“Qoy onlar da ailə qursunlar” – Tahir Kərimli

“Ağlı başında olan heç bir qız deməz ki, ömür boyu subay qalım, ailə qurmayım. Gözümüzün qabağına özünə ailə həyatı qura bilməyən namuslu, qeyrətli qız balalarımız gəlir. Onların içində yaxınlarımız da var. Heç vaxt mənfi tərəfə istiqamətlənməyiblər, yüngül həyat tərzi keçirmək ağıllarına belə gəlməyib. Öz namuslarına, qeyrətlərinə qane olaraq ömür sürüblər, taleləri ilə barışıblar. Çox təəssüf edirəm. Nə deyim… Çoxunun yaşı keçib, ailə qurmaq da çətinləşib. Allah onlara halal insan nəsib etsin. Evlənmək istəyən dul kişilər də olur. Ümidi üzmək olmaz. Qoy onlar da ailə qursunlar. Fərqi yoxdur, qarıyan qız, ya boşanan qadın, yüngül həyat tərzi keçirmək istəyən onsuz da keçirəcək. Hamının ətrafında belə insanlar ola bilər. Bu səbəbdən subay qalanları xüsusiləşdirmək düzgün deyil”.

Bu sözləri  Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədr müavini Tahir Kərimli deyib.

Deputat bildirib ki, subay qalmaq istəyənlərin müəyyən qədər sərbəstlikləri çox ola bilər: “Çünki ər yox, uşaq yox. Valideynlər də yaşlanırlar, yaxud həyatdan köçürlər, nəzarət edə bilmirlər. Amma sərbəstlik heç də o demək deyil ki, onlar yüngül həyata meyil edirlər. Ən azından mənim tanıdıqlarımın içində, demək olar, 90%-dən yuxarı ailə qura bilməyən qadınların hamısı namuslu, qeyrətlidir. Onlar arasında, bəlkə də, bəzi boşanan qadınlardan daha çox öz namuslarını gözləyənləri görürəm. Ona görə də subay qalanların yüngül həyat tərzinə maraqlı olmaları fikri ilə razı deyiləm. Kimsə ailəsizlikdən nəyəsə meyil edirsə, o demək deyil ki, bu, kütləvi hal alıb. Ola bilsin, müəyyən qisim insanlar var ki, təhsil alıb, yaş keçir, işləyir, istəyir özünə sərbəst həyat qursun, asılı olmasın. Bu nöqteyi-nəzərdən bəzən vaxt ötür. Bu məsələni daha çox obyektiv səbəblərlə izah edərdim, nəinki subyektiv”.