Qarabağa böyük qayıdışın şahidi oluruq

Bu gün tarixi hadisənin – Qarabağa böyük qayıdışın, sakinlərin ilk köçürülməsinin şahidi oluruq.

Bunu Azərbaycan Prezidentinin Zəngilan rayonu üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.

“Bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edirəm. Məlumdur ki, cənab Prezident, Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər ordumuz şanlı Vətən müharibəsində qələbə qazanıb. Bu zəfəri bizə bəxş edən şəhidlərimizin ruhu qarşısında baş əyirik, qazilərimizə can sağlığı diləyirəm”.

O bildirib ki, müharibədən dərhal sonra Prezidentin tapşırığı ilə Qarabağda və Şərqi Zəngəzurda irimiqyaslı bərpa və quruculuq işlərinə start verilib:

“Zəngilanda da kifayət qədər irimiqyaslı infrastuktur layihələri həyata keçirilir. Dəmir yolu, avtomobil yolları tikilməkdədir. Bu yaxınlarda hava limanı istismara veriləcək. İlk olaraq Zəngilanın Ağalı kəndi bərpa olunub. Bu kənd “Ağıllı kənd” konsepsiyasına uyğun qurulub. Bu ay ərzində 41 ailə Ağalı kəndinə köçürüləcək. Növbəti aylarda da köçürmələrin baş tutacağı gözlənilir.

Hazırda ümumilikdə Ağalı kəndinin 1457 sakini var. Onlardan 1 357 nəfəri bu kənddə yaşamaq niyyətini bildiriblər.

Bu gün 58 nəfərdən ibarət 10 ailə Ağalı kəndinə köçürülür. Ümumilikdə isə 201 nəfər növbəti 5 gün ərzində Ağalıya köçürüləcək”.

Xüsusi nümayəndə qeyd edib ki, ilkin mərhələdə kənd sakinlərinin Ağalıda yaşaması üçün bütün infrastuktur qurulub.

 

axar.az