Qənirə Paşayeva Ali Çinar ilə görüşdü

10

 

Biz özümüzü həm də bu torpaqlara aid hiss edirik, artıq o müstəqil dövlət kimi dünya tarixində özünə yer tapıb və Azərbaycanın hər bir uğuru bizi çox sevindirir.Xalq.az xəbər verir ki, bu fikirləri Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü, millət vəkili Qənirə Paşayevanın Bartına səfəri zamanı Bartın valisi Ali Çinar səsləndirib.

O, millət vəkilinin hər iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsi üçün göstərdiyi səyi yüksək qiymətləndirdiyini dilə gətirib.

Millət vəkili Q.Paşayeva isə insanımızın bir-birini daha yaxşı və yaxından tanınmasının vacib olduğunu bildirib:

“Azərbaycan-Türkiyə əlaqələri artıq dünyada analoqu olmayan bir yerə gəlib. İnşallah bundan sonra əlaqələrimiz daha da möhkəmlənər”.

O, Bartının Azərbaycan bölgələrindən biri ilə qardaşlaşdırılması məsələsinə toxunaraq bu addımın iki ölkə arasındakı əlaqələrə göstərəcəyi təsirdən danışıb:

“Türkiyənin uğuru Azərbaycanın və bütün türk dünyasının uğuru Azərbaycanın uğuru, Türkiyənin və bütün türk dünyasının uğurudur. Ümummilli lider Heydər Əliyevin də dediyi kimi biz iki dövlət bir millətik.

Bu amal uğrunda irəliləyərək dövlətlərimiz arasındakı əlaqələrin daha da möhkəmləndirilməsi ilə yanaşı, iki ölkənin bölgələri arasında da əlaqələri möhkəmləndirmək lazımdır.

Bartının da Azərbaycan bölgələrindən biri ilə qardaşlaşdırılması ilə birlikdə çox gözəl işlərin görülməsinə nail ola bilərik”.

Görüş zamanı millət vəkili Ali Çinara müəllifi olduğu “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabını təqdim edərək bu kitab barədə məlumat verib.

Millət vəkili müəllifi olduğu kitabda türk dünyasının qarış-qarış gəzdiyi bölgələri, onların tarixi barədə məlumat verdiyini və həmin kitabda Türkiyənin 6 bölgəsinin yer aldığını bildirib.

Daha sonra o, “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabının ikinci hissəsini hazırlamağı planlaşdırdığını və bu hissədə tarixi və memarlığı ilə qədim olan Bartın-Amasra bölgələrini də daxil edəcəyini söyləyib.

Müəllifi olduğu kitabı yazmaqda məqsədinin türk dünyasını daha geniş tanıtmaq və gənclərdə sahiblənmə duyğusunu yaratmaq olduğunu deyən millət vəkili Bartın-Amasranı da bu cür tanıdacağına söz verib:

“Ümummilli lider Heydər Əliyevin qardaş ölkə haqqında söylədiyi Azərbaycan və Türkiyənin “bir millət, iki dövlət” olması barədə fikirləri bizim gəncliyimizə hansı amalla irəliləməyin lazım olduğunu göstərib. Gənclərimiz bizim olana “mənim”, “sənin” deyə yox, “bizim” olaraq sahiblənməlidir”.

Millət vəkili görüş zamanı Bartın valisinə Ermənistanın işğal etdiyi Azərbaycan  bölgələrdən və işğal zamanı soydaşlarımızın çəkdiyi əziyyət və ağrılı günlərdən söz açıb:

“1 milyondan artıq insan 20 ildən artıqdır ki, öz torpağına qayıda bilmir. Bu insanlıq baxımından çox ağırdır. Yaşlıların çoxu torpaq həsrətilə ölür. Onlar məzarlarının Qarabağ köçürülməsini vəsiyyət edirlər”.

Q.Paşayeva Bartın valisini Azərbaycana dəvət edərək onu ölkəmizdə görməkdən məmnun olacağını bildirib. Vali təklifi qəbul edərək Azərbaycana gəlməkdən məmnunluq duyacağını deyib.

Görüşün sonunda millət vəkili Ali Çinara müəllifi olduğu, Azərbaycan həqiqətlərinə mədəniyyətinə və tarixinə dair kitablar və Azərbaycan bayrağı hədiyyə edib.