BDU-nun İctimai Nəzarət Şurasının üzvləri ilə görüş

Bakı Dövlət Universitetin rektoru Elçin Babayev BDU-nun İctimai Nəzarət Şurasının üzvləri ilə görüşüb.

BDU-dan  bildirilib ki, əvvəlcə İctimai Nəzarət Şurasının üzvü, mərhum jurnalist Zülfüqar Hüseynzadənin əziz xatirəsi yad edilib.

Rektor Elçin Babayev Şura üzvlərinə yekun dövlət attestasiyası, yaz imtahan sessiyasının təşkili, BDU-da son zamanlar həyata keçirilən islahatlar, tədris, elmi fəaliyyət, ikili diplom proqramları barədə məlumat verib. Qeyd edib ki, 2022/2023-cü tədris ilinin yaz imtahan sessiyasında 704 qrup üzrə 15 mindən çox tələbə, 240 ixtisaslaşma üzrə 1000-ə yaxın magistrant iştirak edib. İyulun 6-dan 12-dək isə üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbə və magistrantlara şərait yaradılması nəzərdə tutulub.

Apellyasiya komissiyasının sədri Elşad Qurbanov isə sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif, Elm və Təhsil Nazirliyinin “Qaynar xətt”i vasitəsilə daxil olmuş şikayətlərin araşdırılması barədə məlumat verib.

İctimai Nəzarət Şurasının sədri Arzu Nağıyev, Şura üzvləri Əminə Ağazadə, Rəşad Məcid, Eldar Qocayev, Lalə Nurəddinqızı BDU-da aparılan işləri yüksək dəyərləndirib, öz təkliflərini səsləndiriblər. Müzakirələrdə BDU-nun tədris prosesinin təşkili, universitetin gələcək inkişafı, müəllim-tələbə münasibətləri kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.