Sumqayıtda uşaq parkları ayrı-ayrı iş adamlarına satılıb” – Şikayət

Sumqayıt şəhərində boş ərazi qalmadığından, binaların arasındakı uşaq əyləncə parklarının da yerləri satışa çıxarılıb. Bu barədə yerli sakinlər  məlumat veriblər.

Məlumatda deyilir ki, artıq bir neçə ünvanda uşaq parkları ayrı-ayrı iş adamlarına satılıb. Bu barədə göstərişin isə Sumqayıtın icra başçısı Zakir Fərəcov tərəfindən verildiyi bildirilir.

Sakinlər deyirlər ki, Fərəcov bu işlər İcra Hakimiyyətinin memarlıq şöbəsinin müdiri Adil Xudadatova həvalə edib. Memarlıq şöbəsinin işçiləri isə Sumqayıtı qarış-qarış gəzərək, harada boş yer tapırlarsa, oranı sənədləşdirib, satışa çıxarırlar.

JAMAZ.İNFO-ya danışan iş adamları isə bildirirlər ki, Fərəcovun belə addım atması səbəbsiz deyil. Onların sözlərinə görə, icra başçısının son zamanlar ciddi maliyyə problemləri yaranıb. Bu problemlərdən biri 2016-cı ildən indiyə qədər davam edən 10 milyon manatdan çox borc qalmaqalıdır. Ki, icra başçısı hələ də şəhərdə görülmüş yenidənqurma və abadlıq işlərinin pullarını ödəməyib.

Digər problem isə Maliyyə Nazirliyi ilə Baş prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Səhiyyə və Təhsil idarələrində apardıqları yoxlamalardır. Məlumatlara görə, səhiyyədə yeyintini miqyası 5.5 milyon manat olub. KQMBİ artıq bununla bağlı cinayət işi açdığını da bəyan edib. Rəsmi məlumatda deyilir ki, yoxlamalar zamanı səhiyyə idarəsinin baş müsahibi Gülnarə Bayramova və onun qardaşı, hazırda Sumqayıt İcra Hakimiyyətində şöbə müdiri işləyən Gündüz Əliyev, Elxan adlı iş adamı ilə əlbir olaraq mənimsəməyə yol veriblər.

Təhsil İdarəsində də durum eynidir. Orada da 6 milyon manata yaxın yeyintinin olmasına dair məlumat var. İddialar var ki, həmin yoxlamalarda da Gündüz Əliyevin adı ortaya çıxıb. Belə ki, səhiyyə sahəsində olduğu kimi, təhsildə də tikinti və bərpa işlərinə ərazi-idaretmə orqanları ilə iş üzrə şöbənin müdiri məşğul olub.

Mənbələr bildirir ki, Zakir Fərəcov bu yeyilən məbləğləri dövlət nəfinə ödəməklə məsuliyyətdən canını qurtatmağa çalışır. Hətta bununla əlaqədar şöbə müdiri Gündüz Əliyev və Adil Xudadatovu da prosesə qoşub. Onlar da əmlaklarını sataraq, həmin məbləği bağlamağa çalışırlar. Elə Sumqayıtda uşaq parklarının satışa çıxarılmasının ən başlıca səbəbi də bu borclarla bağlıdır.

Məsələ ilə bağlı yazıda adı keçən şəxslərin də mövqelərini dərc etməyə hazırıq.