Dövlət gələcəkdə normal həyat şəraitinə dönməyimiz üçün əlindən gələni edir

Müsahibimiz Milli Məclisin sabiq deputatı, hazırda Sabunçu rayonu 295 nömrəli tam orta məktəbin direktoru Dilarə Cəbrayılovadır:

– Dilarə xanım, ötən beş ildə millət vəkili kimi siyasi proseslərin içində olmusunuz. O günlər üçün darıxmırsınız?

– Hər bir deputat kimi ötən beş ildə mən də bir çox qanun layihələrinin hazırlanmasında yaxından iştirak etmişəm. Millət vəkili olduğum müddətdə həm siyasi həm də pedaqoji fəaliyyətlə məşğul olmuşam. Milli Məclisin Aliə, Qadın və Uşaq Məsələləri Komitəsinin və Azərbaycan-Rusiya parlamentlərarası komissiyasının üzvü olmuşam. Darıxmağa gəldikdə isə, baxmayaraq ki, aktiv siyasətdə deyiləm, yenə də mütəmadi olaraq müxtəlif tədbirlərdə iştirak etməkdəyəm. Ölkədə gedən ictimai siyasi proseslərlə bağlı vəzifəmdən irəli gələn öz fikirlərimi yerli mətbuatda bildirirəm. Bir sözlə, darıxmağa vaxtım olmur. Yenidən namizəd olmamağıma gəldikdə isə, Yeni Azərbaycan Partiyası namizədlərini özü seçdiyi üçün mən partiyanın bir əsgəri kimi hər bir qərara anlayışla yanaşdım. Deputat olmasam da yenə öz işimlə dövlətə, xalqa xidmət etməklə məşğulam. Əsas odur ki, partiya mənsubiyyətinə, əqidəmə sadiq qalıb dövlətin apardığı işlərə bacardıqca dəstək olmaqdayam.



– Sizinlə eyni dönəmdə millət vəkili olmuş və yenidən seçilən xanım millət vəkilləri ilə əlaqəniz varmı?

– Əlbəttə. Nə vaxt harda çalışmağımdan asılı olmayaraq hər zaman ətrafımda olan insanlarla yaxşı, səmimi münasibət qurmağa çalışmışam. İstər o dönəmdəki, istərsə də yenidən seçilən xanım millət vəkilləri ilə əlaqələrimizi davam etdirirəm. Hətta rəfiqəlik etdiklərim də var.

 – Neçə ildir ki, pedaqoji fəaliyyətlə məşgulsunuz? Bildiyimə görə, rus dilini tədris etmisiniz, tarixdən də dərs demisiniz. Hətta ibtidai sinif müəllimliyi təcrübəniz də olub.

– Mən artıq 24 ildir ki, pedaqoji fəaliyyətlə məşğulam. Baxmayaraq ki, filologiyanı bitirmişəm, 1996-cı ildən qəsəbədə yerləşən məktəbdə ibtidai sinif müəllimi çatışmazlığından kiçik siniflərdə uzun illər öz fənnimlə bərabər iki növbəli məktəbdə ibtidai sinif müəllimi kimi də çalışmışam. Sirr deyil ki, insanın şəxsiyyət kimi formalaşmasında onun təhsil və inkişafında müəllimin rolu danılmazdır. Müəllimlik o peşələrdəndir ki, onu sevməlisən. Mən inanmıram ki, uşaqları sevməyən adam sinif otağına girə, onlara nəyisə öyrədə bilər. Bu, elə bir müqəddəs peşədir ki, sən hər bir davranışınla nümunə olmalısan.

Müxtəlif dövrlərdə yaşamış müdriklərin müəllim haqqında deyimləri göstərir ki, dövründən asılı olmayaraq, həmişə əsl Müəllim milli sərvət kimi qəbul edilir. Müəllimlik yeganə peşədir ki, həyatda onun heç bir alternativi yoxdur. “Düşünürəm ki, illər ötəcək, cəmiyyət və həyat daha yüksək inkişaf mərhələsinə çatacaq, lakin müəllim peşəsi yenə də bütün peşələrin zirvəsində qalacaq.

– Hazırda məktəb direktoru işləyirsiniz. Artıq neçə ildir ki, direktor kimi fəaliyyət göstərirsiniz?

– 8 ildir ki, məktəb direktoru kimi fəaliyyət göstərirəm. Qeyd etmək istəyirəm ki, bu illər ərzində Azərbaycanda hər bir sahədə müşahidə olunan inkişaf tendensiyası təhsil sektorunda da nəzərə çarpmaqdadır. Bu gün Azərbaycanda həyata keçirilən dövlət proqramları və islahatları sayəsində təhsilin bütün sahələri inkşaf edir. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin mühüm istiqamətlərindən biri bəlkə də ən birincisidir. Bax bütün bunlara görə biz təhsil isçilərinin üzərinə çox böyük məhsuliyyət düşür. Tərbiyyəli savadlı, dünyagörüşlü intelektual səviyyəli uşaqlar, gənclər yetişdirmək bizim ilk növbədə ümdə vəzifəmizdir.

– Bakı kəndləri içərisində Nardaran kəndi özünəməxsusluğu ilə həmişə fərqlənib. Bəs belə bir kənddə məktəb direktoru işləmək çətin deyil ki?

– Qəsəbə çox da böyük olmadığından hamı bir-birini yaxşı tanıyır. Nəzərə alsaq ki, mən də məktəbi məhz bu qəsəbədə bitirmişəm, burada yaşayıb böyüyən insanların tərbiyəsinə, dünyagörüşünə və xarakterinə bələd olduğundan və 24 ildə çoxlarının valideynlərinə, övladlarına, yaxın qohumlarına dərs dediyim üçün bu qəsəbədə işləmək mənə çətinlik yaratmır.



– Mühafizəkar kənd mühitində qızların təhsil alması məsələsilə bağlı valideynlərlə münasibətiniz necədir?

– Hər bir millətin gələcəyinin formalaşmasında ən önəmli amillərdən biri də keyfiyyətli təhsilidir. XXI əsrdə olmağımıza baxmayaraq, hələ də qızların təhsilinə çox az önəm verən və qızların təhsil almaq istəyini öz evindəcə boğan ailələrə rast gəlirik. Halbuki bir oğlanın təhsil alması əgər bir nəfərin təhsil almasına bərabərdirsə, bir qızın təhsil alması bir nəslin təhsil almasına bərabərdir. Ona görə də biz müəllimlər kənd yerlərində qızların təhsilə cəlb olunmasında yəni, onların orta məktəbi bitirdikdən sonra peşə məktəblərində, universitetlərdə təhsillərini davam etdirmək istiqamətində müxtəlif maarifləndirici tədbirlər həyata keçiririk. Qızların təhsil almasına sədd çəkmək istəyən valideynlərə başa salırıq ki, ən gözəl tərbiyə qıza həm milli mənəvi dəyərlərimizi öyrətmək, həm də təhsil verməkdir. Təhsil qızların ikinci xoşbəxtliyidir.

– Sizcə, müəllim şagird münasibəti necə olmalıdır və siz bunu necə bacarırsınız? Şagirdlərinizin yanında olub, qayğıları ilə maraqlanırsınız? Onlar rahat şəkildə direktor qapısını döyə bilirlər?

– Təlimdə keyfiyyətin əldə olunması üçün “müəllim- şagird” münasibətləri qarşılıqlı hörmət, sevgi üzərində qurulmalıdır. Müəllim təkcə təhsil verməklə kifayyətlənməməli həm də yaxşı pisixoloq olmağı bacarmalıdır. Müəllim təkcə təhsil verməməli həm də uşağın etika, estetika yüksək mədəniyyətinin, dünyagörüşünün formalaşmasinda böyük rol oynamalıdır. İş prosesində müəllim şagird münasibətlərinin düzgün qurulması, şagirdlərin təhsilə marağının artmasına və yaxşı oxumalarına təsir edir. Bu baxımdan məndə hər zaman çalışıram ki, məktəb həyatı uşaqlarımız və gənclərimiz üçün çox maraqlı keçsin. Daima onların yanlarında olmağımı şagirdlərimə hiss etdirirəm. Çalışıram elə bir şərait yaradım ki,onlar öz fikirlərini məktəb pisxoloquna və mənə vaxtında və rahat şəkildə bildirə bilsinlər.

– Azərbaycanda son illər təhsillin inkişafı ilə bağlı həyata keçrilən tədbirləri necə qiymətləndirirsiniz?

– Təhsilin inkişafı hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Təhsilin inkişafı ilə bağlı dövlət başçısının təsdiq etdiyi müvafiq dövlət proqramları hazırda Azərbaycan höküməti tərəfindən uğurla icra edilir. Bu proqramlar orta məktəblərdə kurikulum, təhsil sisteminin informasiyalaşdırılması, texniki peşə təhsili sisteminin Avropa təhsil məkanına inteqrasiyasını və sairi əhatə edir. Son illər ölkəmizdə təhsil infrastrukturu əhəmiyyətli dərəcədə yeniləşdirilib. Hazırda təhsil sistemində müasir informasiya-kommunikasiya texnologiyları da geniş tətbiq olunur. Əlbətdə ki, görülən bu işlər və qarşıya qoyulan strateji hədəflər Azərbaycan təhsilinin parlaq gələcəyidir.
Ölkədə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər onu deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin mühüm strateji istiqamətlərindən biri, bəlkə də ən başlıcasıdır. Bu gün Azərbaycanda həyata keçirilən dövlət proqramları və islahatlar çərçivəsində təhsilin bütün sahələri inkşaf edir. Təhsildə idarəetmə, müəllim hazırlığı və digər sahələrin inkişafına xüsusi diqqət yetirilir.

– Koronavirus pandemiyası ilə əlaqadar hazırda bütün məktəblərdə tədris müvəqqəti dayandırılıb. Dərslər onlayın qaydada tədris olunur. Direktor olduğunuz məktəbdə bu istiqamətdə hansı tədbirlər keçrilir?

– Koronavirus pandemiyası ilə əlaqədar mövcud karantin rejimində bir çox sahələrdə işlərin dayandırılmasını və ya uzaqdan idarə olunmasının sizdə şahidisiniz. Bununla əlaqadar olaraq artıq, Azərbaycanın bütün təhsil ocaqlarında olduğu kimi bizim məktəbdə də təhsil alanların təhsildən geri qalmamaları üçün operativ hərəkətə keçdik. Bu əyani təhsili əvəz edə bilməsə də təhsilin davamlılığı üçün vacib addımdır. Müəllərimiz evdə qalmalarına baxmayaraq, müxtəlif üsullarla uşaqlarla ünsiyyətdə olub onların dərsdən geri qalmamaları üçün böyük məhsuliyyət və fədəkarlıqla çalışırlar. Müntəzəm sürətdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tövsiyələrini müəllimlərə, valdeynlərə, şagirdlərə çatdırmağa çalışırıq. Bu çətin günlərdə mövcud karantin rejimində qarşımıza keçən müxtəlif problemlərin və sualların vaxtında dəf edilməsi istiqamətində bizə daim yardımçı olduqlarına üçün, müxtəlif proyektlərlə təhsil verənlərə stimul verdiklərinə görə, Təhsil Nazirliyinə, Bakı Şəhər üzrə Təhsil İdarəsinin bütün işçilərinə öz minnətdarlığmı bildirirəm. Ümumiyyətlə, ölkədə çalışan bütün təhsil işçilərinin bu fədəkarlıq nümunəsinə görə onları alqışlayır və təhsilimiz adına çox sağ olun deyirəm. Onlarla qürur duyuruq.

– Bu karantin dövründə vaxtınızı necə dəyərləndirirsiniz? Mütaliə ilə məşğul olursunuzmu? Hansı müəlliflərin kitablarını oxuyursunuz?

– Pandemiya başlayan gündən mən və ailəm karantin dövrünün tədbirlərini gördük. Amma məktəb və universitətlə bağlı işlərimi uzaqdan da olsa idarə etməyə çalışıram. Karantindən öncə biz insanların laqeydliyindən şikayətlənirdik. Ancaq son hadisələr göstərdi ki, insanlarımız dövlətin xalqa qayğısını görür və bununla bərabər həm də özləri belə çətin vaxtlarda bir-birinə dəstək olur, əl tutmağı bacarırlar. Ona görə də öz imkanım daxilində mənə müracət edən aztəminatlı ailələrə köməklik göstərirəm. Virtual da olsa hər zaman kollektivimə stimul olmağa, onların ruhdan düşməməsi üçün müxtəlif yazılar yazaraq vatsap qrupunda paylaşıram. Onu da deyə bilərəm ki bu yaxşı nəticə verir. O yazılarda bildirirəm ki, əzizlərim bizim özümüzə və ətrafımıza yenə köməkliyimiz ancaq evdə qalmagımız ola bilər. İndiki zamanda hər bir məsuliyyətsiz hərəkət ağır nəticələnə bilər. Evdə nə varsa ondan yararlanmaq lazımdır. Onlara tövsiyə edirəm ki, heç panikaya qapılmayın. Dua edək və məsuliyyətli olaq ki, bu bəladan tez qurtula bilək. Özünüzü və əzizlərinizi qoruyun. Boş vaxtınızda dönə dönə düşünün ki, evdə, yolda, işdə hər zaman, hər şeydən narazı olmagımıza,bir birimizlə kobud rəftar etməyimizə, olduqlarımızla qane olmayıb şükranlıq etməməyimizə üsyan etməyimizə dəyərdimi? Möhkəm olun. Bizi Allah dəfələrlə müxtəlif sınaqlardan keçirib, bu pandemiya sınağından da, inşallah, uğurla çıxacagıq.
Bir ailənin xanımı və anası olduğuna görə isə çalışıram ki, boş vaxtlarımı sevdiklərimlə daha səmərəli keçirim. Çoxdandır bişirə bilmədiyim şirniyyat və yeməkləri bişirir, müxtəlif məişət işlərini görür, hər dəfə geriyə atılan planlarımı həyata keçirməyə çalışıram. Qadınların ən müsbət cəhəti odur ki, evdə xanımlıqlarını, işdə də öz işlərini unutmurlar.
Evdə balaca da olsa, gözəl bir kitabxanam var. Kitab rəfində olan və oxumadığım bir neçə kitab var idi ki, indi onları oxuyub böyük zövq alıram. Onlardan biri hörmətli millət vəkilimiz Qənirə Paşayevanın “Allah sevən qəlblərdədir”, Vahid Əzizin “Alça çiçəyinə bənzəyən ömür” və Mümin Sekmanın “Hər şey səninlə başlar” kitablarıdır.

– Səyahət etməyi sevirsinizmi? Hansı ölkələrdə olmusunuz və hansı şəhər sizin xatirnizdə qalıb? Azərbaycanın hansı güşəsində olmusunuz. Xüsusi qeyd edəcəyiniz bölgələr varmı?

– Bir çoxları kimi mən də xaricə və Azərbaycanın dilbər güşələrinə səyahət etməyi xoşlayıram. Azərbaycanının bir çox rayon və şəhərlərində dəfərlərlə olmuşam, lakin ən çox sevdiyim şimal bölgəsidir. Xaricə gəldikdə isə hər bir ölkə öz tarixi abidələrinə, yaşam tərzinə görə, daha fərqli və əsrarəngizdir. Amma London və İstanbul şəhərləri mənim üçün daha unudulmazdır .

– “Evdə qal ”aksiyasına qoşularaq nə demək istərdiniz?

– Koronavirus bir çox sahələri iflic edib. Pandemiyanın nə vaxta qədər davam edəcəyini hələ heç kes bilmir. Lakin dövlət bizim sağlamlığımız və gələcəkdə normal həyat şəraitinə dönməyimiz üçün əlindən gələni edir. Ona görə də biz özümüzü və ətrafımızı evdə qalmaqla yəni, sosial izolyasiya etməklə qoruya bilərik. Gələcəkdə həyatı dolu-dolu yaşamaq üçün isə insanlara sevgimizi göstərməkdən, onlara dayaq dəstək olmaqdan çəkinməməliyik. Çünki, möhtərəm Prezidentimizin bildirdiyi kimi, biz birlikdə güclüyük.

S.QARAYEVA