Qaradağda işsizlik

17

Süleyman Mikayılov sahibkarları sıxışdırır

Qaradağ rayonunda işsizlik pik həddə: gənclər etiraz edir…

Azərbaycan dövlətinin qarşıya qoyduğu hədəflərdən biri də ölkədə işsizlik səviyyəsinin minimuma endirilməsi və bu məqsədlə yeni iş yerlərinin açılmasıdır. Qeyd edək ki, bu yöndə son illər əhəmiyyətli addımlar atılmış və həm paytaxtda, həm də rayonlarda minlərlə yeni iş yeri açılmışdır. Amma bu dövlət siyasətinin hər yerdə eyni uğurla həyəta keçirildiyini iddia etmək də doğru olmazdı. Məsələn, kifayət qədər məşğulluq potensialı olan Qaradağ rayonunda bütün mövcud imkanlara baxmayaraq işsizlik bir nömrəli problemə çevrilib.

XALQ.AZ-ın elektron ünvanına şikayət məktubu göndərən Qaradağ rayonundan olan bir qrup gənc onlara heç bir şəraitin yaradılmadığını iddia edir: “Rayonda kifayət qədər özəl və dövlət müəssisələri var. Amma nədənsə Qaradağda digər yerlərdə müşahidə olunmayan işsizlik hökm sürür. Rayon rəhbərliyi isə vəziyyətin düzəldilməsi yönündə hər hansı əməli fəaliyyətə keçmək niyyətində deyil. Sanki bütün bunlar Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılovun ürəyindəndir. Biz bircə suala cavab tapmaq istəyirik, görəsən nə vaxta qədər çayxanalarda baş qatmaqla məşğul olacağıq…”

Şikayət məktubunda daha sonra icra başçısının yerli sahibkarları sıxışdırmasından bəhs edilir: “Süleyman Mikayılov özünü Qaradağ rayonunun sahibi mütləqi kimi aparır. Xoşuna gəlməyən obyektlərin sökülməsi haqda sərəncamlar verir və bunu hansı qanunlarla etdiyini əsaslandırmaq belə istəmir. Ətrafında gəzdirdiyi “cangüdənlərlə” istədiyi adamları ya özü döyür, ya da ki, “cangüdənləri söyüb təhqir edir. O, daş karxanalarında çalışan iş adamlarına girişərək, onların “günlərini qara günə” salıb, yəni öz “cangüdənlərini karyerlərə göndərərək istədiyi adamları, iş adamlarını öz iş yerindən qovaraq, onların əmlaklarını əllərindən alaraq, onlara “haqq” qoyur. Onun qanunsuz tələbləri ilə razılaşmayanlar isə bir qayda olaraq işini itirməli olurlar”.

Qeyd edək ki, səsləndirilən ittihamlarla bağlı geniş araşdırma aparırıq və məsələylə bağlı Qaradağ Rayon İcra Hakimiyyətinin də rəsmi mövqeyini öyrənməyə çalışacağıq.

XALQ.AZ