Regionlarda pambıq yığımı uğurla davam edir

Bölgələrimizdə yerləşən pambıq yığımı məntəqələri yerli sahibkarların məhsullarını qəbul etmək üçün intensiv fəaliyyət göstərir
Ölkəmizdə aqrar sektorun inkişafı istiqamətində aparılan uğurlu fəaliyyət öz bəhrəsini verir. Bu istiqamətdə yüksək nəticələrin əldə olunması bunu deməyə əsas verir. Kənd təsərrüfatının şaxələndirilməsi, spesifik və ixracyönümlü məhsulların yetişdirilməsi istiqamətində atılan addımlar, o cümlədən hazırda üçüncü mərhələsi həyata keçirilən regionların sosial iqtisadi inkişafına dair Dövlət proqramları Azərbaycanda kənd təsərrüfatının bir sıra sahələrinin yeni inkişaf mərhələsinə qədəm qoymasına imkan verib. Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına əsasən aqrar sektorun dinamik və sürətli inkişafını təmin etmək üçün bölgələrdə əsaslı tədbirlər görülür, yeni texnikalar alınır, sahibkarlığın inkişafına stimul verən addımlar atılır. Bu gün regionlarda yaradılmış 9 sənaye parkı və məhəllələri fəaliyyət göstərir. Artıq sənaye parkları və məhəllələrində 78 rezident qeydiyyatdan keçib, 45 rezident fəaliyyətə başlayıb. Nəzərdə tutulan 6,4 milyard manat sərmayədən artıq 5,7 milyard manatı faktiki olaraq qoyulub və bu layihələrin yerinə yetirilməsi nəticəsində 11 mindən çox yeni iş yeri açılıb. Eyni zamanda, bu layihələrin fəaliyyəti nəticəsində 1,5 milyard manatlıq məhsul istehsal olunub ki, onun da 300 milyon manatlıq hissəsi ixraca yönəlib.
O cümlədən regionlarda iş yerlərinin açılması və məşğulluğun təmin olunması istiqamətində kənd təsərrüfatı üçün vacib olan aqroparkların və iri fermer təsərrüfatlarının yaradılması istiqamətində ciddi işlər aparılır. Yerlərdə 51 aqroparkın yaradılması istiqamətində ciddi addımlar atılıb. Artıq 22 aqropark faktiki fəaliyyətdədir, bu ilin sonuna qədər isə 11 aqroparkın fəaliyyətə başlaması nəzərdə tutulub. 
Qeyd edilməlidir ki, ölkəmizdə qeyri-neft sektorunun inkişafı həm də ixrac qabiliyyəti yüksək olan məhsulların istehsalına şərait yaradır. Bu mənada regionlarda texniki bitkilərin yetişdirilməsi xüsusilə qeyd edilməlidir. Yeri gəlmişkən, ölkəmizdə pambıqçılığın inkişafına göstərilən diqqət və qayğı bu sahənin yenidən yüksəlişinə imkan verir.
Vurğulanmalıdır ki, pambıqçılığın inkişafı ölkəmizdə həm də sosial rifahın yüksəlişinə təkan verən amillərdən biridir. Belə ki, pambıqçılığın inkişaf etdirilməsi nəticəsində də bölgələrdə yeni iş yerləri açılır. Eyni zamanda, pambıqçılığın inkişafı həm də digər sahələrin inkişafında mühüm rol oynayır. Belə ki, pambıqçılığın dirçəlməsi aqrar təsərrüfatlarda işlədilən gübrələrin, yeni texnikaların və onların avadanlıqlarının istehsalını, o cümlədən kimyəvi preparatların hazırlanmasını və emalı sənayesini inkişaf etdirir. 
Qeyd olunmalıdır ki, bölgələrimizdə pambıq yığımına da start verilib. Belə ki, artıq bir neçə gündür ki, Ucar rayonunda pambıq yığımı kampaniyasına başlanılıb. Torpaq mülkiyyətçiləri ağır zəhmət bahasına yetişdirdikləri məhsulu tez və itkisiz yığmaq üçün bütün qüvvələri səfərbər ediblər. Cari mövsümdə 500 hektarda pambıq yetişdirilib. Daha 10 hektarda Çin texnologiyası ilə əkin aparılıb. Rayon üçün ənənəvi təsərrüfat sahəsi hesab edilən “ağ qızıl” cari mövsümdə 5 ərazidə – Təzə Şilyan, Şahlıq, Lək, Xələc və Qaziyan ərazi dairələrində yetişdirilib. Yığım kampaniyasına ilkin olaraq Lək və Xələc pambıqçıları başlayıblar. Rayonda yetişdirilən məhsulun 80 faizinin maşınla, qalanının isə əl ilə yığılması nəzərdə tutulub. Artıq 2 ədəd kombayn hazır vəziyyətinə gətirilib. Qeyd edək ki, mütəxəssislər cari mövsümdə bol məhsulun yetişdirildiyini söyləyir, hər hektardan azı 25 sentner “ağ qızıl” yığılacağını proqnozlaşdırırlar.
Yeri gəlmişkən, “P AQRO” MMC-nin Ucar pambıq emalı kompleksi artıq xam məhsul qəbuluna hazırdır. 40 min ton emal gücünə malik kompleks Zərdab, Ağcabədi, Yevlax, Ağdam, Kürdəmir və Ağsu rayonlarının tədarük məntəqələrindən xam pambıq qəbul edəcək. Hər biri 250 tonluq olan 13 taya yeri, tərəzi, kifayət qədər texnika və anbar artıq hazır vəziyyətdədir. Qeyd edək ki, cari mövsümdən kompleksdə mahlıcla yanaşı, yağ və lifsiz toxum emalına da başlanılacaq.
Yevlax rayonunda pambıqçılıqla məşğul olan fermerlər də məhsul yığımına start verməyə hazırlaşırlar. Sahələr alaq otlarından təmizlənir, sahə kənarları hamarlanır, texnikalar hazır vəziyyətə gətirilir, digər zəruri aqrotexniki və təşkilati tədbirlər həyata keçirilir. Vurğulayaq ki, bu il Yevlax rayonunda 2406 hektarda çiyid səpini həyata keçirilib. Sahələrə əsasən yerli şərait üçün əlverişli sayılan “Gəncə 110”, “Karizma” və “Bəyaz altun” pambıq sortları əkilib. Rayonda fəaliyyət göstərən “MKT İstehsalat Kommersiya” MMC və “P-Aqro” MMC ilə müqavilə bağlayan fermerlər texnika, toxum, gübrə və kimyəvi preparatlarla təmin ediliblər. Yüksək məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki becərmə qaydalarına ardıcıl və düzgün əməl olunub, cərgələrarası becərmələr, alaq otlarına və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri vaxtında aparılıb, bitkilər tələbata uyğun optimal müddətdə mineral gübrə və suvarma suyu ilə təmin edilib. Nəticədə yaxşı çıxış alınıb, barlı kollar yetişib. Bu isə məhsulun bol olacağından xəbər verir.
Rayonda pambıq yığımına 8 ədəd pambıqyığan kombayn, 18 ədəd traktor, 55 ədəd qoşqu, 6 ədəd dərmansəpən traktor və sair texnika və qurğular cəlb edilib. Bütün texnikalar pambıq yığımı üçün hazır vəziyyətə gətirilib. Ötən il 5296,4 ton məhsul toplayan yevlaxlı fermerlər bu il məhsuldarlığı daha da artırmağı qarşıya məqsəd qoyublar.
Zərdab rayonunda da pambıq yığımına başlanılıb və artıq “MKT-İK” MMC-nin rayon filialı 7 tona yaxın “ağ qızıl” qəbul edib. Cari mövsümdə Zərdab rayonu üzrə “MKT İK” MMC ilə 342 istehsalçı arasında 1014 hektar üçün, “P-Aqro” MMC ilə 147 istehsalçı arasında 1250 hektar üçün müqavilə bağlanıb. Rayon üzrə 2264 hektar sahədə pambıq becərilib. Yüksək aqrotexniki qulluq nəticəsində sahələrdə bol məhsul yetişib.
Pambıq yığımına kifayət qədər texnika, 2000 nəfərdən çox işçi qüvvəsi cəlb olunub. Daha çox pambıq əkilən Bəyimli qəsəbə, Körpükənd, İsaqbağı, Şahhüseynli və digər ərazi dairələrində məhsul yığımına ciddi hazırlıqla başlanılıb. “Ağ qızıl”ın yarıdan çoxu pambıqyığan maşınlarla toplanacaq.
Füzuli rayonunun pambıq tarlalarında son becərmə işlərinin aparılması ilə yanaşı, məhsul yığımına hazırlıq da görülür. Qeyd edək ki, bu il 800 hektar sahədə çiyid səpini həyata keçirilib. Pambiq əkinlərinin 500 hektarı “P-Aqro” MMC, 300 hektarı isə “Azərpambıq” MMC ilə müqavilə əsasında becərilib. Yüksək məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki becərmə qaydalarına ardıcıl və düzgün əməl olunub, cərgələrarası becərmələr, alaq otlarına və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri vaxtında aparılıb, bitkilər tələbata uyğun optimal müddətdə mineral gübrə və suvarma suyu ilə təmin edilib.
Artıq sahələrdə becərmə işləri başa çatmaq üzrədir. Pambıqçılar hazırda onun vaxtında və itkisiz yığılmasına hazırlıq işləri görürlər. Rayonda pambıq yığımına 1500 nəfərə yaxın işçi qüvvəsi, həmçinin 10 ədəd pambıqyığan kombayn cəlb ediləcək. Bütün texnikalar, o cümlədən traktor və qoşqular pambıq yığımı üçün hazır vəziyyətə gətirilib. Yaxın günlərdə yığım başlanacaq. Mütəxəssislərin ilkin hesablamalarına görə, bu il Füzulidə 1600 tondan çox “ağ qızıl” istehsalı gözlənilir.
Vurğulanmalıdır ki, yerli əkinçilərlə mütəmadi olaraq pambıq becərilməsi ilə bağlı müzakirələr aparılır, seminarlar keçirilir. Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində də Aqrar Elm və İnnovasiya Mərkəzinin təşkilatçılığı, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun və Beyləqan Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin dəstəyi ilə pambığın intensiv texnologiyalarla becərilməsi ilə bağlı elmi-praktik seminar və tarla günü keçirilib. Seminar Azərbaycanda bölgələrin torpaq-iqlim şəraitinə uyğun pambıq sortlarının seçilməsi, düzgün becərmə texnologiyalarının tətbiqi, eləcə də xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirlərinə həsr olunub. Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Nicat Nəsirli Cocuq Mərcanlı kənd sakinlərinin diqqətinə çatdırıb ki, ötən ildən kənddə əhalinin təcrübə məqsədilə yeddi sortdan ibarət nümayiş əkinləri həyata keçirilib. Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu alimlərinin, Beyləqan Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin həyata keçirdiyi texniki-məsləhət xidməti nəticəsində yerli və xarici sortlardan ibarət sahələrdə yüksək məhsuldarlıq əldə edilib. Becərmə dövründə nümayiş sahələrində dəfələrlə məsləhət saatları keçirilərək kənd fermerlərinin pambıq əkinləri haqda məlumatlılıq səviyyəsi yüksəldilib. Bildirilib ki, növbəti təsərrüfat mövsümündən etibarən elmi-tədqiqat institutlarının, təcrübə stansiyalarınnın dəstəyi ilə Cocuq Mərcanlı kəndində kənd təsərrüfatının digər sahələrinin inkişafı təmin olunacaq.
Cəbrayıl rayon Fermerlər Şurasının sədri Oqtay Həziyev çıxış edərək Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə kəndin sosial-iqtisadi inkişafına göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
Elmi-praktik seminar kəndin pambıq sahələrində davam etdirilib. Beyləqan Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru Mirağa Kazımov, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun şöbə müdirləri Ələddin Tağıyev, Mahirə Vəliyeva aran bölgələrində “Gəncə-182”, “Gəncə-103”, “Gəncə-160”, “Gəncə-78” yerli sortların üstünlükləri haqqında fermerlərə məlumat veriblər. Bildirilib ki, yerli sortlar qısa vegetasiyalı olduğu üçün növbəli əkin sisteminin qurulması, vahid sahədən ildə iki dəfə məhsul əldə olunması üçün əlverişlidir.
Sahə nümayişində fermerlərə yaxınlaşan yığım mövsümü haqqında da məsləhətlər verilib, avqustun sonundan başlayaraq noyabrın ortalarına qədər davam edəcək yığım kampaniyasında planlı iş mexanizminin qurulması haqqında məlumatlandırılıblar.