Deputat: “Azərbaycan regionda sülhün təminatçısıdır”

“Soyuq müharibədən sonra qütblərarası ziddiyyətin ən pik həddə çatdığı və hətta mövcud situasiyanın üçüncü dünya müharibəsi kimi qiymətləndirildiyi bir şəraitdə cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin əsl mahiyyəti daha aydın formada görünməkdədir. Mövcud reallıq, xüsusən regionda baş verən proseslər fonunda daha aydın formada sezilir. Azərbaycan MDB məkanında və bütövlükdə regionda İkinci Dünya müharibəsindən sonra hərbi-siyasi yolla qələbə qazanan, işğala son qoyan, öz gücü hesabına beynəlxalq hüququn aliliyini təmin edən yeganə dövlətdir. Həmçinin məhz cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığında Azərbaycan bir sıra Qərb dairələrinin belə əsrlərdir öz ərazilərində həll edə bilmədikləri separatizm problemini cəmi 23 saata kökündən qazımaqla separatizmlə mübarizədə effektiv nəticə göstərən yeganə dövlət kimi müasir tarixə adını yazdırıb”.

Bunu açıqlamasında millət vəkili Bəhruz Məhərrəmov deyib.

 

“Bildiyiniz kimi, bir sıra Qərb dairələri, o cümlədən ABŞ və Fransa regionda işğal faktoruna, həmçinin separatizmin mövcudluğuna özlərinin neoimperialist niyyətlərinin reallaşması üçün mühüm və effektiv rıçaq kimi baxırdılar. Lakin cənab İlham Əliyev 3 il ərzində Ermənistan və onunla bərabər havadarlarını iki dəfə kapitulyasiyaya məcbur etməklə, həm də regionda müstəqil gücün, diqtə edən iradə sahibinin kim olduğunu aydın şəkildə ortaya qoymuş oldu. Bu gün nə siyasi və iqtisadi müstəqillik baxımdan, nə suveren iradə baxımdan heç bir region dövləti Azərbaycanla müqayisə edilə bilmir”,- deyə o əlavə edib.

Deputat sözlərinə davam edərək bildirib ki, region dövlətlərində siyasi səhnədə qeyri-stabil ab-havanın mövcudluğu, hakimiyyət qolları arasında davamlı çəkişmələr, həmçinin hakimiyyətdə olan güclərin ayrı-ayrı ölkələrin marionetlərinə çevrilməsi, eləcə də ölkələrin ərazilərinin hələ də işğalda qalması fonunda Azərbaycanın qeyd etdiyimiz nəticələrə nail olması, həqiqətən də, çox ciddi və çoxları üçün də gözlənilməz nəticə idi: “Bu mənada, cənab İlham Əliyevin bir neçə dəfə bəyan etdiyi kimi, Azərbaycanı münaqişəli bir regionda təhlükəsiz ada hesab etmək olar. Təbii ki, Azərbaycanı regionda fərqləndirən, sabitlik və təhlükəsizlik adasına çevirən mövcud situasiya tarixi proseslərin təbii axarında meydana çıxmayıb, hər bir uğurun arxasında ciddi siyasi iradə, sarsılmaz qətiyyət və xalq-iqtidar birliyinin təntənəsi dayanır.

Əlbəttə, bu hələ yolun başlanğıcıdır və Azərbaycan xalqının Heydər Əliyev siyasi kursuna sarsılmaz bağlılığı davam etdikcə, xalqımız Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında daha sıx birləşdikcə daha ciddi uğurlara şahidlik edəcəyik”.