Qərb regionda münaqişənin yenidən qızışdırılmasında israrlıdır

“Cənubi Qafqazda dayanıqlı sülh və təhlükəsizliyə nail olmaq üçün unikal imkan yarandığı bir vaxtda Ermənistanda birdən-birə revanşist qüvvələrin daha da fəallaşması, bu ölkədə ayrı-ayrı dairələrin yenidən Azərbaycanı müharibə ilə hədələməyə başlaması, hətta iki gün öncə Ordumuzun Sədərək və Şahbuz istiqamətində yerləşən mövqelərinin Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşə tutulması yalnız bu ölkənin özünün qərarı deyil, həm də Qərbin İrəvana ötürdüyü birbaşa direktivlərin nəticəsidir. Düzdür, İrəvan yaxşı başa düşür ki, hazırkı qüvvələr nisbəti və Azərbaycanın çox sürətlə artan hərbi-siyasi imkanları fonunda Ermənistanın reginda hərbi-siyasi üstünlük qazanmaq perspektivi yoxdur, lakin görünür xüsusən 5 aprel görüşü ərəfəsi Qərbdən gələn siqnalların Ermənistanın özünün təcavüzkar mahiyyəti ilə üst-üstə düşməsi hayları yenidən eyforiyaya salıb”.

Bu sözləri  açıqlamasında millət vəkili Bəhruz Məhərrəmov deyib.

“Aydındır ki, Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olunması konkret olaraq ABŞ və Avropanın Fransa başda olmaqla, bir sıra subyektlərini qane etmir. Lakin bir reallıq da var ki, Qərb regionda cənab İlham Əliyevlə hesablaşmağa məhkumdur və bu situasiyanı başa düşən Qərb çarəni Ermənistanı Azərbaycanla yenidən qarşıdurmaya təhrik etməkdə görür. Heç şübhəsiz ki, Avropa İttifaqı-Ermənistan-ABŞ müştərək konfransının keçirilməsi və Ermənistan üçün təhlükəsizlik zəmanətinə dair hərbi paktın imzalanmasının planlaşdırılması bu planın həlledici addımıdır.

Çox təəssüflər olsun ki, Ermənistan hakimiyyəti və erməni cəmiyyəti cəmi 6 ay əvvəlki kapitulyasiyanı unudaraq ABŞ və Avropa İttifaqının heç bir perspektivi olmayan təhlükəli vədlərinə inanmağı obyektiv reallıqdan daha üstün tutur. Son bir neçə gündə Ermənistanda Azərbaycana qarşı təcavüzkar ritorikanın yüksək həddə çatması və təxribat cəhdlərinə hazırlıq məqsədilə informasiya məkanında vəziyyətin gərginləşməsinə xidmət edən təhrikçi məlumatların misli görünməmiş miqyasda tirajlanmağa başlaması da məhz bu prosesin tərkib hissəsidir. Görünən odur ki, Qərb regionda münaqişənin yenidən qızışdırılmasında israrlıdır və təcavüzkar mahiyyətindən əl çəkə bilməyən Ermənistan özü də bu məsələdə Qərbdən az həvəsli deyil”,- deyə deputat bildirib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin 2022-ci il noyabrın 8-də Şuşadan bəyan etdiyi kimi, İrəvan başa düşməlidir ki, heç kim min kilometrlərlə məsafədən gəlib onların yerinə döyüşməyəcək: “Bu mənada, Qərbin vədlərinə güvənən İrəvan anlamalıdır ki, Brüaseldə hansısa zəmanət çıxış.yolu deyil, əlsinə Qərbə inanaraq Azərbaycanla şərti sərhəddin müxtəlif istiqamətlərində canlı qüvvə, zirehli texnika, artilleriya qurğuları cəmləşdirib gərginlik yaratmaq cəhdi Ermənistan üçün intihar deməkdir. İrəvan unutmamalıdır ki, şərti sərhəddə cəm etdiyi fərari ordusu vasitəsi ilə Azərbaycana qarşı hər hansı hərbi təxribat cəhdi, yaxud maraqlara hər hansı təhdid niyyəti meydana çıxarsa, nəticələrə görə bütün məsuliyyət tamamilə Ermənistan və onun havadarlarının üzərinə düşəcəkdir”.