Qoşulmama Hərəkatına üzv olan ölkələr Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib – Deputat

“Azərbaycan daha bir mötəbər beynəlxalq tədbirə ev sahibliyi etdi. Paytaxtımızda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü keçirildi. Ümumiyyətlə, son illər dünyanın başı üzərini koronavirus pandemiyası aldığı, beynəlxalq aləmdə iğtişaşların, münaqişələrin alovlandığı, miqrant axınının gücləndiyi bir vaxtda ölkəmizdə nəzərdə tutulan layihələr uğurla reallaşıb, beynəlxalq əməkdaşlıq daha da genişlənib və dünya miqyaslı tədbirlərin keçirilməsi davam etdirilib. Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü belə mötəbər tədbirlərin davamıdır”.

 Milli Məclisin üzvü Tamam Cəfərova deyib. Millət vəkili keçirilən görüş və Azərbaycanın dövlət başçısının bu göüşdəki çıxışının tarixi önəminə diqqət çəkib:

“Hərəkatın tədbirlərinə beynəlxalq marağın artması ona Azərbaycanın sədrlik etməsi ilə birbaşa bağlıdır. Qoşulmama hərəkatı öz tarixinin heç bir mərhələsində son 4 ildə olduğu qədər fəal olmamış, dünyada gedən proseslərə bu qədər geniş və qlobal təsir göstərmək imkanları qazanmamışdı. Diqqət çəkən əsas məqamlardan biri ondan ibarətdir ki, 2019-cu ildən etibarən mütəmadi olaraq, hər il keçirilən toplantılarda Azərbaycan Prezidenti dünya xalqlarını narahat edən siyasi, iqtisadi, hərbi problemlərlə bağlı qlobal miqyaslı təşəbbüslər irəli sürür və bu təşəbbüslər üzv ölkələr tərəfindən yekdilliklə dəstəklənir. Azərbaycanın təşkilata sədrliyinin ilk ilində pandemiya ilə bağlı qlobal mübarizə təşəbbüsünü öz üzərinə götürən Azərbaycan Prezidenti pandemiyanın davam etdiyi bütün illərdə beynəlxalq səylərin səfərbər olunmasına nail oldu. COVID–19 pandemiyasına qarşı mübarizənin təşkili ilə bağlı BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi, “peyvənd millətçiliyinə” qarşı çıxmaqla onların bölüşdürülməsində iqtisadi cəhətdən zəif ölkələrin maraqlarının qorunması kimi məsələlərin beynəlxalq gündəliyə çıxarılması və bu proseslərdə baş verən ayrı-seçkiliyin aradan qaldırılması məhz Azərbaycanın cəsarətli tələbi və güzəştsiz mövqeyi sayəsində öz həllini tapdı. Dövlətimiz üzv ölkələrə pandemiyaya qarşı mübarizə çərçivəsində maliyyə və texniki yardımlar göstərdi. Keçən 4 il ərzində Azərbaycan Təşkilata sədrlik edən ölkə kimi üzv dövlətlərin maraqlarını beynəlxalq səviyyədə qətiyyətlə qorudu. Prezident İlham Əliyev, həmçinin təşkilat çərçivəsində struktur islahatların həyata keçirilməsinin zəruriliyini bəyan etdi və Qoşulmama Hərəkatının Parlamentlər Assambleyasının və Gənclər Forumunun yaradılmasına nail oldu. Hazırda isə Hərəkatın Qadınlar Platformasının yaradılması üzərində təşkilati işlər aparılır.

Beləliklə, son 4 il ərzində dünya xalqlarının BMT-dən gözlədiyi bütün zəruri addımları Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatı atdı. Altmış il ərzində beynəlxalq arenada demək olar ki, səsi eşidilməyən bir təşkilatın gözlənilmədən dünyada gedən ən mürəkkəb proseslərə bu qədər qətiyyətli və prinsipial mövqe nümayiş etdirməsi məhz Azərbaycan Prezidenti İlham Əliyevin təşkilata sədrlik etdiyi dövrdə və şəxsən onun təşəbbüsü ilə baş verdi.

Nazirlər görüşü Azərbaycan Prezidenti tərəfindən müəyyən edilmiş gündəliyi və müzakirə üçün seçilmiş mövzuların aktuallığı ilə diqqət cəlb edir. “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” adı altında keçirilən nazirlər görüşündə Prezident İlham Əliyevin cəsarətli çıxışı, problemlərə qətiyyətli mövqe sərgiləməsi beynəlxalq medianın diqqət mərkəzindədir. Qoşulmama Hərəkatına üzv dövlətlərin BMT Təhlükəsizlik Şurasında təmsil olunmasının zəruriliyi, inkişaf etməkdə olan Afrika, Latın Amerikası, Yaxın Şərq və Cənub-Şərqi Asiya ölkələrinə beynəlxalq səviyyədə dəstək göstərilməsi, beynəlxalq siyasətdə ikili standartlardan imtina edilməsi, neokolonializmin hər cür təzahürünün aradan qaldırılması kimi məsələlərin zərurət olduğunu bildirən Prezident İlham Əliyev üzv dövlətləri öz səylərini birləşdirməyə çağırdı. Dövlətimizin başçısı BMT Təhlükəsizlik Şurasının üzvü Fransanın misalında güc sahibi olan dövlətlərin hələ də digər xalqları öz asılılığında saxlamaq, onların təbii resurslarını talamaq və fundamental haqlarını əlindən almaq cəhdlərini qətiyyətlə pislədi. Azərbaycan Prezidenti Fransa Respublikasını vaxtilə müstəmləkə ölkələrində apardığı soyqırımı cinayətlərinə görə zərərçəkmiş xalqlardan üzr istəməyə və xalqların azadlıq və müstəqillik arzusuna qarşı hərəkətlərdən çəkinməyə çağırdı. Çünki dünya sürətlə dəyişir, gözlənilməz hadisələr baş verir. Belə məqamda sülh və təhlükəsizliyin təhdid altında olması, tolerantlıq məsələləri dünyanı ən çox narahat edən mövzulardandır ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri olaraq bunları gündəmə gətirir, həlli yollarının tapılmasına çalışır”.

Tamam Cəfərova Azərbaycan Prezidentinin Fransanın timsalında dünyada neokolonializm meyillərinin artması haqqında fikirlərinə xüsusi diqqət çəkdi:

 “Dövlətimizin başçısı qeyd etdi ki, Fransa neokolonializmi hələ də davam etdirən, müstəqil dövlətlərin daxili işlərinə kobud surətdə qarışan ölkə olaraq ənənəvi vərdişindən əl çəkməyib. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Fransa Qəmər adalarının Mayot adası üzərində suverenliyinə, həmçinin Yeni Kaledoniya xalqının, o cümlədən özünün digər dənizaşırı icma və ərazilərində yaşayan xalqların hüquqlarına hörmət etməlidir. Fransa öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməlidir.

Riyakarlıq və ikili standartların təzahürü olan Fransa hətta Korsika dilinə qadağa qoyur və etnik azlıqlar konsepsiyasını qəbul etmir, lakin, eyni zamanda, özünü Azərbaycandakı erməni milli azlığının müdafiəçisi kimi göstərməyə çalışır. Fransa Azərbaycan torpaqlarında münaqişə yaranan gündən erməni separatizmini dəstəkləyir. Fransa Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək, geosiyasi rəqabət, xarici hərbi mövcudluq və “Orientalizm” müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda da mənfur təcrübəni tətbiq etməyə çalışır. Bütün bunlar obyektiv siyasi həqiqətdir. Fransa hakimiyyəti başqalarına mühazirə oxumağa cəhd etmək əvəzinə, öz ölkəsində narahatedici meyillərlə mübarizə aparmalıdır.

Fransanın Azərbaycanla bağlı məkrli planları fiaskoya uğrayır. Ölkə Prezidenti İlham Əliyevin apardığı mükəmməl xarici və daxili siyasət nəticəsində işğaldan azad edilən ərazilərimizdə yenidənqurma işləri planlı şəkildə davam edir. Bütün çətinliklərə baxmayaraq, Azərbaycan işğaldan azad edilmiş 10 min kvadratkilometrlik ərazidə özünün maliyyə imkanları hesabına sıfırdan irimiqyaslı yenidənqurma işlərini uğurla həyata keçirir”.

Millət vəkili Tamam Cəfərova qeyd edib ki, dünyada baş verən bütün bu narahatedici məsələlərin fonunda Qoşulmama Hərəkatının təsir dairəsi daha da genişlənməlidir:

“Hazırda aparıcı beynəlxalq təşkilatların baş verən proseslərə adekvat mövqe nümayiş etdirə bilmədiyinin şahidi oluruq. Bu baxımdan Qoşulmama Hərəkatının ədalətli mövqeyində qətiyyətlilik nümayiş etdirməsi, ikili standartlara son qoyulması baxımından mühüm əhəmiyyət kəsb edir. Xüsusilə qeyd etməliyik ki, Qoşulmama Hərəkatına üzv olan ölkələr işğal zamanı və işğaldan sonra Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib. 2020-ci və 2022-ci illərdə Qoşulmama Hərəkatı ölkələri BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə olan birtərəfli və qərəzli bəyanatların qəbul edilməsinin qarşısını alıblar. Qoşulmama Hərəkatının qətiyyətli, ədalətli, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan adekvat reaksiyasının  nəticəsi olaraq, qazanılmış uğurdur”.