“Qanun olmadığına görə işlər yubanır” – Deputat

Süni mayalanma üçün dövlət büdcəsindən pul ayrılması təklif edilib. 

Bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Rəşad Mahmudov çıxış edib.

Deputat bildirib ki, hər il maddiyyat baxımından uzun illər övlad sahibi ola bilməyənlərin bu arzusu gerçəkləşmir: “Hər dəfə bu mövzu ortaya çıxanda “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin qəbul edilməsi məsələsi gündəmə gəlir. Qanun olmadığına görə işlər yubanır. Amma qeyd edim ki, bu qanun olmadan da tibbi tərəfdən məsələnin həlli ilə əlaqəli bilinən həqiqətlər var. Uşaq sahibi olmaq əslində bir insanın tam şəkildə fiziki, əqli və sosial cəhətdən sağlamlıq halına yönələn vacib məsələdir. Bu da dövlət təyinatı altında olmalıdır”.

R.Mahmudov qeyd edib ki, gələn ilin büdcəsində bu sahə ilə bağlı müəyyən hazırlığın indidən görülməsi vacibdir: “Hesab edirəm ki, ildə heç olmasa 200-250 şəxsin süni mayalanma istəkləri ilə bağlı büdcədən 1 milyon və ya 1 milyon 500 min manatlıq yardımın ayrılması uyğun olar”.