Qurbanlıqda dəvə də kəsilə bilər

“Bayramda erkək dana və qoçla yanaşı başqa heyvanlar da qurban kimi kəsilə bilər”.

Bunu  Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev deyib.

Onun sözlərinə görə, dəvə, keçi və öküz kimi heyvanları da qurban kəsmək mümkündür və bu dində haram hesab olunmur:

“Qurbanlıqda dəvə də kəsilə bilər. Dəvənin sadəcə 5 yaşı olması vacibdir. Bu, mütləqdir. Amma iribuynuzlu heyvanlardan məsələn, dana, öküz mütləqdir ki, bir yaşı keçsin. Bir yaşdan kiçik olduğu təqdirdə qəti qurban kəsmək olmaz.

Xırdabuynuzlu heyvanlara gəldikdə isə bu mütləq 8 ayı keçməlidir. Hətta bir yaşı olsa daha yaxşıdır. Bundan az yaşlı olması düzgün deyil. Bu deyilən qaydaların hər birinə mütləq riayət olunmalıdır.

Çalışmaq lazımdır ki, kəsilən heyvanlar zəif olmasın. Buynuzu qırıq olan heyvanın qurban kəsilməsi belə düzgün deyil. Allah adına kəsilən heyvan və verilən ehsanlar bu ada uyğun olmalıdır”.

Şeyxin müavini qeyd edib ki, qurbanlıq seçərkən, əsasən erkək heyvanların seçilməsinə üstünlük verilsə daha yaxşıdır:

“Çünki dişi heyvanlar nəsli davam etdirir. Bu baxımdan erkək heyvanların kəsilməsi daha məqsədəuyğundur”.