“Qarabağda çox geniş layihələr həyata keçiriləcək” Vahid Əhmədov

19-20 sentyabr tarixlərində Azərbaycan ordusunun Qarabağda antiterror əməliyyatı keçirməsindən sonra bölgədə mövcudluğunu qorumuş separatçı ünsürlər bir-bir tərksilah olunmağa başladı. Məhz bundan sonra da Qarabağın erməni əhalisinin könüllü surətdə köç prosesinə start verildi. Doğrudur, Azərbaycan dövləti onlara hər nə qədər “qalın, getməyin” desə də, bu adamların çoxu öz xoşları ilə torpaqlarımızı tərk etməyi üstün tutublar.

Azərbaycan dövləti isə artıq həmin ərazilərə məcburi köçkünlərin geri qayıtması üçün xüsusi qayıdış proqramlarının hazırlandığını bəyan etmişdi. Buna səbəb isə başda Xankəndi olmaqla, Xocalı, Xocavənd, Ağdərə, Əsgəran və digər şəhər və qəsəbələrdə yaşayışın olması, eləcə də infrastrukturun dağıdılmaması faktı idi.

Qeyd etmək lazımdır ki, Xankəndi şəhərinin Azərbaycanın enerji qovaşğına qoşulmasından sonra Azərbaycanın teleradio xidməti, o cümlədən mobil rabitə şəbəkəsi də Qarabağda fəaliyyətə başlayıb. Digər dağıdılan şəhər və qəsəbələrə nisbətən, Qarabağın mərkəzi hissəsində Azərbaycanın yeni iqtisadi və turizm layihələri həyata keçirəcəyi istisna edilmir.

Milli Məclisin deputatı, iqtisadçı Vahid Əhmədov  bildirib ki, Qarabağın yeni işğaldan azad olunmuş ərazisi iqtisadi cəhətdən çox böyük bir əhəmiyyət kəsb edən bölgədir:

“Orada istər kənd təsərrüfatı, istər sənaye, istərsə də turizmçilik olsun, bu sahələri canlandırmaq üçün o ərazilərin əhəmiyyəti çox böyükdür. Vaxtilə bu ərazilərdə çoxlu sənaye mərkəzləri, turizmlə əlaqədar obyektlər yerləşib.

Bu gün Qarabağda kifayət qədər böyük ehtiyatlar var. Doğrudur, ermənilər müəyyən qədər bu ehtiyatlardan istifadə ediblər, lakin işğaldan azad olunan ərazilərdə işlər gedir. Orada müəyyən obyektlər tikilir, turizmlə bağlı işlər gedir. Əsas məsələ isə əhalinin bölgəyə köçürülməsidir. Əhali köçürüləndən sonra infrastruktur daha da inkişaf edəcək”.

Millət vəkili təsdiqləyib ki, bu gün bununla paralel digər ərazilərdə də müvafiq proseslər gedir:

“Həmin bölgənin Azərbaycan iqtisadiyyatına təsiri çox böyük olacaq. Çünki orada kifayət qədər mineral ehtiyatlar, qızıl yataqları, mineral sular, taxıl sahələri və s. şəraitlər var. Artıq Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi tərəfindən taxılın əkilməsi ilə bağlı müvafiq işlər görülür”.

Milli Məclisin üzvü əlavə edib ki, Qarabağ çox geniş və kifayət qədər münbit torpaqlara, eləcə də turizm üçün əhəmiyyətli ərazilərə sahib olduğu üçün, əlbəttə ki, Azərbaycan iqtisadiyyatına öz müsbət təsirlərini göstərəcək:

“Qarabağın bərpası üçün kifayət qədər vaxt lazımdır. Çünki orada gedən bütün işlər Azərbaycanın dövlət büdcəsi hesabına təşkil olunur. Bu günə qədər oraya 12 milyard manata yaxın vəsait xərclənib. O vəsaitin hamısı da Azərbaycan dövlətinə məxsusdur. Bu gün faktiki olaraq bizə orada heç kim yardım etmir. Ola bilər ki, 1-2 dövlət, məktəb, yaşayış kompleksi tiksin, amma bu da xırda məsələlərdir”.

Vahid  Əhmədova görə, Azərbaycan dövlətinin Qarabağda çox geniş planları var:

“Dövlət başçısı İlham Əliyev ayda neçə dəfə orada olur, yeni obyektləri açır, istifadəyə verir, bəzilərinin təməlini qoyur və s. Yəni bura geniş bir ərazi olduğu üçün iqtisadiyyatımıza təsiri böyük olacaq. Sadaladığım sahələrin inkişafı üçün Qarabağda yaxşı şəraitlər var ki, Azərbaycan dövləti bu şəraitdən istifadə edəcək”.

O, xatırladıb ki, Qarabağda elə yerlər olub ki, orada 30 ildən çox yaşayış olmayıb:

“İkincisi də infrastruktur layihələri hazırlananda bu, əhalinin köçməsinə hesablanır. Amma elə ərazilər də var ki, orada yaşayış yoxdur. Burada 20 nəfər yaşayıbsa, bu, o demək deyil ki, orada yaşayış olub. Hətta bu gün Qarabağda 6-7 mərtəbəli binalar tikilir. Onsuz da infrastruktur layihələrinin həyata keçirilməsi üçün müəyyən qədər vaxt lazım olacaq”.

Millət vəkili bildirib ki, ümumiyyətlə, Qarabağ zonasının inkişafı 1-2 ilə başa gələn məsələ deyil:

“Oraya külli miqdarda, bəlkə də 50-60 milyard manata yaxın vəsait lazım olacaq ki, biz həmin ərazini dirçəldib inkişaf etdirək. Əlbəttə ki, yaşayış olan yerlər müəyyən qədər əlverişli yerlərdir və o yerlərə diqqət daha böyükdür. Elə yerlər var ki, yaşayış olub. Ona görə də bu məsələlər müəyyən qədər vaxt aparan məsələlərdir. Bu barədə dövlətin proqramı da mövcuddur. Bildiyiniz kimi, dövlətimiz bu gün 2023-2026-cı illər arasında Qarabağa qayıdış planını həyata keçirir”.

“Qarabağ İqtisadi Rayonundan başqa hər bir rayonun özünün planı var ki, o plan dövlət başçısı tərəfindən təsdiq olunur və həyata keçirilir. Bu ərazilər dövlətimiz və gələcəyimiz üçün çox əhəmiyyətlidir. O ərazinin istifadəyə verilməsi, lazımi səviyyədə qurulması da, eynilə bizim üçün böyük əhəmiyyət kəsb edir”, – fikirlərini tamamlayıb.