“Rəşad Dağlının törətdiyi cinayətdə dövlət siyasətinin əleyhinə heç bir şey yoxdur” – Deputat

Tanınmış meyxanaçı Rəşad Dağlıya 9 il 6 ay həbs cəzası verilməsi müzakirəyə səbəb olub. Bəzi müxalifyönlülər məhkəmənin qərarına etiraz edərək siyasi məhbus adlandırdıqları şəxslərlə bağlı məsələni gündəmə gətiriblər. Onlar meyxanaçıya güzəşt edildiyi halda siyasi məhbus adlandırılanlara bunun şamil olunmadığını deyiblər.
Milli Məclisin deputatı Cavanşir Paşazadə bildirib ki, Azərbaycanda siyasi məhbus yoxdur.
“Hansısa siyasətçi məhbusdursa, deməli, onun müəyyən cinayət əməli ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti və digər aidiyyəti qurumlar tərəfindən sübut olunan faktlar var, ona görə də bu gün həbsxanadadırlar. Azərbaycanda bəzi müxalifyönlü insanlar saxlanılan, yaxud həbs edilən şəxslərə siyasətçi kimi qiymət verirlər. Həmin şəxslər siyasətlə bağlı həbs edilməyiblər. Hansısa cinayət törətdikləri, yaxud müxtəlif təşkilatlarla “əməkdaşlıq” etdikləri üçün saxlanılıb, yaxud həbs ediliblər. Bu gün hansı vətəndaş siyasətçi kimi cəzaçəkmə müəssisələrində yatır? Meyxanaçı Rəşad Dağlı barəsində verilən məhkəmə hökmü ilə bağlı narazılıqlar edirlər ki, ona güzəşt olunub. Bu, belə deyil. Meyxanaçı cinayət törədib. Aidiyyatı dövlət orqanları tərəfindən də məsələ araşdırılıb. Aylardır, istintaq aparılıb. Rəşad Dağlının törətdiyi cinayətdə dövlətə, dövlətçiliyə xəyanət, dövlət siyasətinin əleyhinə heç bir şey yoxdur. İki şəxs arasında düşən mübahisədən söhbət gedir. Sözləri düz gəlməyib, nəticədə cinayət baş verib, qarşı tərəf vəfat edib. Təbii ki, bu məsələdə Rəşad Dağlının ailəsi, onun barəsində hər hansı şikayət olub-olmaması, ona qarşı münasibətlər və s. hüquqşünaslar tərəfindən nəzərə alınıb, məsələyə hüquqi qiymət verilib. Rəşad Dağlının törətdiyi cinayətdə kimsə bəzi xarici orqanlarla birləşib Azərbaycan siyasətinə, dövlətçiliyinə, xalqına zərər vurmayıb. Düşünürəm, bunu asayişi pozan, dövlətə və dövlətçiliyə qarşı yönələn cinayətlərdə iştirak edən şəxslərlə bir tutmaq düzgün deyil, bu yanaşmanı doğru hesab etmirəm”.