“Rəsmi İrəvan sülhə gəlməyin nə qədər zəruri olduğunu anlamalıdır” – Deputat

Məlumdur ki, Cənubi Qafqazın inkişafı əsasən Azərbaycanla Ermənistan arasında münasibətlərin yaxşılaşmasından asılıdır. Bu baxımdan Ermənistan Azərbaycanın irəli sürdüyü sülh təşəbbüsünü dəstəkləməlidir. Azərbaycan Prezidenti İlham Əliyev nüfuzlu “Euronews” telekanalına müsahibəsində regionda baş verən proseslər, münasibətlərin normallaşdırılması, sülh üçün irəli sürülən təşəbbüslər haqqında fikirlərini ətraflı şəkildə ifadə etdi.

Bu fikirləri  Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva ifadə edib.

Deputat bildirib ki, 44 günlük Vətən müharibəsinin başa çatmasından sonra Azərbaycan Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün səylər göstərir. Amma Ermənistan hələ də qeyri-konstruktiv mövqe nümayiş etdirir. Lakin bu gün sülhə əngəl olan məhz Ermənistandır. Baxmayaraq ki, işğalçı ölkə 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza atıb, amma hələ də üçtərəfli Bəyanatın müddəalarını tam yerinə yetirmir. Belə ki, bu ölkə hələ də Qarabağ ərazisindən qanunsuz silahlı dəstələrini çıxarmayıb, eləcə də Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyaların açılması öhdəliyinə əməl etmir. Bütün bunlar isə regionda vəziyyəti mürəkkəbləşdirir. Nəzərə almaq lazımdır ki, sülh sazişinin prinsiplərini müəyyən edən məhz Azərbaycandır. Bu prinsiplər ərazi bütövlüyünün, suverenliyin və beynəlxalq səviyyədə tanınmış sərhədlərin qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, gücdən istifadə etməmə və ya güclə təhdid etməmə kimi beynəlxalq hüququn məlum prinsipləridir.

Deputatın sözlərinə görə, hazırda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi davam edir. Avropa İttifaqı, ABŞ və Rusiya bu prosesdə vasitəçilik edir. Azərbaycan sülh naminə bütün beynəlxalq təşəbbüsləri dəstəkləyir. Əgər bu təşəbbüslər sülhə xidmət edirsə, nəticə olmalıdır. Məlumdur ki, Ermənistan Qarabağı Azərbaycanın ərazisi kimi tanıdığını bəyan edib. Azərbaycan normallaşma prosesində Avropa İttifaqı da daxil olmaqla, digər tərəflərin vasitəçiliyini müsbət dəyərləndirir.

“Müsahibədə real prosesləri diqqətə çatdıran dövlətimizin başçısı bir daha vurğuladı ki, Qarabağda yaşayan erməni əhali manipulyasiyanın girovu olmağa son qoymalıdır. Çünki beynəlxalq hüquq separatizmi dəstəkləmir. Bu səbəbdən, Qarabağ erməniləri öz seçimlərini etməlidirlər. Ermənistanın sülh prosesini uzatması region üçün yaxşı heç nə vəd etmir. Ona görə də rəsmi İrəvan sülhə gəlməyin nə qədər zəruri olduğunu anlamalıdır”, – deyə Sevinc Fətəliyeva vurğulayıb.