“Qarabağ İtkin ailələri” İctimai Birliyi BMT-yə müraciət edib

“Qarabağ İtkin ailələri” İctimai Birliyi BMT-yə müraciət edib.

Müraciətdə bildirilir ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 3890 nəfər itkin düşüb. 30 ildən çoxdur ki, Ermənistan həmin şəxslər barədə məlumatları təqdim etməkdən imtina edir.

Müraciətdə BMT-nin itkin düşmüş şəxslərin taleyi barədə məlumatları açıqlaması üçün Ermənistana çağırış etməsi, kütləvi məzarlıqların yerlərini Azərbaycan tərəfinə təqdim etməsi istənilir.   

“Beynəlxalq hüquqa görə münaqişə başa çatdıqdan sonra bütün hərbi əsirlər və mülki girovları geri qaytarmaq, həmçinin onlarla bağlı ətraflı məlumat vermək tərəflərin borcudur.
Azərbaycan 30 ilə yaxın ərazilərimizi işğal altında saxlayan Ermənistandan əsirlər barədə məlumat verməsini tələb edir”.

Bu sözləri   Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev deyib.

O bildirib ki, münaqişə dövründə işğal altındakı bölgəyə nəzarət Ermənistanda olduğu üçün vətəndaşlarımızın taleyi barədə də məlumat vermək öhdəçiliyi daşıyır. “Çıraqov
Qardaşları Ermənistana qarşı” beynəlxalq məhkəmə işində Avropa Məhkəməsinin çıxardığı qərarda da bu öz əksini tapıb.

“Nə onların dəfn edildikləri yerlərlə bağlı məlumat var, nə kütləvi məzarlıqların yeri bilinir, nə də hazırda həyatda olan əsirlərin taleyindən xəbərdarıq. Qırmızı Xaç Cəmiyyətinin əsas funksiyalarından biri əsir və girovların taleyini araşdırmaqdır. Təəssüf ki, o bu müddət ərzində ciddi nəticələri olan bir fəaliyyət göstərməyib. Lakin Qarabağda yaşayan ermənilərin humanitar vəziyyətilə bağlı o saat əl-ayağa düşdü. Azərbaycan qanunvericliyinə görə BQKX-nin ölkə ərazisində yalnız bir nümayəndəliyi ola bilər, lakin onların Xankəndidə də ofisləri var. Dəfələrlə demişik ki, humanitar daşımalar Ağdam – Xankəndi yolu vasitəsilə aparılsın, Qırmızı Xaçın belə ürəyi yanırsa, niyə bu yoldan istifadəni təşviq etmir?”

Ə.Nuriyevin fikrincə, beynəlxalq qurumlar dini və milli zəmində ayrıseçkilik edir, əsirlərimizin taleyinə aydınlıq gətirmir.

“Vyana Konvensiyasına görə, Ermənistan beynəlxalq hüquq qarşısında məsuliyyət daşıyır. Məlumatlar var ki, bəzi əsirlərin orqanları satılıb, bəziləri indiyə kimi şaxtalarda işlədilir, bəziləri başqa ölkələrə aparılıb, insan alverinin qurbanı olub, kütləvi şəkildə qətllər də törədilib. Ermənistanın bütün xüsusi xidmət orqanlarında onlar haqqında məlumat var.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası dəfələrlə onlarla bağlı konkret məlumatlar verib. Bu məlumatlar Qırmızı Xaçda da, BMT-də də, ATƏT-də də, ayrı-ayrı ölkələrdə də var. Niyə bu barədə susurlar?!

Vətəndaş cəmiyyətinin bu məsələylə bağlı BMT-ə müraciəti yaxşı təşəbbüsdür. Lakin mənim bir gözləntim yoxdur. Beynəlxalq qurumların Azərbaycana qarşı ikili siyasətinin dəfələrlə şahidi olmuşuq. Onlar xristian təəssübkeşliyi edir. Türk – müsəlman kimliyi daşıyanlar heç bir haqqa, hüquqa sahib deyillər onların gözündə”.