“Rusiya – ABŞ, Rusiya – Fransa əks cəbhələri bizə çatanda birləşməyə cəhd edirlər” – Deputat

“Azərbaycan 30 ilə yaxın müddətdə Qarabağ məsələsilə bağlı beynəlxalq səyləri müdafiə etdi, beynəlxalq tərəflərin münaqişənin həlli üçün fəaliyyətinə şərait yaratdı. Bu müddət ərzində Minsk qrupu adlanan platforma Azərbaycana və Ermənistana turist səfərlərindən başqa bir şeylə yadda qalmadı”.

Bu fikirləri  Milli Məclisin deputatı Vüqar İskəndərov Qərbin yenidən ATƏT-in Minsk qrupunu canlandırmaq istəyinə münasibət bildirərkən deyib.

Deputatın sözlərinə görə, Minsk qrupu uzun illər ərzində neytral mövqe göstərməyə çalışsa da münaqişənin həllinə deyil, əksinə dondurulmasına xidmət edib:

“Hələ Ümummilli Lider Heydər Əliyev Minsk qrupunun fəaliyyətilə bağlı bir çox tənqidi fikirlər söyləmişdi. Cənab Prezident İlham Əliyev də dəfələrlə öz çıxışlarında, qrup üzvlərilə görüşlərində onların hərəkətsizliyini diqqətə çatdırmışdı”.

V.İskəndərov qeyd edib ki, 44 günlük Vətən müharibəsilə artıq bu münaqişə öz həllini tapdı. Azərbaycanın Dağlıq Qarabağ problemi yoxdur, tarixə qovuşub. Bununla Minsk qrupu da arxaik status almış oldu:

“Lakin keçmişin səhifələrində qalan bu qurumun dirçəldilməsi üçün son vaxtlar Qərb tərəfindən edilən cəhdləri görürük. Maraqlıdır ki, bir-birilə siyasi müstəvidə əks mövqedə olan ölkələr Azərbaycanla bağlı məsələlərdə nəyə görəsə birləşir. Rusiya – ABŞ, Rusiya – Fransa əks cəbhələri bizə çatanda birləşməyə cəhd edirlər”.

Deputat bu “birliyin” nədən qaynaqlandığını da açıqlayıb:

“Əvvəla, burada xristian faktoru var. Təəssüf ki, tənzimləmə yolunda biz Türkiyəni görə bilmədik, böyük  güclər ona imkan vermədilər. Onlar ərköyün və heç kimə lazım olmayan qulpsuz çamadan rolunu oynayan Ermənistanı bəsləməklə məşğuldurlar. Bu ölkələr öz üzərilərinə beynəlxalq tənzimləmə öhdəçiliyini götürmək istəyirlər”.

Azərbaycanın bu məsələdə mövqeyinin qəti olduğunu vurğulayan V.İskəndərov son olaraq əlavə edib ki, Minsk qrupu artıq tarixin arxivindədir:

“Dağlıq Qarabağ münaqişəsi mövcud deyil. Azərbaycan özü müstəqil siyasət yürütmək iqtidarındadır. Lazım olanda böyük güclərlə masa arxasında diplomatik cəbhədə vuruşur, qalib də gəlir. Bizim heç kimin xüsusi roluna ehtiyacımız yoxdur. Belə cəhdlər əbəsdir, yalnız vaxt itkisidir. Zaman Azərbaycanın xeyirinə, Ermənistanın ziyanına işləyir. Ona görə də qarşı tərəf bunu nəzərə almalı, bölgədə davamlı sülh üçün Azərbaycanın irəli sürdüyü şərtləri qəbul etməlidir”.