Prezident xalqımızı dünyada mübariz, yenilməz xalq kimi tanıtdı

“18 il bundan əvvəl, 15 oktyabr 2003-cü ildə keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyev andiçmə mərasimində Azərbaycanın xoşbəxt gələcəyinə inamını ifadə etdi. Bu inama əsas verən, təbii ki, möhkəm təmələ əsaslanan siyasət idi. Ümummilli lider Heydər Əliyevin düşünülmüş və gələcəyə hesablanmış siyasəti Onun şah əsəri kimi dəyərləndirilən müasir müstəqil Azərbaycanın qarşısında böyük imkanlar açdı”. 

Bu sözləri Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Aynur Sofiyeva tariximizin möhtəşəm 18 ilinin uğurlarından bəhs edərkən deyib.

Onun sözlərinə görə, cənab İlham Əliyev bu vədi vermişdir ki, Heydər Əliyev siyasəti davam etdiriləcək, bu siyasətə sadiq qalacaq, heç vaxt bu yoldan dönməyəcək: “18 ilin tariximizə yazdığı uğurlar verilən hər vədin reallıqda öz əksini tapdığını təsdiqləyir. Məhz bu illər ərzində görülən işlər, Azərbaycanın bütün sahələrdə qazandığı uğurlar 30 ilə yaxın dövrdə həsrətlə gözlədiyimiz sevinci bizlərə bəxş etdi. Tariximizə Zəfər Gününün yazılması müstəqillik tariximizin ən parlaq səhifəsi oldu. Cənab İlham Əliyevin 18 ildə elə bir çıxışı, xarici ölkələrə elə bir səfəri yox idi ki, bu gün artıq tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsi əsas müzakirə mövzusu olmasın, erməni yalanları ifşa edilməsin. Tarixi faktlara, real məsələlərə əsaslanan siyasət daim qələbələrə yol açır ki, cənab İlham Əliyev 2003-cü ildə məhz bu vədi vermişdir: Heydər Əliyev yolu ilə yeni qələbələrə doğru gedəcəyik”.

A.Sofiyeva uğurlarımızın əsasında siyasi peşəkarlığın və milli maraqların dayandığını önə çəkərək qeyd edib ki, cənab İlham Əliyev Prezidentliyinin ilk ilindən etibarən dayanıqlı inkişaf üçün əsaslı addımlar atdı: “Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayanırdı. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanı dünya birliyinin ən fəal üzvünə çevirdi, etibarlı tərəfdaş kiimi mövqeyini möhkəmləndirdi, ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrini inkişaf etdirməklə yeni dostlar və tərəfdaşlar qazandırdı”.

Liderlik fenomeninin milli dövlətin formalaşmasında və inkişafında həlledici rolundan bəhs edən YAP İdarə Heyətinin üzvü vurğulayıb ki, məhz bu keyfiyyətlərin sayəsində ölkəmizdə siyasi sabitlik təmin olunub və gələcək inkişaf üçün zəmin yaradılıb: “Dövlət başçısı İlham Əliyev Azərbaycanın siyasi sisteminə mütərəqqi, milli məqsədlərə xidmət edən, siyasi realizmə söykənən fəaliyyət nümunəsi gətirdi. Azərbaycanın sabit ölkə olmaqla yanaşı, daim birliyin, həmrəyliyin, sülhün, əməkdaşlığın tərəfdarı olduğunu dünyaya ünvanladığı mesajları, irəli sürdüyü təşəbbüsləri, qəbul etdiyi qərarları ilə nümayiş etdirdi. Tolerant ölkə olan Azərbaycan multikulturalizmi həyat tərzinə çevirərək müxtəlif xalqları, millətləri bir araya gətirən körpü rolunu uğurlu addımları ilə daha da möhkəmləndirdi. Bunun sübutu üçün bircə faktı qeyd etmək kifayətdir. Qarabağımızın tacı Şuşamız “Xarıbülbül” musiqi festivalına ev sahibliyi edəndə tədbirin birinci günü müxtəlif xalqların, millətlərin musiqi yaradıcılığı təqdim olundu. Bu, Şuşadan dünyaya ünvanlanan birlik, həmrəylik mesajı oldu. Azərbaycan hər zaman multikultural dəyərlərin inkişafına davamlı töhfələri ilə diqqət çəkir”

“18 il bu ümumiləşdirməyə əsas verir ki, Azərbaycanı ən qüdrətli dövlətə çevirən cənab İlham Əliyev tarixi Qələbəmizlə xalqımızın məğrurluğunu, yenilməzliyini sübut etdi. Hər bir çıxışında «Nəyi, necə, nə vaxt etmək lazımdır, onu mən bilirəm» bəyanatını səsləndirməklə torpaqlarımızın öz tarixi sahibinə qovuşacağına əminliyini ifadə edən cənab İlham Əliyev bu vədini də reallığa çevirməklə adını qalib Sərkərdə, qətiyyətli Lider kimi tariximizə qızıl hərflərlə yazdı. Artıq qarşıdakı illərdə Azərbaycanmızı möhtərəm Prezidentimizin rəhbərliyi ilə daha möhtəşəm uğurlar gözləyir. Yaxın illərdə Qarabağ yenidən cənnət məkana çevriləcək. Ölkəmizin gələcək inkişafı çox uğurlu olacaq.”,- deyə Aynur Sofiyeva bildirib.