Qarabağ qazisi prezidentə müraciət etdi

Vətən müharibəsi iştirakçısı, ikinci qrup əlil Cahangirov İlqar Əlsafa oğlu Abşeron rayon icra başçısı Abdin Fərzəliyevdən şikayətçidir. O, Prezident İlham Əliyevə müraciət edib.
Müraciətdə deyilir: “Mən Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci qrup əliləm. Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə 2021-ci ildə Bakıda mənzillə təmin olunmuşam. Qüsursuz xidmətə görə 1-ci, 2-ci və 3-cü dərəcəli medallarla təltif olunmuşam. Silahlə qüvvələrin 90, 95 və 100 illiyi yubiley, Azərbaycan ordusunun yaranmasının 10 illiyi yubiley, hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli, Füzulinin, Cəbrayılın, Xocavəndin, Şuşanın azad olunmasına görə, döyüşdə fərqlənməyə görə və vətən müharibəsi iştirakçısı medalları ilə təltif olunmuşam.
Atam Əlisafa Cahangirov birinci Qarabağ müharibəsinin iştirakçısı olub, anam Zəminə Cahangirova qəhrəman ana adını alıb və ömürlük 1-ci qrup əlildir. İki qardaşımdan biri – Altay Cahangirov birinci Qarabağ döyüşlərində yaralanıb, ömürlük 2-ci qrup əlildir və digər qardaşım Fərahim Cahangirov birinci Qarabağ müharibəsi veteranıdır. Bir sözlə biz ailəlikcə vətənimizə və dövlətimizə bağlı şəxslərik”.
Müraciətdə deyilir ki, bu artıq onun sonuncu şikayət ərizəsidir: “Bu ərizəmə də baxılmasa, bütün beynəlxalq təşkilatlara, Türkiyə, Rusiya, Pakistan və İsrail prezidentlərinə və Azərbaycanda olan bütün ölkələrin səfirliklərinə bir-bir müraciət edəcəyəm ki, mənim səsimi cənab Prezident İlham Əliyevə çatdırsınlar.
Bunu etdikdən sonra bilirəm ki, hüquq-mühafizə orqanlarındən mənə zənglər gələcək, lakin mən bunu əvvəlki məktublarımda və 30-dan çox saytda yazılarım dərc ediləndə həmin məktublarda bildirmişdim.
Axı bu qədər məktublar yazıram və 30-dan çox saytda barəmdə xəbərlər dərc edilib nəyə görə bütün bunlara əhəmiyyət verən yoxdur? Hətta Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qəbuluna yazıldım, köməkçiləri məni qəbul etdilər və problemimin həlli istiqamətində kömək edəcəklərinə söz versələr də heç bir nəticəsi olmadı.
Təsəvvür edin ki, bu qədər vaxtda nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmiləri, nə də Abşeron rayon İcra Hakimiyyətinin rəsmiləri məni qəbul etdilər. Mənim kimi bir qaziyə qarşı belə bir süründürməçilik edən məmurlar görün sadə vətəndaşları necə əzirlər. Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevə bu ölkədə “gözün üstə qaşın var” deyən yoxdur!
Halbuki, 20-dən çox saytda məqalələrim var ki, Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin qəbuluna bir ildir düşə bilmirəm. Prezident İlham Əliyev çıxışlarında söyləyir ki, bütün məmurlar xalqın xidmətçisidir, heç kim özünü ağa kimi xan kimi aparmamlıdır, xalqa üstdən aşağı baxmamalıdır. Lakin Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev özünü xalqın xidmətçisi bilmir, özünü ağa kimi, xan kimi aparır və bütün vətəndaşlara üstdən aşağı baxır. İndi buna nə ad verəsən?”

 

 

Tribunainfo.az