“Qısa müddət ərzində bu sülhə nail olacağıq” – Deputat

Ermənistanın və Qərbdən onu dəstəkləyən bəzi qüvvələrin müqavimətinə baxmayaraq, Azərbaycan-Ermənistan arasındakı münaqişənin sona yetməsi və sülh müqaviləsinin imzalanması prosesi finişə yaxınlaşıb”. Bu sözləri  millət vəkili Musa Quliyev deyib.
Onun sözlərinə görə, artıq Azərbaycan Laçın və Gorus rayonlarının sərhədində öz sərhəd buraxılış məntəqəsini qurub: “Laçında əhalinin məskunlaşması prosesi uğurla davam edir. Eyni zamanda, digər rayonlarımızda da yenidənqurma işləri davam etdirilir.

Cənab Prezidentin inteqrasiya ilə bağlı Qarabağdakı ermənilərə dəfələrlə müraciəti olub. Ölkə başçısı açıq şəkildə Azərbaycan vətəndaşlığını qəbul edib, qanunlarımız çərçivəsində yaşamağı qəbul edənlərin ərazilərimizdə yaşaması üçün problem olmayacağını bildirib. Lakin qanunlarımızı qəbul etməyənlər üçün qapı açıqdır, gedə bilərlər. Qarabağda yaşayan ermənilər içərisində Rusiya pasportu olanlar da var, hansı ki, onların da ərazilərimizdə yaşaması düzgün deyil və gedəcəklər.

Rusiya sülhməramlıları öz işlərini layiqincə yerinə yetirməsələr, bu işi Azərbaycan ordusu edəcəkdir. Çünki Azərbaycan ərazilərində ermənilərin terrorçu qruplarının qalmasına imkan verə bilməz. Biz gec-tez anti-terror əməliyyatına başlamalıyıq. 2020-ci ildə imzalanmış üçtərəfli bəyanata əsasən Qarabağdakı separatçılar tez bir zamanda ərazini tərk etməlidirlər. Bu işə nəzarəti isə Rusiya sülhməramlıları həyata keçirməli idi, amma onlar hələ də vəzifələrini icra etməyiblər. Buna görə də ermənilər də müxtəlif oyunlar oynayaraq, sülh müqaviləsinə gedilən yolu daha da uzatmağa çalışırlar. Hesab edirəm ki, daha ciddi tədbirlər görməliyik. Dünən Makronun cənab Prezidentə zəng etməsi də göstərir ki, Makron da artıq heçnəyə nail olmayacaqlarını anlayır. Azərbaycanın irəli sürdüyü şərtlər daxilində sülh müqaviləsi imzalanarsa, yalnız bu zaman bölgədə əmin-amanlığı təmin etmək mümkün olar. Zənnimcə qısa müddət ərzində də bu sülhə nail olacağıq”.