Qənirə Paşayevadan Tovuzun 5 kəndi ilə bağlı şad xəbər

Sabah Tovuzun 5 kəndində yeni içməli su xəttinin açılışı olacaq.

XALQ.AZ xəbər verir ki, bu barədə  millət vəkili Qənirə Paşayeva bildirib. Deputat Tovuzun Xatınlı, Qaraxanlı, Əlimərdanlı, Qədirli və Çilovdarlı kənd sakinlərini bu münasibətlə təbrik edib:

“Tovuzun bu beş kəndində sakinlərin içməli su ilə bağlı yaşadıqları böyük problemlərdən dolayı narahat olurduq. Bununla bağlı müraciətləri bir neçə dəfə Milli Məclisdə qaldırmaqla Azərsu ASC-nin rəhbərliyinə müraciətlər edərək problemin həllinə yardımçı olmağa çağırmışam. Eyni zamanda, məsələ ilə bağlı təkliflərlə də çıxış etmişəm. Dövlət başçısının “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq Tovuz kəndlərinin yaşadığı problemlərin həlli üçün vəsait ayrıldı, nəticədə qısa zamanda işlər başa çatdı. Tovuz kəndlərinin içməli su ilə təminatının yaxşılaşdırılmasına göstərdiyi dəstəyə görə həm seçicilərim, həm Tovuz ictimaiyyəti, həm də öz adımdan cənab prezidentə təşəkkür edirəm”.

Millət vəkili Azərsu ASC-nin rəhbərliyinə və rayon icra hakimiyyətinə də təşəkkür edib:

“Sabah açılış mərasimində Milli Məclisin Səhiyyə komitəsinin iclasından və vacib müzakirələrdən dolayı iştirak edə bilməsəm də, bütün sakinlərimizi bir daha təbrik edirəm. Yaxın günlərdə kəndlərimizi ziyarət edib, sakinlərlə görüşəcəyəm”.

 

Orxan