“Qürur duyuram ki, Sizin kimi Prezidentimiz var” Prezident İlham Əliyevə yazırlar

Həm ulu öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev daim xalqın yanında olub, ölkə əhalisinin böyük dəstəyini görüblər. Düşmənlərimiz və bədxahlarımız ulu öndərin fiziki cəhətdən yox edilməsi üçün sui-qəsd təşkil edəndə, dəfələrlə dövlət çevrilişi ssenarilərini ortaya atanda daim qarşılarında Azərbaycan xalqını görüblər.

Ümummilli liderimizin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də ölkə vətəndaşlarından ən böyük dəstək alan liderlərdəndir. Dövlət başçımızın elə bir addımı olmur ki, xalq onu sidq-ürəklə dəstəkləməsin. Biz – ölkədəki bütün ictimai-siyasi proseslərin iştirakçısı və ya şahidi olan jurnalistlər xalqın öz rəhbərinə inam, etimad və dəstəyinin miqyasını da, əhatə dairəsini də digər sakinlərimizə nisbətən daha çox görürük.

Bu dəstək ilin bütün aylarında və günlərində davam etsə də, 2016-cı ilin Aprel döyüşləri günlərində heç zaman olmayan bir vüsət almışdı. Son iki-üç ayda yaşadığımız koronavirus həyəcanları ilə bağlı atılan addımlardan sonra isə xalqın dövlət başçısına verdiyi dəstək daha möhtəşəm məcrada davam edir. Burada Aprel döyüşləri ilə koronavirusa qarşı mübarizənin adının yanaşı çəkilməsi təsadüfi deyil. Çünki hər iki tarixi prosesdə diqqət mərkəzində olan məqam Prezident İlham Əliyevin siyasi iradəsi, liderlik məharəti və dövlət başçısı kimi nümayiş etdirdiyi qətiyyətdir.

Bu zaman bir məqamı xüsusilə vurğulamaq zərurəti var. Belə ki, həm Aprel döyüşləri zamanı, həm də son aylarda Azərbaycan Prezidentinin poçtuna ünvanlanan minlərlə məktubun müəllifləri arasında məktəbli uşaqlardan tutmuş, 80 – 90 yaşlı ağsaqqal, ağbirçəklərə qədər bütün yaşlarda olan sakinlər vardır. Bu qısa yazıda həmin məktublardan bir neçəsinə diqqət yönəltmək istəyirik.

Qubalı şagird: Biz hər gün özümüzü Sizin yanınızda hiss edirik

Quba rayonunun Amsar kəndindən olan Azad Qurbanov yazır: “Mənim 11 yaşım var, orta məktəb şagirdiyəm. Əvvəla, deyim ki, mən Sizi çox istəyirəm. Biz uşaqları, ata və analarımızı, baba və nənələrimizi bu koronavirus xəstəliyindən qoruduğunuz üçün Sizə minnətdaram.

Sizi hər gün televizorda görürəm. Xalqımız, uşaqlar üçün necə böyük işlər gördüyünüzü seyr edirəm. Elə buna görə də biz uşaqlar özümüzü hər zaman Sizinlə birlikdə hiss edirik. Heydər babamız dediyi kimi, mən bu gün fəxr edirəm ki, mən azərbaycanlıyam. Qürur duyuram ki, Sizin kimi Prezidentimiz var”.

Bərdəli gənclər inanırlar ki…

Bərdə rayonundan olan Yusif Vahidi adlı gəncin dövlət başçımıza ünvanladığı məktubda oxuyuruq: “Koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması məqsədilə atılmış addımlar bizi sevindirir. Sizin “Biz birlikdə güclüyük!” çağırışınız bu gün xalqımızın devizinə çevrilib. Biz gənclər olaraq, Sizin rəhbərliyinizlə görülən bütün tədbirlər sayəsində çox yaxın gələcəkdə ölkəmizdə pandemiyanın sona çatacağına qəti əminik. Allahdan bu bəlanın tezliklə Azərbaycanın və bütün dünyanın üzərindən çəkilməsini diləyirik”.

Məktəb direktoru: “Bizdə xarici ölkələrdəki kimi qırğın olmadı”

Xaçmaz rayonundakı Mehrəliqışlaq kənd ümumi orta məktəbin direktoru Pənah Ələsgərov dövlət başçımıza göndərdiyi məktubda yazır ki, bütün dünyanın koronavirusla üzləşdiyi bir vaxtda Sizin rəhbərliyinizlə dövlətimizin həyata keçirdiyi mübarizə tədbirləri bizə ölkəmizdə daha rahat və arxayın yaşamağa imkan verir: “Siz insanlarımızın sağlamlığı üçün ölkədə çox münbit şərait yaradırsınız. Sizin göstərişinizlə bütün sahələrdə işlərin qaydasında olması üçün lazımi tədbirlər görülür. Əsas odur ki, Sizin müəyyənləşdirdiyiniz proqram sayəsində biz vətəndaşlar bunu hiss etmirik. Əksinə, vətəndaşlara maddi dəstək göstərilir, sahibkarlara güzəştlər edilir”.

Bu gün Azərbaycanda “mən” sözü yoxdur, “biz” varıq

Bu ifadəni Abşeron rayonunun sakini Sevinc Əliyevanın dövlət başçımıza məktubundan oxuduq. Aparılan dövlət siyasətinə layiqincə qiymət verməyi bacaran soydaşımız yazır: “Mən bir Azərbaycan vətəndaşı olaraq Sizə minnətdarlığımı bildirirəm. Bizim rahatlığımız və sağlamlığımız üçün verdiyiniz hər bir qərarda vətəndaşlarımızın sosial vəziyyətini düşündüyünüzə görə çox sağ olun… Siz varsınız deyə mən başımı yastığa rahat qoyuram, çünki sabah məni daha gözəl gün gözləyir. Allah Sizi qorusun”.

Biz cəbhə kəndindənik – mənfur düşmənlə üz-üzə dayanmışıq…

Ağdam rayonunun Əfətli kənd sakini Şəmsəddin Əhmədov da son aylar ölkəmizdə və dünyada gedən proseslərdən narahatdır. Amma digər ağdamlı gənclər kimi, o da sabaha böyük ümidlə baxır: “ Dünyanı bürüyən koronavirus pandemiyasına qarşı Sizin tərəfinizdən ölkəmizdə həyata keçirilən qətiyyətli tədbirlər biz, cəbhə kəndində mənfur düşmənlə üz-üzə yaşayan vətəndaşlarınızı ürəkdən sevindirir. Biz bu ağır günlərdə bir daha əmin olduq ki, Prezidentimiz, çox hörmətli İlham Əliyev hər zaman öz xalqının yanındadır.

Möhtərəm Prezidentimiz, bu çətin günlərdə xalqımıza dəstək olduğunuz üçün Ağdam gəncləri adından Sizə minnətdarlığımızı bildiririk”.

Biz Sizə güvənirik və Sizin yanınızdayıq…

Göygöl rayonunun sakini Nuranə Qasımova öz qətiyyətini bu şəkildə dilə gətirir: “ Əziz Prezidentimiz! Qəbul etdiyiniz hər bir humanist qərarda xalqımızı düşünürsünüz, daim xalqımızın yanında olmusunuz və həyata keçirdiyiniz siyasətdə, verdiyiniz qərarlarda bu hər zaman özünü doğruldur. İnanırıq ki, bu çətin günlərimiz də geridə qalacaq. Sizə məsuliyyətli və şərəfli işlərinizdə yeni uğurlar arzu edirəm. Azərbaycan xalqı Sizinlə güclüdür. Biz Sizə güvənirik və Sizin yanınızdayıq, cənab Prezident”.

Cənubdan əminlik dolu məktub

Lənkəranın Bəlləbur kəndinin sakini Bilal Rüstəmli və Ləj kəndinin sakini Nurlan Cəfərzadınin yazdığı məktubda da dövlət başçımıza minnətdarlıq və dəstək hissləri dilə gətirilir: “Dəhşətli koronavirus xəstəliyi hazırda bütün dünyanı narahat edir. Hər gün müxtəlif ölkələrdə insanlar bu xəstəliyə yoluxur, əzabla ölürlər. Təəssüflər olsun ki, bu qorxulu xəstəlik bizim ölkəyə də gəlib çıxıb. Amma Sizin tərəfinizdən və Mehriban xanım tərəfindən vaxtında görülən qabaqlayıcı tədbirlər ölkəmizdə xəstəliyin geniş yayılmasının qarşısını almaqdadır. Buna görə çox sağ olun… Allah Sizi və xalqımızı qorusun”.

Məcburi köçkünlər yazırlar ki…

“Biz Laçın rayonunun Qarakeçdi kəndindən olan məcburi köçkünlərik. Evsiz-eşiksiz yaşamaq bizə çox əziyyət verirdi. Neçə illər idi ki, müxtəlif yerlərdə məskunlaşmışdıq və ağır şəraitdə yaşayırdıq. Siz bizi bu ağır şəraitdən, min bir zülmdən xilas etdiniz. Ailələrimiz Ağcabədi rayonunun Taxtakörpü adlanan ərazisində salınmış 245 saylı məcburi köçkün qəsəbəsində mənzillə təmin olundu.

Əziz Prezidentimiz, buna görə Sizə və Mehriban xanım Əliyevaya təşəkkürümüzü bildiririk. Sizə firavanlıq və xoşbəxtlik arzulayırıq”.

Hörmətlə: Əziz Axundov, Xeyrulla Rüstəmov, Təbiət Şahgəldiyev və Ziyəddin Əhmədov…

Ağcabədi rayonu

Milli Qəhrəman ailəsindən gələn dəstək

Füzuli rayonunun sakini Ülviyyə Quliyevanın məktubunda oxuyuruq:

“Hörmətli cənab Prezident! Sizin vətənpərvərliyiniz hər birimiz üçün nümunədir. Ən çətin günlərdə belə diqqətinizi bizdən əsirgəmirsiniz. Şəhid Milli Qəhrəmanın ailəsi olaraq, Sizə dərin minnətdarlığımızı bildiririk. İnanırıq ki, Sizin rəhbərliyiniz ilə görülən tədbirlər sayəsində ölkəmizdə pandemiyanın sona çatmasına nail olacağıq.

Cənab Prezident, Sizin “Biz birlikdə güclüyük!” şüarınızı dəstəkləyirik və hər zaman yanınızdayıq”.