Qərbi narahat edən Azərbaycanın güclənməsidir

“5 apreldə Brüsseldə nəzərdə tutulan görüş Qərbin Cənubi Qafqazda çirkin planlarını həyata keçirmək üçün hazırladığı senarisinin tərkib hissəsidir”.

Bu sözləri açıqlamasında deputat Azər Badamov deyib

 

O bildirib ki, əgər bu görüş həqiqətən sülh və təhlükəsizlik məsələsi ilə bağlı olsaydı, ora mütləq şəkildə Azərbaycan da dəvət olunmalı idi: “Çünki, Azərbaycanın iştirakı olmadan regionda hər hansı bir məsələnin həll olunmasında uğur qazanmaq mümkün deyil. O cümlədən, deyildiyi kimi ABŞ və Aİ-ni Ermənistanın təhlükəsizliyi düşündürürsə, niyə məhz Ermənistanın silahlandırılmasına və hərbi dəstək göstərilməsi məsələləri müzkirə edilməyi planlaşdırılır? Çünki, Ermənistanda silahlar olduqda mütləq şəkildə işlənəcək və bunun cavabını Azərbaycan çox ağır şəkildə verəcəkdir. Bu, yenə ermənilərin qırılması ilə başa çatacaqdır. Belə olan halda hansı təhlükəsizliyə zəmanətdən söhbət gedə bilər. Onlar Ermənistana həqiqətən təhlükəsizliyə zəmanəti vermək istəsəydilər, ilk növbədə Azərbaycan Ermənistan münasibətlərinin normallaşdırlması prosesinin sürətlənməsinə töhfə verərdilər. Çünki, Ermənistanı işğal altındakı 8 kəndimizi qaytarandan sonra heç bir təhlükə gözləmir. Amma ABŞ və Aİ-nı başqa məsələ narahat edir. Bu məsələ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin yaranması ilə bağlıdır. Onlar son 33 ildə Cənubi Qafqazı gərgin bir region kimi görüblər.

Bu gün isə Azərbaycan öz ərazi bütövlüyünü təmin edib və Ermənistanla birbaşa danışıqlar aparılaraq sülh prosesinin davamlı olması üçün addımlar atılır. Hətta ölkələrimiz heç vaxt olmadığı qədər sülhə yaxındır. Məhz Qərbi narahat edən də budur. Hesab edirəm ki, Qərbin Cənubi Qafqazla bağlı planları iflasa uğrayacaqdır. Ona görə ki, ermənilərin içində də ağlı başında olanları var və onlar görürlər ki, Qərbin daxil olduğu ölkələrdə heç vaxt sabitlik olmur. Bu baxımdan Ermənistan daxilində Paşinyan hakimiyyətinin Qərbyönümlü siyasətinə qarşı yeni etirazlar dalğası başlanacağını hesab edirəm”.