“Qarabağda yaşayan erməni icması ilə birbaşa təmaslar qurmaq Azərbaycan tərəfinin təşəbbüsüdür” – Deputat

“Yevlax görüşü baş tutacağı təqdirdə növbəti görüşlərin də olacağı istisna deyil. Məqsəd etimad və etibar mühitinin formalaşdırılmasıdır. Qoy görsünlər ki, Azərbaycana reinteqrasiya onlarçün heç bir təhlükə mənbəyi deyil, əksinə rifah və inkişaf, təminatlı gələcək deməkdir”. 

Bu fikirləri  Milli Məclisin deputatı Elman Nəsirov bildirib.
O qeyd edib ki, Qarabağda yaşayan erməni icması ilə birbaşa təmaslar qurmaq Azərbaycan tərəfinin təşəbbüsüdür.
“Xocalıda Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazidə keçirilən görüşdən sonra Ermənistanın siyasi rəhbərliyi və Qarabağdakı əlaltıları çalışdılar ki, belə görüşlər baş tutmasın. Halbuki Azərbaycan tərəfi ikinci görüşün Bakıda keçirilməsi təşəbbüsü ilə çıxış etmişdi. Lakin bu görüş Ermənistanın təzyiqilə baş tutmadı”.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin də bəyan etdiyi kimi Azərbaycanın məqsədi regionda davamlı sülhü təmin etməkdir.
“Qarabağda yaşayan ermənilər də bu dövlətin vətəndaşıdır. Onlar ölkə Konstitusiyası ilə müəyyən edilmiş bütün hüquqlara malik olacaqlar, təhlükəsizliklərinə zəmanət veriləcək. Görüşdən imtina edirlərsə, özləri bilərlər.

Hesab edirəm ki, Prezidentin bu məsələylə bağlı prinsipial mövqeyi öz təsiri göstərir. Bu görüş nəticə etibarilə həm də xalq diplomasiyasının tətbiqidir ki, bu da sülh prosesinə töfhə verə bilər və sülh müqaviləsinin imzalanması baxımından olduqca qiymətlidir”.