Qondarma “soyqırımı” iddiaları tarixin ən böyük yalanı və saxtakarlığıdır

Bütün türk dünyası Amerika Birləşmiş Ştatlarının 46-cı Prezidenti Co Bayden tərəfindən heç bir həqiqətə söykənməyən “soyqırımı” iddialarından çox təəssüfləndi. Baydenin “qondarma soyqırım”ı tanıması barədə bəyanatı erməni lobbisi qarşısında acizlik göstərilməklə tarixin saxtakarlığı və yalançı populizmidir.

Bunu Milli Məclisin deputatı Kamran Bayramov deyib.

Kamran Bayramov bildirib ki, böyük dövlətçilik təcrübəsi olan ABŞ-ın dövlət başçısının belə bəyanatı heç bir tarixi faktlara əsaslanmır və özündə demokratik prinsipləri əks etdirmir. Bu gün əksər siyasətçilər və ekspertlər qeyd edirlər ki, Prezident Baydenin bəyənmə reytinqi prezidentlik dövrünün ilk 100 günündə çox aşağı nəticə göstərib. Birmənalı olaraq qeyd etməliyik ki, bu bəyanatdan sonra ABŞ-ın 46-cı Prezidentinin siyasəti ciddi tənqidlərə məruz qala və bir sıra dövlətlərlə münasibətlərin zəifləməsinə gətirib çıxara bilər.

Artıq əksər siyasətçilər bilirlər ki, obyektiv həqiqətin öyrənilməsi üçün Türkiyə, o cümlədən onun dövlət başçısı Rəcəb Tayyib Ərdoğan tərəfindən bir neçə dəfə Ermənistana təkliflər olunub. Lakin Ermənistan tərəfi tarixçilərin və mütəxəssislərin iştirakı ilə arxivlərin açılması, komissiyalar yaradılmaqla real vəziyyətin öyrənilməsi məsələsindən həmişə yayınıb. Çünki ermənilər və onların dövləti həqiqətdən, düzgünlükdən həmişə çox uzaq olublar.

Aydın görünür ki, ABŞ kimi superdövlətin Prezidentinin bu cür qeyri-məntiqli bəyanatı qardaş Türkiyənin dünyada artan nüfuzundan, qüdrətindən yaranmış narahatlıq və siyasi şantajdır. Tarixən Türkiyə belə problemlərlə bir neçə dəfə üzləşib və həmişə də məsələləri öz xeyrinə ədalətli şəkildə həll edə bilib.

“Hesab edirəm ki, bu bəyanat heç bir hüquqi nəticəsi olmayan siyasi populizm və tarixi saxtakarlığı özündə əks etdirən ifadədir. Bir sözlə, həmin bəyanat tarixdə Türkiyəyə qarşı uğursuz cəhd kimi yadda qalacaq. Bu gün görünən odur ki, Prezident Bayden Türkiyənin Avrasiyada, Yaxın Şərqdə, Şimali və Mərkəzi Afrikada, xüsusilə də Qafqazda rolunun və gücünün artmasından narahatdır. Qardaş ölkənin sosial-iqtisadi, sənaye, xüsusən də hərbi-sənaye potensialının güclənməsi və digər amillər okeanın o tayında heç də birmənalı qarşılanmır”, – deyə K.Bayramov bildirib.

O vurğulayıb ki, lakin bu bəyanatdan sonra Türkiyənin əsl dostları öz ədalətli mövqeyini bildirməklə hər zaman bir olduqlarını açıqladılar. Təsadüfi deyil ki, Azərbaycan ABŞ Prezidenti Baydenin bəyanatından sonra Türkiyəyə dəstək verən ilk ölkə oldu. Dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefon danışığı zamanı bəyanatı qınadıqlarını bildirməklə, onun Bayden tərəfindən böyük yanlışlıq olduğunu qeyd etdilər.

Xarici İşlər Nazirliyinin rəsmi mövqeyi isə göstərdi ki, Azərbaycan və onun Lideri həmişə qardaş Türkiyənin yanındadır. Siyasi partiya, xaricdə yaşayan diaspor nümayəndələri, vətəndaş cəmiyyəti fəalları, bir sözlə, bütün azərbaycanlılar bu “qondarma soyqırımı”nı qınadılar və obyektiv münasibətlərini bildirdilər.

İnanırıq ki, gələcək siyasi addımlar Türkiyə dövlətinin daha da güclənməsinə, beynəlxalq arenada əhəmiyyətli rolunun artmasına səbəb olacaq. Çünki qardaş ölkə özünün ədalətli və sülhsevər siyasəti ilə inkişaf və tərəqqi yolunda böyük uğurlara imza atır.