Jurnalist Zülfüqar Hüseynzadəyə həsr olunmuş anım tədbiri keçirilib

 İyulun 7-də Azərbaycan Mətbuat Şurasında moderator.az saytının mərhum baş redaktoru Zülfüqar Hüseynzadəyə həsr olunan anım tədbiri keçirilib.

Mətbuat Şurasının sədri Rəşad Məcid, professor Qulu Məhərrəmli, BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zivəroğlu, Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli, şair Zakir Fəxri, Zülfüqar Hüseynzadənin yaxın dostu İlham İsmayıl, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Ümid Rəhimoğlu, Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli, professor Nəsiman Yaqublu, moderator.az-ın eksperti Üzeyir Cəfərov, “Yeni Müsavat”-ın əməkdaşları Etibar Seyidağa, Elşad Paşasoy, moderator.az-ın redaktoru Sultan Laçın, MŞ İdarə Heyətinin üzvü Ceyhun Musaoğlu və digər iştirakçılar tanınmış jurnalist Zülfüqar Hüseynzadə haqqında xatirələr danışdılar, onun Azərbaycan mediasında xüsusi yerə sahib sayt yaratmasından, jurnalistikadakı özünəməxsus yerindən söz açdılar.

Zülfüqar Hüseynzadənin yadigarı olan saytın yaşaması və inkişafı üçün lazım olan bütün fədakarlıqların edilməsinin vacibliyi vurğulandı. Moderator.az saytının Azərbaycan üçün lazım olduğu qeyd edildi. Mərhum baş redaktorun bacısı oğlu, moderator.az-ın əməkdaşı Əli Hüseynli Zülfüqar Hüseynzadə haqqında xatirələrini danışdı. Saytı yaşatmağın onun və digər əməkdaşların şərəf işi olduğunu diqqətə çatdırdı.  Zülfüqar Hüseynzadənin  yolunun bütün gücləri ilə davam etdirəcəklərini və bununla onun ruhunu daim şad edəcəklərini bildirib, Mətbuat Şurasına anım tədbirinin təşkilinə görə təşəkkür etdi.