Prezidentin sərəncamı: 50 min ailəyə pul veriləcək

Prezident İlham Əliyevin aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında ötən gün imzaladığı sərəncam 50 minədək ailəni əhatə edəcək.

XALQ.AZ xəbər verir ki, bu barədə  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirib.
Nazirlik rəsmisi diqqətə çatdırıb ki, hər ailəyə 100 manat birdəfəlik yardım veriləcək: “Sərəncama əsasən, 2018-ci il dövlət büdcəsində ünvanlı dövlət sosial yardımı və sosial müavinətlər üçün nəzərdə tutulmuş vəsaitin xərclənməmiş qalıq hissəsindən 5 milyon manat ayrılması nəzərdə tutulub. Dekabr ayının sonunadək vəsait ailələrin bank hesablarına yerləşdiriləcək”.

Qeyd edək ki, Prezident İlham Əliyev aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, 2018-ci il 28 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 100 manat məbləğində birdəfəlik yardım ödəniləcək.

 

Orxan