Qanunlar sərtləşdirlməlidir

03

 

 

“Azərbaycanın dövlət quruluşu Azərbaycan xalqının maraqları əsasında referendum yolu ilə müəyyən edilib. Hansısa dini qurum, dini təşkilat, qeyri-hökumət təşkilatı bu quruluşu dəyişə bilməz”. SİA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Milli Məclisin bugünkü iclasında “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna dəyişikliklərin müzakirəsi zamanı bildirib.

Millət vəkili təkliflə çıxış edərək qanuna dini təşkilatlarla bağlı məsələnin də əlavə edilməsini istəyib. Onun fikrincə, Azərbaycanda bəzi dini cərəyanlar ölkənin dövlət quruluşunu dəyişməyə çalışırlar: “Müəyyən dini cərəyanlar, qurumlar var ki, qarşısına bilavasitə dövlətin quruluşunu dəyişməyi məqsəd qoyub. Biz bu yaxınlarda həmin insanların atışmalarının da şahidi olduq. Düzdür, hüquq-mühafizə orqanları çox operativ şəkildə bunun qarşısını aldılar. İstər Milli Təhlükəsizlik Nazirliyi, istəsə də daxili işlər orqanları mütəmadi bu işlə məşğuldur. Hesab edirəm ki, belə də olmalıdır”.

Millət vəkilinin fikrincə, belə şeylərə yol verməmək üçün qanun sərtləşdirilməlidir: “Azərbaycanın dövlət quruluşu Azərbaycan xalqının maraqları əsasında referendum yolu ilə müəyyən edilib. Hansısa dini cərəyan, qurum, dini təşkilat, qeyri-hökumət təşkilatı bu quruluşu dəyişə bilməz. Bu, Azərbaycan xalqının mənafeyidir. Buna cəhd göstərən Azərbaycan xalqının mənafeyinə, düşüncəsinə, amalına qarşı çıxmış olur. Ona görə də belə qanunlar sərtləşməlidir və qanun çərçivəsində kim istəyirsə, gəlib fəaliyyət göstərsin. Qanun hər şeydən alidir. Kimliyindən asılı olmayaraq, hansı siyasi partiyanın, təşkilatın üzvü olmasından asılı olmayaraq, hamı qanun qarşısında cavab verməlidir”.