Regionda sülh və sabitliyə təhdid olan Qərb riyakar siyasətini davam etdirir

“ABŞ və Aİ regionda üçlü hərbi alyans yaradır. Aprelin 5-i Brüsseldə keçiriləcək ABŞ-Ermənistan-Aİ müşətərək konfransı da buma hesablanıb. Bundan cəsarətlənən Ermənistan Azərbaycanla şərti sərhədə müxtəlif istiqamətlərdən canlı qüvvə, zirehli texnikası, artilleriya qurğuları, habelə digər ağır atəş vasitələri cəmləşdirir, qoşunların intensiv hərəkəti müşahidə olunmaqdadır. Rəsmi Bakının bəyan etdiyi kimi, regionda revanşizm başlayır. Təbii ki, baş verənlərə görə məsuliyyət Ermənistanın və onun havadarlarının üzərinə düşür”.

Bu sözləri açıqlamasında millət vəkili Könül Nurullayeva deyib.

 

Onun sözlərinə görə, regionda sülh və sabitliyə təhdid olan Qərb riyakar siyasətini davam etdirir: “30 illik işğal dövründə ABŞ və Aİ işğala məruz qalan Azərbaycan üçün niyə belə konfrans keçirmədi? 44 günlük müharibədən sonra azad olunmuş ərazilərdə humanitar dəstəyə ehtiyac olduğu halda bu istiqamətdə heç bir təşəbbüs yoxdur. Ərazilərimizdə mina probleminin həllinə hər hansı dəstək yoxdur, bərpa – quruculuq işlərinə Qərbin heç bir töhfəsini görmürük. Keçmiş məcburi köçkünlərin öz ata-baba yurduna qayıtması da Azərbaycanın hesabına həyata keçirilir. Yəni, istər işğal dövründə, istərsə də postmünaqişə dövründə Azərbaycana heç bir humanitar dəstək yoxdur. Amma işğal dövründə olduğu kimi bu gün də Ermənistana, daha dəqiq dəsək, onun təcavüzkat və təxribatçı mövqeyinə dəstək davam edir”.

Deputat sözlərinə davam edərək bildirib ki, Qərb regionda yeni müharibə hazırlayır və Ermənistanı Azərbaycana qarşı silahlandırır: “Ermənistandakı revanşist qüvvələrin fəallaşması, ölkəmizə qarşı aqressiv ritorikanın yüksək həddə çatması da bununla bağlıdır. Azərbaycan tərəfi qəti şəkildə xəbərdarlıq edib – Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı hər hansı hərbi təxribat cəhdi olarsa, onun qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınacaq. Bu vaxta qədər baş verən təxribatları və onun ağır nəticələrini unutmamalıdırlar”.