Ramiz Mehdiyevin yeni kitabı çap edilib

 

95

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin

Moskvadakı “QRİF i K” nəşriyyatı tərəfindən çapdan buraxılmış yeni kitabı belə adlanır. 

 

“Qafqazinfo” xəbər verir ki, kitabda son on ildə ölkəmizdə baş vermiş dəyişikliklər təhlil edilir, bu dövrdə qazanılmış böyük nailiyyətlərin bütün panoramı, habelə geosiyasi dəyişikliklər, Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir Azərbaycanın inkişafı kontekstində açıqlanır.

Müəllif nəşrə ön sözdə qeyd edir ki, İlham Əliyevin iki prezidentliyi dövründə ölkədə möhtəşəm dəyişikliklər baş vermiş, Azərbaycan dünyanın dinamik inkişaf etməkdə olan ölkələrindən birinə çevrilmişdir. Akademik Ramiz Mehdiyev vurğulayır: “İqtisadiyyatın görünməmiş yüksəliş göstəriciləri dünya iqtisadiyyatının sanballı simalarının diqqətini cəlb etmiş özünəməxsus rekorda oxşayır”.

Müəllif Azərbaycan fenomenindən bəhs edərək bildirir ki, bu, nadir nümunədir, çünki iqtisadiyyatı bərbad vəziyyətə düşmüş ölkə olduqca qısa müddətdə əhali üçün ən kiçik məsrəflərlə sovet durğunluq dövrünün çətinliklər səddini aşaraq dünyanın turbulent regionlarından birində özünəməxsus sabitlik adasına çevrilə bilmişdir. Bu halda 20 ildən artıq müddətdə Azərbaycanın Qarabağ regionuna sahib olmaq iddialarından əl çəkməyən, Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayan qonşu Ermənistanla davam edən ərazi münaqişəsinə baxmayaraq davamlı inkişaf sürəti müşahidə olunur.

Dörd hissədən və nəticədən ibarət olan kitabda son onillikdə təkcə ölkəmizin və regionun həyatına təsir göstərməklə məhdudlaşmayıb dünyanın geosiyasi xəritəsində öz əksini tapan mühüm hadisələrdən ətraflı bəhs edilir. Kitabda dünyanın ən rəqabətədavamlı iqtisadiyyatları arasında Azərbaycanın aparıcı mövqelərə çıxmasını təmin etmiş iqtisadiyyatın müasir, səmərəli milli modelinin yaradılmasının səbəbləri və şərtləri göstərilir, demokratik proseslərin təşəkkülünə və inkişafına, dövlətin xarici siyasətinə xüsusi diqqət yetirilir. Əsərin ayrıca bir hissəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr edilmişdir. Bu hissədə problemin mahiyyəti, münaqişənin tənzimlənməsinə dair danışıqlar prosesi, Azərbaycan rəhbərliyinin ölkənin ərazi bütövlüyünün və tarixi ədalətin bərpa edilməsinə yönəlmiş səyləri ətraflı təhlil edilir.

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. Naşirlərin fikrincə, Azərbaycanın sürətli inkişaf modeli elmi-tədqiqat mərkəzlərində və institutlarda araşdırma predmeti ola bilər.

Bu da maraqlıdır ki, kitabın üz qabığında son 10 ildə Azərbaycanın inkişafını səciyyələndirən rəqəmlər və faktlar göstərilib.