“Tələbə büdcəsi demək olar ki, ancaq kirayələrə xərclənir: – Etibar Əliyev

Dərs ilinin başlamasına az qalıb. Tələbələr bölgələrdən paytaxta axın edəcək. Əksəriyyəti kirayədə qalmalı olur. Çünki universitetlər onları yataqxana ilə təmin etmir. Bir çox universitetin yataqxanası yoxdur, bəzi köhnə yataqxana binalarında isə qaçqın və məcburi köçkünlər məskunlaşıb. Tələbə büdcəsi demək olar ki, ancaq kirayələrə xərclənir.
Uzun illərdir həllini tapmayan problemlərlə bağlı deputat Etibar Əliyev  danışıb. Onun sözlərinə görə, universitetlərin reytinq göstəricilərində yataqxana amili mühüm rol oyanayır. Universitetinin kampusunda mütləq yataqxana olmalıdır:

“Təəssüf ki, erməni işğalı nəticəsində bir milyona yaxın qaçqın və məcburi köçkün doğma torpaqlarından didərgin düşdü. Onların yerləşdirilməsi mühüm məsələ idi. Bir qismi tələbə yataqxanalarında məskunlaşdı. Həmin binalar da çox köhnə idi. Sovet vaxtı tikilib, müasir tələblərə cavab vermir. Tələbələrin kirayədə qalması təəssüf ki, onların normal yaşayışına təsir edir. Tələbə geyiminə, qidalanmasına, tədris ləvazimatlarına, kitablara verəcəyi pulu kirayəyə xərcləməli olur. Yollarda vaxt itkisi gediş-gəlişi çətinləşdirir, tələbəyə stress yaşadır. Kirayələr də çox bahadır, tələbə büdcəsi buna kifayət etmir”.
Deputat qeyd edib ki, qısa zaman kəsiyində ali məktəblərin tələbələri yataqxanalarla təmin etmək ehtimalı çox azdır:
“Nəzərə almalıyıq ki, tələbələrin 60 faizə qədəri ödənişli təhsil alır. Ölkədə təhsil haqları tədrisin keyfiyyətinə adekvat deyil. İlliyi 4-5 min manat olan ixtisaslar var. Bu xərclər toplananda tələbələr də, onların ailələri də universitet illləri boyunca böyük çətinliklərlə qarşılaşırlar.
Universitetlər ödənişli əsaslarla təhsil alan tələbələrin köçürdükləri vəsait hesabına fəaliyyət göstərir. Dövlət hesabına oxuyan tələbələrin təhsil haqqını isə dövlət ödəyir. Bu vəsaitlərin də 80 faizdən çoxu müəllimlərin əməkhaqqısına gedir”.
E.Əliyev təklif edib ki, dövlət bu problemin həllini öz üzərinə götürməlidir:
“Düşünürəm ki, dövlət bu işi öz öhdəsinə götürüb, yaxın gələcəkdə hər bir universitetin yataqxanasının tikilməsi üçün proqram tərtib etməlidir. Bu gün büdcənin xeyli hissəsi Qarabağda bərpa və quruculuq işlərinə ayrılıb, etiraf edək ki, bu daha vacib məsələdir”.
Sonda deputat vurğulayıb ki, tələbələrin sosiallaşması üçün yataqxana faktoru çox mühümdür:
“Mən özüm universitetdə oxuyarkən 5 il yataqxanada qalmışam. Orada kitabxana, idman meydançası var idi, tələbələrlə birgə gəzintilər təşkil edirdik, aktiv sosial həyatımız vardı. Eyni zamanda yataqxanada bilik mübadiləsi aparılırdı, güclü tələbələr zəiflərə kömək edirdi. Yataqxanaları kiçik ödəniş müqabilində də tələbələrin istifadəsinə vermək olar. Universitetlərin əldə etdiyi gəlirləri düzgün hesablayıb, ən azından mövcud yataqxanaların şəraitini yaxşılaşdırmaq mümkündür. Köhnə yataqxana binaları hətta qəzalı vəziyyətdədir. “Böyük Qayıdış” davam edir. Sakinlər öz yurd-yuvalarına qayıtsa da tələbələri həmin binalara köçürmək qeyri-mümkündür. Yeni, modern yataqxanalar salınmalıdır. Bu, tələblərin həm sosial vəziyyətinə, həm də təhsilinə pozitiv təsir göstərəcək”.