“Qarabağ əsirlər və girovlar.Közərən xaç” filmi təqdim olunub

 

"Qarabağ əsirlər və girovlar. Közərən xaç” filmi təqdim olunub

Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurası tərəfindən “Qarabağ əsirlər və girovlar. Közərən xaç” filminin təqdimat mərasimi keçirilib. XALQ.AZ-ın xəbərinə görə, təqdimat mərasimində Mətbuat Şurasının rəsmiləri, media kapitanları, QHT nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov bildirib ki, bu gün Azərbaycanda 31 Mart Azərbaycanlıların Soyqırımı Günüdur və bu soyqırım böyük Ermənistan yaratmaq xülyasına düşən erməni vandalları tərəfindən törədilib, on minlərlə azərbaycanlı yalnız azərbaycanlı olduğuna görə qətlə yetirilib. MŞ sədrinin sözlərinə görə, 18-ci əsrin sonu, 19-cu əsrin əvvəlində ermənilər Azərbaycan ərazilərinə köçürülməyə başlayıb: “Bu səbəbdən də ermənilər Azərbaycan xalqına qarşı soyqırımlar törədiblər. 1905-1907-ci illərdə çoxsaylı Azərbaycan qəsəbələri, kəndləri talan olunub, on minlərlə azərbaycanlı qətlə yetirilib. 1918-ci ildə bu cür soyqırımlar daha da intensivləşib. Bakıda, Abşeronda və digər ərazilərdə on minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilib”. Ə.Amaşov bildirib ki, bu soyqırımlar 19-cu əsrin sonunda da davam edib: “Xocalı soyqırımı azərbaycanlıların xüsusi amansızlıqla qətlə yetirilməsinin əyani sübutudur. Bu günki film məhz bu hadisələrlə bağlıdır”. Tədbirdə film təqdim edilib. Filmin məsləhətçisi Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənov, müəllifi isə Mübariz Əsgərovdur. Filimdə danışan Ə.Həsənov bildirib ki, keçən əsrin əvvəllərində, 1905-1907-ci illərdə, 1915-1918-ci illərdə, 1948-1953-cü illərdə, 1988-ci ildən başlayaraq ermənilər Azərbaycan xalqına qarşı qanlı, anti-insani, vəhşi qətllər törədiblər: ” Onlar məqam düşən kimi öz vəhşiliklərindən istifadə ediblər. Ümumiyyətlə, insanı əzalarından məhrum etmək, onlara qarşı qorxuducu və vəhşət gətirici hadisələr törətmək ermənilərin xislətidir. Çox təəssüf edirəm ki, xristian dünyasında hələ də erməni xalqını yaxşı tanımırlar”. PA rəsmisinin sözlərinə görə, baxmayaraq ki, 200 ildən artıq bir müddətdə ermənilər Azərbaycan xalqının başına olmazın müsibətlər gətirib, vəhşiliklər törədib, amma biz həmişə ermənilərə hörmətlə yanaşmışıq: “Bunun nəticəsidir ki, Azərbaycanda 30 mindən artıq erməni bizim ailələrimizdə yaşayır, kimlərinsə anasıdır, kimlərinsə xanımıdır, kimlərinsə nənəsidir, kimlərinsə əmisi, dayısıdır. Bu, Azərbaycan xalqının tolerant ruhundan, tolerant adət-ənənəsindən, tolerant xarakterindən irəli gəlir”. Filmdən sonra tədbir iştirakçıları filmlə bağlı fikirlərini bildiriblər. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı, professor Cahangir Məmmədli söyləyib ki, filmi yüksək qiymətləndirib. Onun sözlərinə görə, bu filmi dünya görməli, bu dəhşətlərlə tanış olmalıdır: “Fakt ortada olanda daha təsirli olur. Filmdə bütün atributlar yerindədir və təsirlidir”. Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu filmin maraqlı və son dərəcə ciddi olduğunu dilə gətirib: ” Filmdən sonra yaranan pauza onun bitkinliyinə işarə idi. Filmdə bütün fikirlər öz əksini tapıb”. Mətbuat Şurasının idarə heyətinin üzvü, ” İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, film hər kəsin fikrini ifadə edib: ” Lakin hər kəs bu hadisələrin dünyada tanıdılması istiqamətində çalışmalıdır. Medianın üzərinə xüsusi məsuliyyət düşür. Son illər bu istiqamətdə aktivlik var. Bundan əlavə bu kimi filmlər xarici dillərə tərcümə olunaraq sosial şəbəkələrdə yayılmalı, beynəlxalq qurumlara göndərilməlidir”. Daha sonra çıxış edənlər söyləyiblər ki gənclər bu cür hadisələri çəkilən filmlər əsasında öyrənməli, gələcək nəsillərə ötürməlidirlər.