Rəşad Dağlı məhkəmədə hadisə barədə danışdı-Mən onu qəsdən…

 

Qəsdən adam öldürməyə görə tutulan tanınmış meyxanaçı Rəşad Dağlının (Əmirov) cinayət işi üzrə məhkəmə iclası keçirilib.

XALQ.AZ məlumat verir ki,  prosesə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baxılıb.

İclasda ittiham aktı elan edilib. Rəşad Dağlı qəsdən adam öldürmə və soyuq silah gəzdirmə ittihamlarının heç biri üzrə özünü təqsirli bilməyib.

İclasda ittiham aktı elan edilib. Dövlət ittihamçısı bildirib ki, Rəşad Dağlı 2022-ci il noyabrın 9-da toy məclisindən çıxandan sonra qonşusu İskəndər Mehtiyevlə mübahisə edib.

Söhbətə aydınlıq gətirmək üçün İskəndərlə Lökbatan dairəsi yaxınlığında öz maşınında görüşüb. Görüşə getməzdən əvvəl mağazaya girib bıçaq alıb. Maşında onu bıçaq zərbələri ilə qətlə yetirib. Meyiti həmin əraziyə atdıqdan sonra könüllü olaraq polisə təslim olub. Rəşad Dağlı barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü maddəsi (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) ilə yekun ittiham verilib.

Dövlət ittihamçısı məhkəmə istintaqına Rəşad Dağlının ifadə verməsiylə başlamağı təklif edib. Meyxanaçının vəkili Elvin Əliyev isə əvvəlcə zərərçəkmişin hüquqi varisinin dindirilməsini təklif edib. Məhkəmə yerində müşavirə edərək vəkilin təkilifini məqbul sayıb. Zərərçəkmişin hüquqi varisi olan qardaşı Etibar Mehdiyevin dindirilməsi ilə məhkəmə istintaqının başlamasına qərar verilib.

O, Rəşad Dağlıya qarşı heç bir şikayətinin olmamasını, hadisə günü Rəşadın və İsgəndərin mehriban şəkildə görüşdüyünü, İsgəndərin təklifi ilə Rəşadın barəsində xoşagəlməz söz-söhbət yayan şəxslərin yanına məsələni aydınlaşdırmağa getdiklərini bildirib:

“Rəşadla münasibətlərimiz yaxşı olub, dəfələrlə evimizə gəlib-gedib. Son 3-4 ildə gediş-gəlişimiz azalsa da, münasibətimiz normal idi, mehriban olmuşuq.

İskəndər həbsdən təzə çıxmışdı. Noyabrın 8-dən 9-na keçən gecə saat 4 radələrində Rəşad İskəndərə zəng elədi. Telefon danışıqlarından başa düşdüm ki, birlikdə harasa gedəcəklər. Ondan nə baş verdiyini soruşanda dedi ki, Rəşad barədə xoşagəlməz söhbət var, onlar bir yerdə söhbətə gedəcəklər.

İskəndər evdən çıxanda ancaq telefonunu götürdü. Bir neçə saat sonra qohumlar zəng vurdu ki, mətbuatda İskəndərin Rəşad Dağlı tərəfindən öldürüldüyünü görüblər. Rəşada qarşı şikayətimiz yoxdur”.

Daha sonra Rəşad Dağlıya söz verilib. Meyxanaçı hələ ki ifadə vermək istəmədiyini, ifadəsini şahidlər dindirildikdən sonra verəcəyini bildirib. Gələn prosesdə şahidlər ifadə verəcək.

Məhkəmə mayın 19-da davam edəcək.

Qeyd edək ki, Rəşad Dağlı 2022-ci il noyabrın 9-da toy məclisindən çıxandan sonra qonşusu İskəndər Mehdiyevlə telefonda mübahisə edib. O, söhbətə aydınlıq gətirmək üçün İskəndərlə Lökbatan dairəsi yaxınlığında öz maşınında görüşüb. Maşında onu bıçaq zərbələri ilə qətlə yetirib. Meyiti həmin əraziyə atdıqdan sonra könüllü olaraq polisə təslim olub. Rəşad Dağlı barəsində Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) cinayət işi açılıb.  Məhkəmə prosesi davam edir.