“Beynəlxalq Qırmızı Xaç Komitəsindən beynəlxalq hüquqa hörmət etməsini gözləyirik” – Deputat

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Azərbaycan ərazisində yerləşən nümayəndəliyinin hüquqi statusu haqqında 1996-cı il iyulun 29-da Azərbaycan hökuməti ilə Bakıda imzaladığı Sazişin 9-cu maddəsinin 13-cü yarımbəndinə əməl etməlidir. Həmçinin Xankəndidə yaratdığı ofisi Bakıdakı nümayəndəliyinə tabe olmalıdır. Sözügedən yarımbənddə deyilir ki, “nümayəndəliyin üzvləri dövlətin ərazisində qüvvəyə mindiyi vaxtdan Azərbaycan qanunlarına və qərarlarına hörmət etməyi öhdələrinə götürür”.

Lakin anlaşılan odur ki, BQXK 2000-ci ildə rəsmi Bakı ilə razılaşdırmadan Xankəndidə ofisini açmaqla və onu İrəvan ofisinə tabe etdirməklə, həm qeyd olunan Saziş üzrə öhdəliyini, həm də beynəlxalq hüququn normalarını kobud şəkildə pozub. BQXK bir növ Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalı legitimləşdirməyə kömək etməyə çalışıb.

Bu fikirləri Milli Məclisin deputatı Azay Quliyev söyləyib.

A.Quliyev deyib: “Mən bu qurumun Azərbaycandakı digər fəaliyyəti (mənfi və ya müsbət), bizim minlərlə müharibə qurbanları ilə bağlı ona olan gözləntiləri doğrultmaması barədə yazmaq istəmirəm, çünki bu haqda mətbuatda kifayət qədər materiallar tapmaq mümkündür və onları təkrarlamağa ehtiyac görmürəm. Lakin özünü müstəqil, qərəzsiz və tərəfsiz təşkilat adlandıran BQXK-nın 23 ildir, xüsusilə 44 günlük Vətən müharibəsindən, yəni, Azərbaycanın ərazi bütövlüyünü təmin etməsindən sonra rəsmi Bakının və ölkə ictimaiyyətinin çağırışlarına rəğmən, hələ də Xankəndi ofisinin statusunu ölkəmizin Konstitusiyasına və qanunlarına uyğun dəyişdirməməsini, bu ofisi Bakıdakı nümayəndəliyinə tabe etdirməməsini dözülməz hal hesab edirəm”.

Deputat ümidvar olduğunu bildirib ki, BQXK BMT-nin Nizamnaməsi və digər sənədlərdə əks olunan beynəlxalq hüququn norma və prinsiplərinə, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət edərək, gec də olsa öz səhvini düzəldəcək. Eyni zamanda, Azərbaycan Prezidentinin, hökumətinin, parlamentinin və ictimaiyyətinin haqlı çağırışlarına qulaq asaraq, tezliklə Xankəndi ofisinin Bakıdakı nümayəndəliyinə tabe olmasını təmin edəcək.

Bu addımı atmaqla BQXK həm regional sülhün və təhlükəsizliyin möhkəmlənməsinə, həm də Qarabağdakı erməni sakinlərin reinteqrasiya prosesinə, onların qanuni maraqlarının etibarlı təminatına və humanitar sahədə problemlərin aradan qaldırılmasına ciddi töhfə vermiş olacaq.

İndi isə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycana qarşı yol verdiyi səhvlərin aradan qaldırmasının, bundan sonra ölkəmizə münasibətdə nə qədər neytral, tərəfsiz və qərəzsiz ola biləcəyini sübut etməsinin vaxtıdır.