Qərb Azərbaycana qarşı çirkin plan həyata keçiri

ABŞ dünyada hegemonluğu ələ almaq siyasətini davam etdirir. Təbii ki, dünyada ABŞ-dən başqa böyük iqtisadi və hərbi gücə malik ölkələr var. Amma ABŞ həmin ölkələri də onların qonşularında NATO qoşunlarını yerləşdirməklə təhdid etməyə çalışır. NATO ABŞ-nin maraqlarını həyata keçirir və ona görə də ABŞ-nin müəyyənləşdirdiyi ölkələrin ətrafında hərbi gücünü formalaşdırmaqda davam edir.

Bunu Milli Məclisin deputatı Azər Badamov deyib.

Qərbin çirkin plan

O bildirib ki, bu gün ABŞ-nin özünə rəqib bildiyi ölkələr Rusiya, Çin, İran, Türkiyə və bir sıra başqa ölkələrdir ki, hal-hazırda bu ölkələrin sərhədlərində fəal iş aparmaqdadır.

“Belə ki, Rusiyanın qonşuları olan baltikyanı ölkələr, o cümlədən Finlandiyanı da NATO-ya üzvülüyünə qəbul etdi. Yəni Rusiyanın qonşuluğunda NATO hərbi bazası yaradıldı. Ukraynanın NATO-ya üzvü qəbul edilməsi üçün etdiyi cəhdlər, bu ölkəni müharibə meydançasına çevirdi.

Bu gün ABŞ Ukraynada müharibənin mümkün qədər uzanmasına çalışır. Ona görə də Ukraynaya az-az hərbi yardımlar göndərməklə prosesin davam etməsinə imkan yaradır. Təbii ki, müharibə davam etdikcə Rusiyanın hərbi və iqtisadi gücü də azalmaqdadır. ABŞ-nin Ukraynadakı əsas məqsədi də budur. NATO qoşunlarını Gürcüstanda yerləşdirmək cəhdi də torpaqların itirilməsi ilə başa çatdı.

Tayvan problemi vasitəsilə Çinə təzyiq göstərməyə çalışır. NATO-nun üzvü olan Türkiyəyə isə ABŞ F16 problemini yaratdı. Belə ki, Suriya və İraq sərhədindəki havadan mühafizə sistemlərini Türkiyədən çıxardaraq apardı. Türkiyə özünün hava sərhədlərinin müdafiəsini təşkil etmək üçün Rusiyadan S 400 kompleksləri aldığına görə sanksiyalara məruz qaldı. Bu da Türkiyənin iqtisadiyyatına təsirsiz ötüşmədi.

ABŞ Ermənistanda hərbi baza yaratmaq planları ətrafında fəal iş görməklə İran, Rusiya və Azərbaycan üçün təzyiq mənbəyi yaratmağa çalışır. 5 apreldə Brüsseldə ABŞ Dövlət katibi Entoni Blinken, Avropa Komissarı Ursula Fon der Lyayen və Ermənistan baş naziri Nikol Paşinyan arasında keçiriləcək görüşdə də təhlükəsizliyə zəmanət paktı adı altında Avropa İttifaqının misiyasının tərkibinə ABŞ nümayəndələrini də daxil etmək istəyirlər. Təbii ki, son məqsədləri Ermənistanda ABŞ-nin hərbi bazasını yaratmaqdır”, – deyə deputat bildirib.

O qeyd edib ki, ABŞ bütün dünyada hərbi gücünü genişləndirmək siyasətini aparır.

“Ona görə də növbəti planı Cənubi Qafqazda gərginlik ocağını yaratmaqla Ermənistanla qonşu dövlətlərə təzyiq göstərməkdir. ABŞ hərbi bazalarını yaratdığı ölkələrin qonşu ölkələrində insan haqları, demokratiya və söz azadlığına dəstək proqramlarını genişləndirirlər. Beləliklə həm daxildə, həm də xaricdən gərginlik yaratmaqla təhdid edir və inkişaf edən suveren ölkələrin uğurlarını əlindən alır. Bu baxımdan 5 apreldə Brüsseldə keçirilməsi nəzərdə tutulan görüş Qərbin çirkin planının tərkib hissəsi olduğunu desək yanılmarıq”, – deyə deputat əlavə edib.