“Banditizm”dən əməliyyat: “Qeydiyyatsız dərmanları “Zəfəran” apteklərindən alırdım”

Qeydiyyatsız dərmanları “Zəfəran” Apteklər şəbəkəsindən alıb, satırdım”.
Bu sözləri Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı saxlanılan 1993-cü il təvəllüdlü Ağdaş rayon sakini Sənan Məmmədov (ad-soyad şərti) bildirib.
İdarə əməkdaşlarının keçirdiyi əməliyyat zamanı Sənanın yaşadığı ünvandan dəyəri 50 min manata yaxın dərmanlar götürülüb. O, bu dərmanları istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə alıb. Həmin dərmanların qanunla dövlət qeydiyyatı tələb olunduğunu, amma qeydiyyatdan keçmədiyini bilib.
Sənan məhkəmə ifadəsində bildirib ki, 2014-cü ildə Dövlət Tibb Universitetinin “Əczaçılıq” fakültəsini bitirib. Universiteti bitirdikdən sonra bir neçə aptekdə əczaçı kimi çalışıb. Sonuncu dəfə təxminən 2 il müddətində ünvan “Zeytun” aptekdə əczaçı-provizor vəzifəsində çalışıb. Maaşı isə 400 manat olub və həmin vəsaitlə ailə dolandırmaq çətin olduğu üçün iş saatlarımdan əlavə müddətdə müxtəlif apteklərdən sifarişlər əsasında əldə etdiyi qeydiyyatsız dərmanların pərakəndə satışı ilə məşğul imiş.
Belə ki, o uzun müddət ərzində əczaçı vəzifəsində çalışdığı üçün özünün müxtəlif xəstəliklərdən əziyyət çəkən xüsusi müştəriləri olub. Onların əksəriyyəti şəkərli diabet, qaraciyər xəstəliklərindən əziyyət çəkən insanlardır. Dövlət tərəfindən qeydiyyata alınan dərmanların da çoxunun qiyməti yüksək olduğu üçün insanlar məcbur qalıb qeydiyyatsız dərmanlardan istifadə edirlər. Həmin pasientlər öz xəstəliklərinin müalicəsi üçün şəhərdəki apteklərdən tapa bilmədikləri və ya çətin tapılan dərmanlar üçün ona müraciət ediblər. O da həmin sifarişlər əsasında tanıdığı apteklərdən, xüsusilə də “Zəfəran” apteklər şəbəkəsindən həmin dərmanları əldə edib. Əldə etdiyi dərmanları evində şkafların içərisində saxlayıb və yavaş-yavaş sataraq pul qazanıb.
Təxminən 7-8 ay qeydiyyatsız dərmanların satışı ilə məşğul olub. Tibb sahəsində ali təhsil aldığı üçün həmin dərmanların qeydiyyatsız olması barədə məlumatı var imiş. Uzun illlər aptek sahəsində çalışdığı üçün ona satmaq üçün rahatlıqla qeydiyyatsız dərmanlar verilib.
Sonucu dəfə 20 sentyabr 2022-ci il tarixində yaşadığı Yasamal rayonu, Tiflis prospektində “Bravo” hipermarketinin qarşısında əlində içində 15 qutu qeydiyyatsız dərman olan sellofan torba ilə dayanıb. Həmin vaxt müştərini gözləyirmiş ki, dərmanları ona satsın. Bu zaman mülki geyimdə bir neçə şəxs ona yaxınlaşıb və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildiriblər. Onun əlindəki dərmanlara baxış keçiriblər. Orada etiraf edib ki, dərmanlar qeydiyyatsızdır və onları satmaq məqsədilə orada dayanıb.
Daha sonra sorğu əsasında bildirib ki, həmin dərmanların hamısını yavaş-yavaş satmaq üçün yaşadığı evdə saxlayıb. Polis əməkdaşları ilə birlikdə yaşadığı ünvana gedib və evinə baxış keçirilib.
Sənan Məmmədov həmçinin etiraf edib ki, evindən tapılan dərmanlar arasında bəziləri anasının qaraciyər, insult dərmanları, həmçinin bacısının oliqafreniya xəstəliyi üçün istifadə etdiyi tərkibində güclü təsiredici maddələr olan “Triheksifenidil” (siklodol) markalı və tərkibində psixotrop maddə olan “Klonazepam” markalı dərmanlar da olub. Həmin dərmanları 3 saylı Şəhər Poliklinakasından həkim resepti əsasında əldə edib.
Məhkəmənin qərarı ilə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, Sənan Məmmədov barəsində ümumilikdə 4 il 5 ay 29 gün müddətə həbs qətimkan tədbiri seçilib. O, məhkəmə iclas zalından həbsə edilərək, saxlanılması üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilib.