Rektorun oğulları “Muğanbank” ASC-nin ən böyük səhmdarı oldu – YENİLƏNİB

Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin oğulları “Muğanbank” ASC-nin ən böyük səhmdarı olub.

Bankın səhmdar tərkibi dəyişib. Yeni tərkibə görə, səhmdarlar Samir Vəliyev (40%), Munir Vəliyev (40%), Fəridə Mehdiyeva (10.8928%), Vəfa Vəliyeva (8.3254%) və Elmir Mehdiyevdir (0.7818%). Bildirək ki, Samir və Munir Vəliyevlər Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin oğullarıdır.
Bank səhmdarlarının dəyişməsiylə vətəndaşlara qarşı açılan məhkəmə iddiaları da artıb. Belə ki, qarşıdakı ay ərzində bankın 48 məhkəmə çəkişməsi var. Onlardan biri də bir ailənin evindən çıxarılması ilə bağlı qaldırılmış iddiadır.
Belə ki, Əsədova Elnarə və Əsədov Hacıbabanın yaşadığı mənzildən çıxarılması üçün bank məhkəməyə müraciət edib.

Mənzil mübahisələri, mənzildən istifadə hüququna xitam verilməsi və mənzilə hüquqların itirilmiş hesab edilməsi ilə bağlı bankın qaldırdığı iddiaya hakim Ənnağı Məmmədlinin sədrliyi ilə Salyan Rayon Məhkəməsində baxılacaq.

 

“Muğanbank” ASC-nin səhmdarları dəyişib.
 “Muğanbank” ASC-nin əsas səhmdarı olan Elmir Mehdiyev bankdakı 74%-lik payından yarısını (37%-ni) Munir Vəliyevə, digər yarısını isə Samir Vəliyevə təhvil verib.
Bundan başqa bankın digər səhmdarı Fəridə Mehdiyeva isə öz səhmlərinin 6%-nin yarısını (3%) Munir Vəliyev, digər yarısını isə Samir Vəliyevə (3%) satıb.
Bu ilin əvvəlində “Muğanbank” ASC-nin səhmdarları aşağıdakı kimi olub:
Elmir Mehdiyev (67,74%),
Maqbet Mehdiyev (11,58%),
Vəfa Vəliyeva (10,65%),
Fəridə Mehdiyeva (10,03%).
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 137,5 milyon manat olan “Muğanbank” ASC 1992-ci ildə dövlət qeydiyyatına alınıb.
Bankdakı 74%-lik payını satan Mehdiyev Elmir Maqbet oğlu sabiq millət vəkili, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin kürəkənidir. Səhmlərin 10,65 %-nə nəzarət edən Vəliyeva Vəfa isə Əhməd Vəliyevin qızıdır. Digər 2 səhmdar isə Əhməd Vəliyevin qudaları olub.
Onu da qeyd edək ki, Əhməd Vəliyevin qudası Tibb Universitetinin dosenti, biologiya elmləri namizədi Maqbet Mehdiyev ötən ilin noyabr ayında vəfat edib.
Bankın yeni səhmdarları Munir və Samir Vəliyevlər isə Əhməd Vəliyevin oğlanlarıdır.
Hazırda Əhməd Vəliyev Odlar Yurdu Universitetinin rektoru, böyük oğlu Samir Vəliyev Odlar Yurdu Universitetinin Müşahidə Şurasının sədri, kiçik oğlu Munir Vəliyev isə Odlar Yurdu Universitetinin 1-ci prorektorudur. Onların hər üçü professordur.