2005-ci ildə keçirilən parlament seçkilərində ölkədə “narıncı inqilab” həyata keçirməyə cəhd etdilər. 2013-cü ildə bəzi ərəb ölkələrində başlayan “ərəb baharı”ndan faydalanmağa çalışdılar. Bunların məqsədi ermənilərin məqsədi ilə tam eynidir. Avropa Şurasının Parlament Assambleyasının bəzi təmsilçiləri də bunlara dəstək verirlər. Azərbaycan xalqı bunları 27 il əvvəl tarixin zibilliyinə atıb. Bunlara insan demək olmur, dövlətə qarşı ən ləyaqətsiz, tərbiyəsiz, çirkin addımlar atırlar”.

Deputatın sözlərinə görə, Milli Şuranın rəhbərliyində təmsil olunanlar iddia edirlər ki, hökumət koronavirus pandemiyasından istifadə edərək müxalifətçiləri cəzalandırır: “Bu, ağ yalandır, şər-böhtandır. Bunların həyatının mənası yalandan, iftiradan ibarətdir. Bu insanlar həmişə belə davranıblar, böhtan atıblar. Karantin rejimi təkcə Azərbaycanda deyil, dünyanın əksər ölkələrində tətbiq olunur. ABŞ-da hətta fövqəladə vəziyyət elan olunub. Avropa ölkələrində, inkişaf etmiş dövlətlərdə karantin rejimləri ən sərt formada tətbiq olunur. Azərbaycan hakimiyyəti də xalqın sağlamlığını qorumaq üçün karantin rejimi qaydaları tətbiq edib. Belə bir vəziyyətdə dövlət aztəminatlı ailələrə qayğı göstərir, onlara birdəfəlik ödəmələr, müxtəlif yardımlar verir. Prezident də çıxışında qeyd etdi ki, aztəminatlı ailələr dövlətin diqqət mərkəzindədir. İqtisadiyyatın az zərərlə çıxması üçün cənab Prezident lazım olan bütün addımları atır. Karantin rejimi siyasi vəziyyətə görə deyil, xalqın sağlamlığı üçündür. Azərbaycan vətəndaşlarının sağlamlığının qorunması dövlətin əsas vəzifəsidir”.

C.Osmanov vurğulayıb ki, anti-milli ünsürlərə qarşı hüquqi addımlar atılmalıdır: “Dünyanın heç bir ölkəsində bu qədər şər-böhtan, nifrət toxumu səpən qüvvələr yoxdur. Belə insanlara “yetər” deməyin vaxtıdır, cinayət əməllərinə hüquqi qiymət verilməlidir. Azərbaycanda bütün sahələrdə, o cümlədən siyasi sahədə də islahatlar həyata keçirilib. Dövlət başçısının qeyd etdiyi kimi, belə konfiqurasiyada belə insanlara yer yoxdur”.