Qarabağda abadlıq-quruculuq işləri uğurla həyata keçirilir

“Azərbaycan dövləti torpaqlarını işğaldan azad etdikdən sonra Qarabağın yenidən qurulması və həmin ərazilərə keçmiş məcburi köçkünlərin qayıdışını təmin etmək üçün sürətli təsislərin icrasına başlayıb. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında Qarabağda abadlıq-quruculuq işləri həyata keçirilməkdədir. Demək olar ki, son üç il ərzində infrastruktur layihələrinin icrası uğurla həyata keçirilib, elektrik enerjisi ilə təminat məsələsi həll olunub, kiçik SES-lərin inşası, təmiri və yenidənqurması davam etdirilir. Həmçinin, qazla təminat məsələsinə də önəm verilib. Bütün bunlarla yanaşı ağır və çətin relyefə malik bu ərazilərdə yeni yolların çəkilməsi, tunellərin inşa olunması reallaşdırılıb”.

Bu sözləri  açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Deputat xatırladıb ki, Azərbaycan işğala son qoyduqdan sonra əlavə bir problemlə də qarşılaşdı: “Təəssüf ki, həmin ərazilərdə erməni separatçıları tərəfindən insan və tank əleyhinə minalar basdırılmışdı. Bu minalardan təmizlənmə çox çətin bir prosesdir. Azərbaycan dövləti bu işin öhdəsindən gələ bilmək üçün bütün gücünü səfərbər edib. Bu ərazilərə milyon yarımdan çox mina basdırılıb. Ərazisində minaların çoxluğu ilə əlaqədar Azərbaycan dünyada ilk sıralardan birini tutur. Minadantəmizlənmə həm çox vəsait, həm də zaman tələb edir. Bu da istər-istəməz Qarabağa qayıdış prosesini müəyyən qədər ləngidir. Təəssüf ki, beynəlxalq ictimaiyyət, erməni havadarları bu məsələ ilə bağlı Ermənistana hər hansı bir təzyiq etmirlər. Ermənistan isə minalarla bağlı real xəritələri Azərbaycana təqdim etməkdən boyun qaçırır. Buna baxmayaraq Azərbaycan qayıdışla bağlı mühüm işlər həyata keçirib. İşğaldan azad olunmuş ərazilərin böyük əksəriyyətinin baş planı artıq təsdiqlənib. Bu baş plana əsasən, rayonlar, şəhərlər və kəndlər inşa olunmaqdadır. Ən əsası isə odur ki, Azərbaycan Prezidentinin göstərişi ilə bu ərazilər “Yaşıl ərazi” elan olunub. “Ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyası həyata keçirilib”.

N.Həmzəyev sözlərinə davam edərək bildirib ki, həmin ərazilərə gediş-gəlişi daha da sürətləndirə bilmək üçün Füzuli və Zəngilan Beynəlxalq Hava Limanlarının açılışı olub: “Laçın hava limanının inşası isə davam etdirilir. Eyni zamanda, biz Şuşa şəhərinə gedən Zəfər yolunun inşasının şahidi olmuşuq. Bundan əlavə, Sərsəng və Suqovuşan su anbarının işğaldan azad olunması nəticəsində bu ərazilərdə su ehtiyatlarının araşdırılması, onun qənaətlə istifadəsi ilə bağlı xüsusi konsepsiyanın hazırlanması üçün dövlət proqramı həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzurda xüsusi enerji atlası hazırlanıb ki, bunun nəticəsində hansı ərazilərdə külək, hansı ərazilərdə isə günəş enerjisindən istifadə oluna biləcəyi müəyyən olunub. Bir çox beynəlxalq təşkilatlarla bu ərazilərə sərmayə qoyuluşu ilə bağlı razılıq əldə olunub. Həmçinin, bu ərazilər kənd təsərrüfatı potensialı çox böyükdür.

İki ildir ki, fermerlər, kənd təsərrüfatı işçiləri azad olunmuş ərazilərdə çalışır və yaxşı məhsul əldə edirlər. Eyni zamanda, turizm potensialının düzgün istifadəsi ilə bağlı bir çox işlər görülüb. Şuşada, Laçında və Kəlbəcərdə xüsusi tikinti işləri həyata keçirilib. 2023-cü ilin sentyabrında antiterror tədbirlərindən sonra Azərbaycanın suverenliyinin bərpa olunması bizim üçün əlavə üstünlüklər də yaratdı. İnanırıq ki, tezliklə bütün bu ərazilərdə həyata keçirilmiş infrastruktur layihələri Azərbaycan iqtisadiyyatına öz töhfəsini verəcək. Ən əsası da bütün məcburi köçkünlərimiz nəhayət öz dədə-baba torpaqlarında yaşayacaqlar”.