Qənirə Paşayeva imza günü keçirdi

70 69 68 67 6665

 

Millət vəkili Qənirə Paşayevanın yeni çapdan çıxmış “Dünyanı dəyişən alimlər” kitabının “imza günü” keçirilib.

Xalq.az xəbər verir ki , “İmza günü” törənini açıq elan edən “Park Bulvar”ın ictimaiyyətlə əlaqələr üzrə meneceri Günay Malikqızı millət vəkili Qənirə Paşayevanın imza gününə gələnləri salamlayaraq, bu gəlişi həm müəllifə həm də kitaba, imza günü keçirilən kitabın mövzusuna marağın ifadəsi kimi təqdim edib.

İmza günündə kitabın redaktorları Əkbər Qoşalı və Sərvaz Hüseyinoğlu çıxış edərək kitabın məziyyətləri və kitabın əhatə etdiyi mövzular üzrə öz fikirlərini bölüşüdükdən sonra söz millət vəkilinə verilib.

Millət vəkili Q.Paşayeva ilk növbədə onun “imza günü” üçün “Park Bulvar”a gələn çoxsaylı oxucuları, kitabsevərləri, elm, sənət dostlarını, sadə insanları bir arada görməkdən məmnun olduğunu, onların hər birinə təşəkkür etdiyini bildirib:

“Öncədən qeyd edim ki, bu kitabın satışından gələn gəliri yeniyetmə və gənclərimiz üçün kimya üzrə maraqlı kitablar yazan, vəsaitlər hazırlayan bir müəllimin yeni kitabının çapına yönəldiləcək. Siz, əziz oxucular, bugün kitab almaqla həm eviniz, kitabxananız üçün, ümidvaram maraqlı bir nəşr, övladlarınızın yararlana biləcəyi bir qaynaq əldə etmiş olursuz həm də xeyirxahlıq aksiyasında iştirak etmiş olursuz.

“Dünyanı dəyişən alimlər” II cildliyinin I cildinə 50 alim haqqında məlumatlar, onların elm yolunda fədakarlıqları haqqında maraqlı məqamlar, necə deyərlər, məsuliyyətli araşdırmaların nəticələri haqqında fikirlər toplanıb. Doğrudur, buradakı alimlər haqqında ayrı-ayrılıqda kitablar, məqalələr var və sizlər də onlarla tanış olmuşsuz… lakin biz 50 alimi bir yerdə təqdim edirik. Gələcəkdə daha 50 alimlə, toplam 100 alimi – dünyanı dəyişmiş 100 böyük insanı bir yerdə təqdim etmiş olacağıq. Bundan öncə “Nobel mükafatlı qadınlar”, “Tarixə adını yazan qadınlar” kitabları ilə çıxış etdiyimizi xatırlayırsız, bu kitab da müəyyən qədər o kitabların davamı sayıla bilər.

Əziz dostlar, inkişafın yolu kitabdan keçir! İnkişaf etmək, yeni nəslin maariflənməsini istəyiriksə kitaba dönəcəyik, kitabı təbliğ edəcəyik, kitaba çağıracağıq və kitab yazacağıq. – Hər birimiz üzərimizə belə bir nəcib missiya götürməkdə haqlıyıq deyə düşünürəm. Hər birinizə kitablı günlər arzulayıram! Var olun!”

Sonra müəllif oxucular üçün kitablarını imzaladı, oxucularla xatirə şəkilləri çəkdirib.

Qeyd edək ki, “imza günü”nə ictimaiyyət, sənət və iş dünyasının tanınmış nümayəndələri, Azərbaycanın əməkdar artisti Nuriyyə Hüseynova, Türkiyənin tanınmış sənətçisi Oya Ergün, tanınmış sənətçilər Vüsal Hacıyev, Əbdül Xalid, modelyer Gülnarə Xəlilova, elm adamları, Azərbaycanın tanınmış QHT rəhbərləri, KİV təmsilçiləri də qatılmışdı.